Əsas Səhifə > Sosial, Manşet > İQTİDAR DAXİLİNDƏ ƏSƏBLƏR TARIMA ÇƏKİLƏCƏK

İQTİDAR DAXİLİNDƏ ƏSƏBLƏR TARIMA ÇƏKİLƏCƏK


2-10-2012, 09:58
İQTİDAR DAXİLİNDƏ ƏSƏBLƏR TARIMA ÇƏKİLƏCƏK
PREZİDENT SEÇKİLƏRİ ÖNCƏSİ RUSİYA MÖVQELƏRİNİ İTİRMƏK İSTƏMİR

DİA.AZ: - Artıq YAP iqtidarı keçən həftənin ortalarından etibarən başlanan gərginlik anlarını geridə buraxmaq üzərədir. Əslində gözləniləni də bu idi. Çünki hələ də əlində böyük təsir rıçaqları olan Prezident Administrasiyasının şefi Ramiz Mehdiyevin bu şəkildə yenilgisi heç cürə ağlabatan görünmürdü. Olmadı da. Ramiz Mehdiyev Elşad Abdullayevi (və onun arxasında dayanan qüvvələri -red.) öz müstəvisinə çəkərək həlledici zərbəsini vurmuş oldu.

Hər şey bir anın içində dəyişdi. Jurnalistlərin qarşısına keçən ölkənin baş prokuroru «Başlanmış cinayət işi prezidentin nəzarətindədir» deməklə yanaşı, həm də məlum məsələyə münasibət kursunun dəyişikliyini də elan etmiş oldu. Bununla da dünənə qədər Gülər Əhmədovaya qarşı ən sərt ifadələri belə işlətməkdən çəkinməyən hakim partiya təmsilçiləri efirdən yığışdılar.

İstənilən halda, bu şəkildə radikal kurs dəyişikliyi hakim düşərgə üçün fəsadsız ötüşməyəcək. Amma əsas olanı heç də bu deyil. Əsas olanı qarşıdan gələn prezident seçkilərində kimin sözünün birinci olmasındadır.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mənbələr də etiraf edir ki, son olaylar Rusiya yanlılarının mövqelərində kifayət qədər qətiyyətli olmalarını təsdiqləmiş oldu: «Başqa cür ola da bilməzdi. Rusiya əgər qonşu Gürcüstanın şəklinin dəyişməsi üçün milyonlarla pul xərcləyirsə, hətta müharibəyə belə gedirsə, belə bir ərəfədə Kremlin Azərbaycanı rahat-rahat hansısa fərqli qüvvələrin kontrolu altına verməsi nə inandırıcı deyil, nə də gözlənilən».

Məlum videoqalmaqalla bağlı yaranmış gərginliyin Rusiya tərəfindən diqqətlə izlənildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, bu məsələdə qarşı tərəfi də küçümsəmək olmaz: «Əgər məsələlər bu həddə qədər inkişaf etdirilmişdisə, deməli, onlar da zəif deyillər. Sadəcə olaraq, başlatdıqları prosesi uğurlu sonluqla bitirə bilmədilər. Yəni hazırki nəticə müvəqqəti də ola bilər və bu nəticə heç də qarşı tərəfin yenilgisi hesab oluna bilməz».

Bundan sonra da hakimiyyətiçi münasibətlərdə bu kimi əzələ nümayişlərinin cərəyan edəcəyini bildirən mənbəmiz əlavə olaraq onu da vurğuladı ki, qarşıdan gələn prezident seçkilərinə yaxın əsəblərin daha da gərilməsi gözlənilir.

Geri qayıt