Əsas Səhifə > Sosial > KƏMALƏDDİN HEYDƏROVUN GƏLHAGƏLİDİR
KƏMALƏDDİN HEYDƏROVUN GƏLHAGƏLİDİR3-11-2011, 12:31 |
FHN-YƏ QARŞI 70 İDDİA 2010-cu ilin yazında baş vermiş Kür daşqınlarından 17 ay keçməsinə baxmayaraq, hələ də fəlakətin nəticələri tam aradan qaldırılmayıb. Hələ də yüzlərlə insan evinin tikintisini, bərpasını və ədalətli kompensasiya alacağını gözləyir. Aidiyyatı qurumların səxavətindən əl üzən bir sıra insanlar öz haqqına nail olmaq üçün artıq məhkəmələrə müraciət etməyə başlayıblar. Müraciətlər daha çox dəyən ziyanın ödənilməsi tələbi ilə mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə edilir. Son zamanlar məhkəmələrə müraciətlərin sayı xeyli artıb. Bundan narahat olan bəzi rayonların icra hakimiyyətləri isə vətəndaşlara mane olmaq üçün müxtəlif metodlara əl atırlar. Bu barədə verdiyi açıqlamada “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib. O qeyd edib ki, Kür-Araz daşqınlarının təsirinə məruz qalan vətəndaşlar tərəfindən təmsil etdiyi Qərargaha təkcə son bir neçə ayda 400-dən artıq rəsmi müraciət daxil olub; “Biz bütün müraciətləri sistemləşdirərək onları rayonlar üzrə elektron siyahısını tərtib etmişik. Həmin müraciətləri araşdırmaq üçün bölgələrə səfər edib şikayət müəllifləri ilə görüşüb onların evinə və təsərrüfatına baxış keçirmişik. Bu müraciətlərin 165- ni Fövqaladə Hallar Nazirliyinə təqdim etmişik. 70 nəfərin sənədlərini onların müraciəti əsasında məhkəməyə hazırlamışıq və artıq iddia ərizələrinin əksəriyyəti məhkəməyə təqdim edilib. Kür daşqınlarının təsirinə məruz qalan insanların son zamanlar məhkəmələrə müraciətlərinin sayı durmadan artmaqdadır. Bu da onu göstərir ki, insanlar onlara verilən vədlərdən bezərək artıq öz mübarizələrini hüquqi müstəvidə aparılmasını daha üstün hesab edirlər. Amma təəssüflər olsun bəzi rayonlarda yerli İcra Hakimiyyətlərinin göstərişi ilə məhkəmələrə müracət edən insanlara yaşayış yerindən müvafiq arayışların verilməsinə qadağa qoyulub ki, bu da həmin vətəndaşlarınn lazımi sənədləri məhkəmə orqanlarına təqdim etmələri üçün müəyyən problemlər yaradır. Bəzi rayonlarda isə yerli natariuslar “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının vəkillərinə etibarnamə verməkdən imtina edirlər. Natariuslar açıq şəkildə vətəndaşlara bildirirlər ki, vəkillərdən, xüsusən İntiqam Əliyevdən, eləcə də “Kür” Qərargahının sizin hüquqlarınızın müdafiəsindən imtina edin. Təəssüf ki, nə qədər acı olsa da bunlar Azərbaycan reallığıdır. Amma bütün bu maneələrə baxmayaraq insanlar mülkiyyət hüquqlarının bərpası uğrunda mübarizələrini davam etdirirlər. Təkcə noyabr ayında Kür daşqınları ilə bağlı 7 məhkəmə çəkişməsi var və bu sayın artması gözlənilir.” Kür daşqınlarının təsirinə məruz qalmış 70 nəfərin hüquqlarını məhkəmədə müdafiə etdiklərini bildirən Oqtay Gülalıyev qeyd edib ki, hər gün yeni insanlar məhkəmədə onların hüquqlarının müdafiəsi üçün müraciət edirlər və o bunun üçün hazırda 4 vəkillə müqavilə bağladıqlarını bildirib; “Hazırda bizim heç bir layihə dəstəyimiz yoxdur. Bütün işləri öz daxili imkanlarımız hesabına görürük. Vaxtaşırı olaraq bölgələrə səfər edir, monitorinqlərimizi davam etdiririk. İnsanlarla görüşürük. Təsirə məruz qalmış evlərə və təsərrüfatlara baxış keçiririk. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahını ofisi var, saytımız fəaliyyət göstərir. Fəaliyyətimizlə bağlı vaxtaşırı olaraq ictimaiyyətə məlumat veririk. Təbii ki, nə qədər çətin olsa da biz vətəndaş cəmiyyəti institutu olaraq bütün bunları öz daxili imkanlarımızla edirik və fəaliyyətimizi davam etdiririk” Geri qayıt |