Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN MİSİRƏ NOTA VERDİ

AZƏRBAYCAN MİSİRƏ NOTA VERDİ


3-11-2011, 16:04
AZƏRBAYCAN MİSİRƏ NOTA VERDİ

“ƏRƏB BAHARI”NI KEÇMİŞ ÖLKƏNİN ERMƏNİ SEVGİSİ

Azərbaycanın Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyi tərəfindən Misirin “Mobinil” mobil operator şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” ilə rouminq sahəsində əməkdaşlıq etdiyi müəyyən edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu əməkdaşlığın dayandırılması üçün səfirlik tərəfindən Misirin Xarici işlər və Rabitə və İnformasiya texnologiyaları nazirliklərində görüşlər keçirilib və Misir tərəfinə “Mobinil” ilə “Karabakh Telecom” arasında əməkdaşlığın dayandırılması üçün nota ilə müraciət edilib.

Notada Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, “Mobinil”-in “Karabakh Telecom” ilə əməkdaşlığının və Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan respublikamızın telekommunikasiya məkanına müdaxiləsinin Azərbaycan suverenliyi və ərazi bütövlüyünün pozulması olduğu bildirilərək bu əməkdaşlığın dayandırılması üçün lazımı tədbirlərin görülməsi xahiş olunub.

Azərbaycan Respublikasının müraciətinə uyğun olaraq Misir hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində “Mobinil” ilə “Karabakh Telecom” arasındakı əməkdaşlıq dayandırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Misirin başqa bir mobil operatoru olan “Vodafone Egypt”-in “Karabakh Telecom” ilə əməkdaşlığı müəyyən edilib və səfirlik tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində bu əməkdaşlıq da dayandırılıb.


Geri qayıt