Əsas Səhifə > Partiya > ZAUR QURBANLININ NOUTBUKU NİYƏ MÜSADİRƏ OLUNUB?
ZAUR QURBANLININ NOUTBUKU NİYƏ MÜSADİRƏ OLUNUB?5-10-2012, 11:36 |
RATİ ETİRAZ BƏYANATI YAYDI Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) sentyabrın 29-da NİDA Vətəndaş Hərəkatının üzvü, blogger Zaur Qurbanlının faktiki oğurlanılaraq həbs edilməsindən ciddi narahatlıq hissi keçirir və bunu onlayn fəala basqı kimi qiymətləndirir. RATİ Azərbaycan hökumətini ifadə azadlığına təzyiqlərə son qoymağa çağırır. Bu barədə RATİ-dən DİA.AZ-a daxil olan məlumatda deyilir. Bəyanatda bildirilir: “RATİ ehtimal edir ki, Z.Qurbanlı şəxsi bloqunda hakimiyyəti kəskin tənqid etməsinə və NİDA Vətəndaş Hərəkatına yeni üzvlər cəlb etmək üçün hazırladıqları bukletdəki “Mən 2013-də gedərəm...” ifadəsinə görə hakimiyyəti qəzəbinə tuş gəlmiş və nəticədə blogger siyasi sifariş əsasında saxlanılmışdır. Belə ki, Daxili İşlər Nazirliyinin Zaur Qurbanlı həbsi ilə bağlı yaydığı xəbər də RATİ-ni ciddi şəkildə narahat edir. DİN iddia edir ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. O, saxlanılarkən guya polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən sentyabrın 29-da Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb. Saxlanılan zaman blogger vəkillə təmin olunmamışdır. Habelə, Z. Qurbanlının mənzilində və onun əlaqəli olduğu Müsbət Dəyişiklik vətəndaş hərəkatının ofisində qeyri-qanuni axtarış aparılmış, nəticədə Z.Qurbanlıya məxsus noutbuk müsadirə olunmuşdur. RATİ xatırladır ki, bu ittihamlarla adətən Azərbaycan hökuməti ictimai-siyasi fəalları və jurnalistləri şərləyərək həbs edir. Habelə hüquq mühafizə orqanları yerli və beynəlxalq qanunları ciddi şəkildə pozaraq yalnız iki sutkadan sonra Z.Qurbanlının həbsi barədə ictimaiyyətə və qohumlarına məlumat verib. Habelə haqında inzibati həbs seçilməsinə baxmayaraq Z.Qurbanlı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. Xatırladaq ki, həbs olunan şəxslər Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində fiziki təzyiqlərə və işgəncəyə məruz qalmaları ilə bağlı dəfələrlə məlumatlar vermişdirlər. RATİ Azərbaycan hakimiyyətini bloggerlərə və internet fəallarına qarşı təqiblərə son qoymağa çağırır. RATİ xatırladır ki, 23 yaşlı gənc fəal fotoreportyor Mehman Hüseynov da onlayn fəallığına görə saxta xuliqanlıq ittihamı ilə üzləşmişdir. RATİ Azərbaycan hökumətindən Zaur Quliyev və Mehman Hüseynov da daxil olmaqla ifadə azadlığından istifadə etdiklərinə görə saxta ittihamlarla məsuliyyətə cəlb olunmuş bütün şəxslərə qarşı açılmış cinayət işlərinə xitam verməyi tələb edir”. Geri qayıt |