Əsas Səhifə > Partiya > DÖVLƏT ÜÇÜN DİN ƏHƏMİYYƏTİNİ İTİRİBMİ?

DÖVLƏT ÜÇÜN DİN ƏHƏMİYYƏTİNİ İTİRİBMİ?


8-10-2012, 11:07
DÖVLƏT ÜÇÜN DİN ƏHƏMİYYƏTİNİ İTİRİBMİ?
FAZİ MUSTAFA RAFİQ ƏLİYEVİN HƏSRƏTİNİ ÇƏKİR

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bir qrup dindarın oktyabrın 5-i, Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirdiyi hicab aksiyasına münasibət bildirib. O qeyd edib ki, hicab məsələsini islam dininin “olmazsa, olmaz”ı kimi bayraq etmək ciddi problemlər yaradacaq: “Əsas hədəf hicablı-hicabsız bütün övladlarımızın təhsil almasıdır. Hicabı bəhanə edib uşağını məktəbə buraxmayanlar da yanlış yoldadır, hicabı bəhanə edib uşağını məktəbdən uzaq tutanlar da.

Təhsil Nazirliyi qarşısında aksiya nəyi göstərdi? Dinin siyasiləşdirilməsi, hicab etirazını əsas götürərək gərəksiz yerə polisin təxribata çəkilməsi və onlarla gəncin yenə də həbsxana dəhlizlərində əsir-yesir edilməsi... Bu zorakılıqla islam dininin qorxu dini olduğunu iddia edənlərin arqumentlərini gücləndirmirsinizmi? Əldə ağacla etiraz aksiyasına çıxmağın nə mənası? Daha sivil etiraz formalarını axıra qədər istifadə etdinizmi? Bir vaxt imza aksiyası aparıldı. Normal bir addım idi. İnsan hüquqları təşkilatlarına müraciətlərinizi artırın. Ancaq hər hansı şəkildə hicab məsələsini əsas götürərək polislə toqquşmaya getməyin faydasını görə bilmirəm”.

“Media forum” saytına göndərdiyi açıqlamada Fazil Mustafa əlavə edib ki, Azərbaycan təhsilində hicab problemi yoxdur, birbaşa təhsil problemi var: “Azərbaycan məktəblərində sanki təhsil məqsədyönlü şəkildə öldürülüb. Ölkənin üzünü ağardan bir-iki türk məktəbi, türk universiteti qalıb. Onları da bağlasalar, məktəb, universitet vaxt öldürmə yerindən başqa bir şey ifadə etməyəcək. Bununla mən nə konkret nazirliyi, nə onun rəhbərliyini, nə TQDK-nı, nə universitet rəhbərlərini, nə məktəb direktorlarını ittiham edirəm. Bu sferada kifayət qədər işini bilən, vəziyyəti düzəltmək istəyən insanlar var. Söhbət təhsilin məqsədinin yanlışlığından gedir. Ölkədə təhsil siyasəti kökündən dəyişməlidir. Təhsil ideologiyanın təsirindən uzaq tutulmalıdır, daha peşəkar və vicdanlı müəllimlərə, direktorlara müsabiqə yolu ilə uşaqların taleyi etibar edilməlidir. Müəllim bolluğu yerinə az sayda keyfiyyətli müəllimə keyfiyyətli maaş vermək yolunu tutmaq lazımdır.

Eyni addım dinlə bağlı siyasətin tənzimlənməsinə də aiddir. Əvvəllər bu dövlət qurumunun başında müəyyən polemikalara girən, nəzəri biliyə sahib olan, ən azı öz sahəsinin mütəxəssisi olan professor Rafiq Əliyev vardı. Sonradan bu siyasət də dəyişdi və hakimiyyət üçün bu sahə sanki əhəmiyyətini itirməyə başladı. Dövlət-din münasibətlərinin tənzimlənməsi üçün ağlabatan, əsaslandırılmış təkliflərlə çıxış etmək, diskussiyalara qatılmaq, hicab və başqa problemlərin həlli üçün mütərəqqi dindarların görüşlərini qiymətləndirmək hər halda lazımi qabaqlayıcı tədbirlər ola bilərdi”.

Geri qayıt