Əsas Səhifə > Sosial, Manşet > “AZƏRSU” BAYIL SAKİNLƏRİNƏ NİYƏ YALAN DANIŞIB?

“AZƏRSU” BAYIL SAKİNLƏRİNƏ NİYƏ YALAN DANIŞIB?


9-10-2012, 09:53
“AZƏRSU” BAYIL SAKİNLƏRİNƏ NİYƏ YALAN DANIŞIB?
SAKİNLƏR NARAZIDIR: EVLƏRDƏ İSTİ SU ƏVƏZİNƏ, BUXAR GƏLİR

DİA.AZ: - Məlumat verilərək bildirilmişdi ki, oktyabrın 4-də saat 23:00-dan Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətində dayandırılacaq.

“Azərsu”nun verdiyi xəbərə görə, bu, Kür-Bakı magistral su kəmərlərində əsaslı təmir və yeni su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

Xəbərdə həmçinin deyilirdi ki, 5-6 oktyabr tarixlərində Hacıqabul və Bakının Qaradağ rayonlarına, həmçinin paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinə və “20-ci sahə” yaşayış massivinə, Binəqədi rayonunun Xocasən qəsəbəsinə və yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Amma deyəsən, «Azərsu»nun iki günlük xəbərdarlığının ömrü uzanası olub. Hər halda, rəsmi məlumatda adı xatırlanmayan Səbayel rayonunun Bayıl qəsəbəsinin sakinləri bu gün əməlli-başlı su qıtlığı çəkirlər. Hələ «Avroviziya-2012» mahnı yarışmasının tədarükü zamanı olmazın zülmünü çəkən qəsəbə sakinləri yenidən suyun olmaması səbəbindən çilədən çıxıblar.

Bu barədə DİA.AZ-a açıqlama verən bir qrup vətəndaşın sözlərinə görə, evlərinə ya su ümumiyyətlə gəlmir, ya da çox aşağı təzyiqlə verilir: «Bizim elə bir imkanımız yoxdur ki, bahalı qızdırıcılardan istifadə edək. Bütün evlərdə «beş dəqiqəlik» kimi tanınan su qızdırıcılarından istifadə olunur. Suyun təzyiqinin az olması səbəbindən krantdan ancaq buxar gəlir. Təzyiqin azlığı suyu əməlli-başlı qaynatdığından artıq neçə gündür ki, həm qabları soyuq su ilə yumalı oluruq, həm də özümüz soyuq su ilə çimirik. İndii böyüklər başa düşüləndir, uşaqları ki soyuq su ilə yuyundura bilmirik. Buna çarə edən tapılacaqmı?»

Onu da bildirək ki, məsələ ilə əlaqədar «Azərsu»nun telefonlarına zəng etsək də, suallarımıza cavab verən tapılmadı. Qurumun «qaynar xətt»indən isə bildirdilər ki, hələ problem daha bir neçə gün çəkəcək.

Geri qayıt