Əsas Səhifə > Şou-biznes > “HAMI DUA ETSİN Kİ, QƏDİR SAĞALSIN”

“HAMI DUA ETSİN Kİ, QƏDİR SAĞALSIN”


4-11-2011, 15:38
“HAMI DUA ETSİN Kİ, QƏDİR SAĞALSIN”

TANINMIŞ XANƏNDƏNİN HƏYAT YOLDAŞI MÜRACİƏT ETDİ

İstanbulun “Acıbadem” xəstəxanasında koma vəziyyətində olan Azərbaycanın görkəmli muğam ifaçısı, xalq artisti Qədir Rüstəmovun səhhətində dəyişiklik yoxdur.

Bunu APA-ya açıqlamasında hazırda İstanbulda sözügedən xəstəxanada Qədir Rüstəmovun yanında olan xanımı Fatma Rüstəmova deyib. F. Rüstəmova bildirib ki, Q. Rüstəmov komaya düşməmişdən əvvəl Vətənə qayıdan kimi Ağdama getməyi arzu edib: “Qədir deyirdi ki, ayılan kimi birinci Ağdama gedəcək. Orada məktəbinə də getmək istəyirdi. Deyirdi ki, qayıdan kimi muğam müsabiqəsinin iştirakçısı Mustafa ilə birgə konsert verəcək. Onun ifası Qədirin ifasına çox oxşayır. İnşallah, komadan ayılar və bütün arzularını reallaşdırar. Gəlməyə çox tələsirdi. Amma gözlənilmədən komaya düşdü. Oktyabrın 18-də müalicəni qurtarıb otelə qayıtmışdıq. Azərbaycana qayıtmağa hazırlaşırdıq, birdən Qədirin halı pisləşdi və təcili yardım çağırdıq, onu “Acıbadem”ə gətirdilər. Elə o gündən komadadır”.

F. Rüstəmovanın sözlərinə görə, Q. Rüstəmov iki aya yaxın “Acıbadem” Xəstəxanasında müalicə olunub: “Komaya düşməsinə şüa müalicəsi səbəb oldu. Beynində şiş aşkarlandı və şüa müalicəsinə başladılar. Bu müalicə nəticəsində də immuniteti tamamilə zəiflədi. Onsuz da immuniteti zəif idi. Bu hal onu daha da əldən saldı. Heç vaxt təzyiq problemi olmamışdı, müalicə ərəfəsində təzyiqində də problemlər yarandı. Hətta temperaturu da qalxdı. Bunun təsirindən beyin damarında tıxanma yaranıb və əsəb sarsıntısı keçirib. Nəticədə komaya düşüb. Buna şüa müalicəsi səbəb oldu”.

Həyat yoldaşı onu da bildirib ki, həkimlər 15 günə yaxındır ki, komada olan Q. Rüstəmovun ayılması üçün əllərindən gələni edirlər: “Ümid Allahadır, ancaq gözləmək lazımdır. Biz də Tanrıya üz tutub, dua edirik. Əlimizdən başqa heç nə gəlmir. Qoy, hamı dua etsin ki, Qədir sağalsın”.

F. Rüstəmova əlavə edib ki, Qədir Rüstəmov İstanbula prezident İlham Əliyevin göstərişi ilə göndərilib və xəstəxananın bütün xərclərini ödəmək Dövlət Neft Şirkətinə həvalə olunub. F. Rüstəmova Q. Rüstəmovun həmkarlarından xalq artisti Alim Qasımovun iki dəfə xəstəxanaya gəldiyini vurğulayıb. Xalq artistləri Arif Babayev və Qəndab Quliyevanın da tez-tez zəng edib, onun vəziyyəti ilə maraqlandıqlarını deyib.


Geri qayıt