Əsas Səhifə > Sosial, Manşet > BDU REKTORUNUN 120 MİN MANAT BORCU VAR İMİŞ

BDU REKTORUNUN 120 MİN MANAT BORCU VAR İMİŞ


16-10-2012, 10:01
BDU REKTORUNUN 120 MİN MANAT BORCU VAR İMİŞ
BDU REKTORU BU VAXTA QƏDƏR QƏZET ABUNƏSİNDƏN BU QƏDƏR BORCLANIB

DİA.AZ: - Son zamanlar mətbuat yayımı sistemində yaşanılan böhran təbii ki, çap mətbuatına birbaşa olaraq təsir göstərməkdədir. Belə ki, bu gün «Qasid», «Qaya» kimi yayım firmalarının qəzet redaksiyalarına çox ciddi məbləğdə borcları var. Doğrudur, burada daha böhranlı durumda olanı birbaşa şəkildə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun və onun media çətəsinin hədəfinə çevrilmiş «Qasid» mətbuat yayımı firmasıdır. Amma artıq «Qaya» firmasının da anoloji şəkildə çöküşü ssenarisinin işə düşdüyü bildirilir.

Təbii ki, yayım firmalarının qəzet redaksiyalarına borclanmasının nədənləri hər kəsə aydındır. Bir yandan yayım firmalarına məxsus köşklərin Əli Həsənovun yeni qəzet-marketlərinin basqını səbəbindən «plana salınması» və bunun da nəticəsində firma işçilərinin ixtisara salınması və daxil olan gəlirlərin azalması ilə müşayiət olunan proseslər nəhayətdə firmaların qəzet redaksiyalarına külli miqdarda borclanmasına gətirib çıxarır.

Məsələn, bu günlərdə çapını dayandırma təhlükəsi ilə üz-üzə qalan «Azadlıq» qəzetinin «Azərbaycan» Dövlət Nəşriyyatına 15 min manat borcu olduğu halda, aydın oldu ki, deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi «Qasid» mətbuat yayımı firmasının da «Azadlıq» qəzetinə 25 min manata yaxın borcu var. Yəni qəzetlər məhz yayım sahəsindəki böhranın fəsadlarını yaşamaqdadır.

Mətbuat yayımı işində tək nöqsanlı məqam isə heç də «budka»ların plana salınmasından qaynaqlanmır. Elə keçən günlərdə də məlumat verərək bildirmişdik ki, konkret olaraq «Qasid» firmasına Azərbaycan Dövlət Teleradio Şirkətinin külli miqdarda abunə borcu var. Yəni ayrı-ayrı dövlət qurumlarının, idarə və şirkətlərin də yayım firmalarına abunə qəzetlərin müqabilində borclanmaları həmin yayım firmalarının dilini çap mətbuatının, çap mətbuatının isə dilini mətbəələrin qarşısında qısa etməkdədir. Yəni bu proses zəncirvari mahiyyət daşıyır.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, çox ciddi dövlət təşkilatlarının, nüfuzlu şirkətlərin belə bu gün ayrı-ayrı yayım firmalarına böyük miqdarda borcları var. Biz də bu yöndə apardığımız araşdırma nəticəsində çox ilginc faktları aşkara çıxardıq. Məlum olur ki, hətta ali təhsil ocaqlarının da yayım firmalarına borcu yığılıb.

Məsələn, çox etibar etdiyimiz mənbənin bildirdiklərindən belə aydın olur ki, bu gün deputat Abel Məhərrəmovun rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin yayım firmalarından birinə nə az, nə çox, düz 120 min manat həcmində abunə borcu var. Təbii ki, belə bir həcmdə borcun şişirdilməsi son nəticədə qəzet redaksiyalarını böhranlı vəziyyətə salır.

Nəzərə alsaq ki, Abel Məhərrəmovun rəhbərlik etdiyi universitet bu gün ölkədə jurnalist yetişdirən əsas ünvandır, o zaman hörmətli rektor məlum borcu daha tez ödəmək zorundadır. Çünki belə davam edərsə, dövlət qurumlarının borclanaraq çökərtdiyi yayım firmalarının anoloji qaydada zərbə vurduğu qəzet redaksiyaları fəaliyyətlərini dayandıra bilər. Yəni BDU-nun yetişdirdiyi jurnalistlər üçün iş yerləri azalmış olacaq… Hər halda, bu da bir səbəbdir…

Geri qayıt