Əsas Səhifə > Partiya > MİRƏLİOĞLUNUN RƏQİBLƏRİ PARÇALANIR

MİRƏLİOĞLUNUN RƏQİBLƏRİ PARÇALANIR


16-10-2012, 11:44
MİRƏLİOĞLUNUN RƏQİBLƏRİ PARÇALANIR
FRAKSİYA ADINDAN KİM BƏYANAT VERƏ BİLƏR?

“Fikrət Cəfərovun Klassik Xalq Cəbhəsi Partiyasından çıxarılması ilə bağlı fraksiya adından verilən bəyanat növbəti yığıncaqda ciddi müzakirə olunacaq. Fikrət Cəfərov fraksiya adından bəyanat verməklə özbaşınalıq edib. Bəyanatın verilməsi və orada qeyd olunanlar fraksiyanın mövqeyi deyil”.

Bunu APA-ya açıqlamasında KXCP sədrinin müavini, partiyada fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyanın həmtəsisçisi Aydın Mədətoğlu fraksiyanın digər həmtəsisçisi Fikrət Cəfərovun KXCP-dən xaric olunması ilə bağlı qrup adından yayılan bəyanatına münasibət bildirərkən deyib.

A.Mədətoğlu bildirib ki, bu məsələ fraksiyanın digər üzvləri ilə müzakirə olunub və narazılıqla qarşılanıb: “Fraksiyanın həmtəsisçiləri Fikrət Cəfərovun “Demokratik Birlik” adından bəyanat verməsinin əleyhinədirlər. O, özbaşına belə addım atıb. Hətta fraksiyanın həmtəsisçisi Ədalət Yusubov Fikrət Cəfərovla telefonla danışıb və ondan atdığı addımla bağlı izahat istəyib”.

O qeyd edib ki, bəyanatın “Demokratik Birlik” fraksiyasının mövqeyini əks etdirmədiyi haqqında ictimaiyyətə əlavə açıqlama veriləcək: “Yəqin ki, bu bəyanatı hazırlayan Fikrət Cəfərova da ciddi tapşırıq veriləcək. Əvvəlcədən də razılaşdırılıb ki, fraksiya fərdi məsələlərin mübahisə səhnəsi olmamalıdır. Kimin kiminlə nə işi var, öz adından danışsın. Hətta fraksiyanın üzvü belə razılaşdırılmadığı halda qurumun adından danışa bilməz. Fraksiyada bütün qərarlar kollegial şəkildə qəbul olunur”.

Məsələyə Fikrət Cəfərovun mövqeyi isə qısa olub: “Hansısa qurum adından yayılan bəyanat həmin təşkilata aiddir. Bundan başqa bu məsələyə münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, ötən gün Fikrət Cəfərovun partiyadan çıxarılması ilə bağlı KXCP-də fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyası adından bəyanat yayılıb. Bəyanatda KXCP sədri Mirmahmud Mirəlioğlu sərt şəkildə tənqid olunub.

Geri qayıt