Əsas Səhifə > Partiya > AĞAYA MƏKTUB

AĞAYA MƏKTUB


17-09-2011, 13:43
AĞAYA MƏKTUB

BİZİMLƏ BİRLİKDƏ BU YOLA ÇIXMAĞA ÇAĞIRIRAM

Klassik Xalq Cəbhəsi Partiyasının bir müddət əvvəl Azərbaycanda yeni xalq hərəkatının yaranması ilə bağlı müraciətinə daha bir dəstək gəlib. İctimai Palatanın üzvü, 2010-cu il parlament seçkilərində 42 saylı Sumqayıt seçki dairəsindən deputatlığa qeydə alınmış keçmiş namizəd Seyid İbrahim Əhmədzadə bununla bağlı KXCP sədri Mirmahmud Mirəlioğluya açıq məktub ünvanlayıb. Məktub da deyilir:

«Hörmətli Mirmahmud bəy!

Sizin və rəhbərlik etdiyiniz siyasi partiyanın 01 sentyabr 2011-ci il tarixli, Azərbaycanda yeni xalq hərəkatının yaradılması ilə bağlı müraciətinizi, eyni zamanda İctimai Palatadan tanıdığım və hər zaman səmimiliyinə, intellektinə və vətənpərvərliyinə hörmətlə yanaşdığım, deputatlığa keçmiş namizəd Qaya Əliyevin bu çağırışa cavab bəyanatını oxudum. Mən də öz növbəmdə şüurlu həyatım boyu istər son parlament seçkilərində deputatlığa namizəd kimi, istərsə də sadə vətəndaş kimi mövcud hakimiyyətin aqressiyasına, qanunsuzluqlarına və özbaşınalıqlarına məruz qalmış və şahidi olmuş bir şəxs kimi (elə dünən Sumqayıt polisi tərəfindən qanunsuzcasına saxlanılmışdım) KXCP-nin çağırışında qeyd olunmuş, ölkəmizin düşdüyü vəziyyətdən yeganə çıxış yolunun kütləvi xalq hərəkatında olması fikri ilə razılaşır, bu hakimiyyətin qeyri-demokratik siyasəti nəticəsində dövlət həyatından uzaqlaşdırılmış xalqı yenidən hərəkat vasitəsilə
təşkilatlandırıb söz sahibinə çevirməyin qaçılmaz olmasının və Azərbaycan Xalq Cəbhəsi formasında təşkilatlanaraq dövlət müstəqilliyini bərpa etmiş xalqın, bu gün yenidən birləşərək təşkilatlanmalı və hazırkı rejimdən qurtulmalı olmasının əsas çıxış yolu olduğunu düşünürəm. Təbii ki, belə bir çağırışın məhz Mirmahmud ağa kimi sözü və əməli bir olan, səmimi və dürüst bir liderin rəhbərlik etdiyi, Elçibəy və hərəkat ruhunu qoruyub saxlamış bir təşkilat tərəfindən edilməsi bu düşüncəmə olan daxili inamımı daha da artırdı.

KXCP tərəfindən edilmiş çağırışda cəbhəçi əxlaqı, düşüncəsi ilə yaşayan, Azərbaycanda böyük siyasi dəyişikliklər arzulayan insanlara səslənilməsi, bu çağırışa hörmətli dostum, gənc siyasətçi Qaya Əliyevin cavab məktubunda isə Azərbaycanımızın taleyinə biganə qalmayan bütün gənclərə, gənc fəallara və gənc siyasətçi dostlara və əqidədaşlara xitab edilməsi məni də hərəkat istəyi və düşüncəsi ilə yaşayan, Azərbaycanın bu rejimdən qurtuluşu uğrunda mübarizə aparan, Azərbaycanın taleyinə biganə qalmayan bir gənc kimi bu müraciətə etinasız yanaşmağa qoymadı.

Mən də öz növbəmdə bu çağırışı Azərbaycan xalqının söz sahibinə və gücə çevrilərək öz taleyinə, bu gününə və övladlarının gələcəyinə sahib çıxması istiqamətində vətənpərvər insanların səfərbərliyi kimi qəbul edir, sizinlə birlikdə bu yola çıxmağa ,bütün qüvvəmi, imkanlarımı, bacarıq və gənclik enerjimi bu missiyaya həsr etməyə hazır olduğumu bildirərək KXCP-nin sıralarına qoşulduğumu bəyan edirəm.

Eyni zamanda, Azərbaycanımızın iqtidarlı-müxalifətli dirəndiyi bu dalandan yeganə çıxış yolunun kütləvi xalq hərəkatında olduğuna inanan bütün vətəndaşlarımızı bizimlə birlikdə bu yola çıxmağa çağırıram.

Yolumuz açıq olsun!”


Geri qayıt