Əsas Səhifə > Sosial, Manşet > SENSASSİYA: İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV OLUNUR

SENSASSİYA: İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV OLUNUR


17-10-2012, 12:03
SENSASSİYA: İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV OLUNUR
HAKİMİYYƏT QUBERNATORLUQ SİSTEMİNƏ KEÇİD ÜÇÜN TƏDARÜK GÖRÜR

DİA.AZ: - Bu gün Azərbaycanın rayonlarının ayrı-ayrı məmurlar arasında bölüşdürülməsi, yəni kuratorluq sistemi artıq dolayı yollarla rəsmi dairələr tərəfindən də etiraf olunmuş bir faktdır. Elə nəqliyyat naziri Ziya Məmmədovun bu ilin mart ayının 1-də Qubada baş verən hadisələr zamanı narazı sakinlərin qarşısına çıxaraq üzr istəməsi faktı da bir növ kuratorluq sisteminin etirafı idi. Hər halda, Qubada baş verənlərin açıqda nə nəqliyyat nazirliyinə, nə də Ziya Məmmədov şəxsinə heç bir aidiyyatı olmamalı idi. Amma nazir üzr istəməsii ilə bu rayona cavabdeh olduğunu etiraf etmişdi.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, rayonların kuratorluq sistemi ilə idarə olunması rəsmiləşə bilər, daha doğrusu, fərqli formada qanuniləşə bilər. Bu barədə Nazirlər Kabinetindəki qaynağın iddia etdikləri: «Əslində kuratorluq sistemində elə bir qəbahət yoxdur. Sadəcə olaraq, bizdə bu prosesin anormal tərzi hökm sürdüyündən və kuratorların özlərini həmin rayonların padşahı hiss etməsi səbəbindən problemlər ortaya çıxır».

Mənbəmiz bildirir ki, Rusiyada Putinin hakimiyyətə gəlişindən sonra anoloji sistem rəsmən yaradıldı: «Doğrudur, Rusiyada mənzərə tamam fərqlidir. Orada 89 avtonom quruluş var və həmin quruluşların üzərində Rusiyanın vahidliyinin qorunmasını təmin edəcək 7 idarəedici ərazi dairəsi formalaşdı və bu dairələrə prezidentin nümayəndələri rəhbər kimi təyin olundu».

Anoloji sistemin Azərbaycanda da yaradılaağını bildirən mənbəmiz vurğuladı ki, bu bir növ qubernatorluğun yaradılması anlamına gələcək: «Bir neçə rayon bir ərazi vahidində birləşdiriləcək və həmin ərazi vahidlərinə prezidentin nümayəndələri təyin olunacaq. Yerli icra hakimiyyətləri isə ləğv edilib, əvəzində hakimiyyət bələdiyyə sədrlərinə ötürüləcək. Əslində, bu addımın atılması ilə həm də beynəlxalq təşkilatların illərdir səslənən iradlarına cavab verilmiş olacaq».

Mənbəmiz bildirir ki, burada bir neçə maraq təmin edilmiş olur: «Təbii ki, hakimiyyət rayonlarda nəzarətini qoruya bilməsi üçün qubernatorluq sistemini tətbiq etməklə, həm də məmurların kuratorluğunu rəsmiləşdirir. Yəni yenə də əvvəlki kimi hər bir məmura yaxın şəxs onun nəzarəti altında olan rayonları yönəldəcək. Digər ikinci maraq isə, təbii ki, vurğuladığımız məqamdır və burada yerlərdə hakimiyyətin bələdiyyələrə ötürülməsi prosesinə start verilməsidir».

Mənbəmiz onu da əlavə etdi ki, sözügedən proseslərə 2013-cü ilin prezident seçkilərindən sonra start veriləcək: «Bunun üçün müvafiq hüquqi baza hazırlanmalı, qanunlar qəbul edilməlidir».

Geri qayıt