Əsas Səhifə > Şou-biznes > “FAİQ AĞAYEV GÜCLÜ İNSANDIR, BAXMAYARAQ Kİ, BOYU BALACADIR”

“FAİQ AĞAYEV GÜCLÜ İNSANDIR, BAXMAYARAQ Kİ, BOYU BALACADIR”


22-10-2012, 09:36
“FAİQ AĞAYEV GÜCLÜ İNSANDIR, BAXMAYARAQ Kİ, BOYU BALACADIR”
NADİR QAFARZADƏ RƏQİBİNİ TƏRİFLƏDİ

Müğənni Nadir Qafarzadənin Milli.Az-a müsahibəsi.

- Sənətə gəlməzdən əvvəl çətin həyat yaşadığınızı demisiniz. Keçmişə tez-tez baxırsınız, yoxsa artıq şöhrətli həyat unutdurub o acıları?

- Keçmişini unudanın gələcəyi olmaz. Mən ötən günlərimə dönüb tez-tez baxıram. Keçən günlərimdə buraxdığım səhvləri bu gün istəmirəm buraxım.

- Güzgüdə gördüyünüz Nadir daxilinizi əks etdirir, yoxsa üzdə başqa, daxildə başqasız?

- Əslində, belə olmalıdır ki, üzdə necəsənsə daxildə də elə olasan. Amma indi əksinədir, elə insanlara “ikiüzlü” deyirlər. Mən “ikiüzlü” olmaqdan qaçmışam, yaltaqlıq, ikiüzlülük mənlik deyil. Mənim leksikonumda bu söz yoxdur, mən nə düşünürəmsə, onu da deyirəm.

- İlk müsahibənizi xatırlayırsız? Necə və nə vaxt olub?

- İlk müsahibəm 90-cı illərin sonlarına təsadüf edir. O vaxt məndən heç kim müsahibə almırdı,heç kim məni çəkmirdi.

- Necə oldu ki, birdən-birə Nadir Qafarzadə “Əjdaha Nadir”ə çevrildi? Kim qoyub sizə bu adı?

- Bu adı “ATV maqazin” verilişində mənə verdilər. Sual verilmişdi ki, siz hansı təbiətdə yaşayan canlıya bənzəyirsiz? Yadıma gəlir ki, İlhamə xanım demişdi ki, mən şou aləmində pələngəm, İradə xanım demişdi mən dovşanam, mənə də məsləhət gördülər ki, bəlkə əjdaha olasan? Mən də razılaşdım. Ondan sonra çox böyük qalmaqallar yaşandı, indi istəmirəm mənə əjdaha Nadir deyilsin, çünki mən artıq Nadir Qafarzadəyəm.

- İlk qalmaqalınız kim ilə olub?

- İlk qalmaqalım Elariz Məmmədoğlu ilə olub. Ən yadda qalan qalmaqalım isə Faiq Ağayevlə olub. Faiq Ağayevlə olan qalmaqalım tarixə düşəcək bir qalmaqal idi. Səbəbini bilirsiz, bilməyənlərə deyim ki, o vaxt mənə sual verdilər ki, sənə həyatda kim quyu qaza bilər? Mənə quyu qaza bilər Faiq Ağayev deyə cavab vermişdim. Çünki, Faiq Ağayev güclü insandır, baxmayaraq ki, boyu balacadır, cansızdır. Amma çox mübariz insandır və bu böyük qalmaqala səbəb olmuşdu Faiqlə aramda.

- Heç sənətinizə sponsorluq edən olub?

- Sponsorluq etmək istəyən olub. Amma mənə quyu qazanlar o sponsorları öyrədiblər və o insanlar məndən vaz keçiblər, türklər demiş. Mənim yolumu kəsən insana bu gün demək istəyirəm ki, mən uduzmadım, mən bu gün varam və öz gücümə bu yerə çatdım. Əgər bu aləmdə öz gücünə bu sənətə gələn üç müğənni varsa, onlardan birincisi mənəm.

- Sizi şou-biznesdə nə bezdirir?

- Duzsuzluq (gülür). Duz yoxdu bu aləmdə, bayağılıq baş alıb gedir. Çıxırlar müğənnilər xalqa vədlər verirlər, amma ortada heç nə yox. Onlara demək istəyirəm ki, arxı keçməmişdən hop deməyin, ay şou əhli. Hər kəs tək öz ailəsini saxlayanda, məşhurların çoxusu niyə bütün nəsili saxlayır? Bu onların öhdəsinə düşən borcdur, yoxsa nə? Allah heç kimi heç kimə möhtac etməsin. Mən nəinki ailəmi və nəslimi, hətta yad olan bəzi ailələri də saxlayıram, kömək edirəm.

- İndi çox müğənnilər aparıcılıq edir. Siz heç özünüzü aparıcı kimi sınamısınız? Nadir Qafarzadədə bu alınar?

- Aparıcılıq etmək istərdim. Amma mən sərbəst danışığı sevirəm, mənə "tekst" verilsin ki, bunu danış, bunu edə bilmərəm.

- Nadir Qafarzadə əsl “şou adamıdır”?

- Əslində, mənim repertuarımda mahnıların çoxu klassik mahnılardır, şou xarakterli mahnılar azdır, amma şou xətrinə yazdırdığım mahnılar da var. Bəlkə mənim müsahibələrim şou xarakterli gəlir insanlara? Bu ola bilər, amma onu da deyim ki, mən nə danışıramsa, bu, düşünülmüş olmur, həmin an ağlıma gəlir və deyirəm. Əgər bu, şoudusa, deməli, mən şou adamıyam.

- Rusiya, yoxsa Türkiyə şou-biznesi? Hansına qoşulmaq daha çətindir?

- Heç biri, əsas səs və istedad deyil, əsas olan puldur, paradır. Əgər sən rus, türk və dünya şou-biznesinə qoşulmaq istəyirsənsə, sənə milyonlar qoyulmalıdır, yoxsa sən orda sürünəcəksən, mən də sürünməkdənsə, elə öz vətənimdə şahlara laiq yaşamağı seçirəm.

Geri qayıt