Əsas Səhifə > Şou-biznes > “YƏQİN Kİ, GƏLƏCƏKDƏ PEŞƏMİ DƏYİŞİB”...

“YƏQİN Kİ, GƏLƏCƏKDƏ PEŞƏMİ DƏYİŞİB”...


24-10-2012, 12:06
“YƏQİN Kİ, GƏLƏCƏKDƏ PEŞƏMİ DƏYİŞİB”...
...“ELƏ HƏKİM OLACAĞAM”

Aktyor Elçin İmanov “Həkimlər” serialında çəkilir.

“Həkimlər” serialının çəkilişlərinin hazırlıqları uzun müddətdir getməsinə baxmayaraq, serial avqust ayından çəkilməyə başlayıb. Serialın rejissoru ZZ prodakşının yaradıcısı və rəhbəri Şahin Zəkizadə, ssenari müəllifi isə Kəmalə Qasımovadır. Serialda Nurəddin Mehdixanlı, Mehriban Xanlarova, Mələk Abbaszadə, Vəfa Zeynalova, Elçin İmanov, Aydan Axundova, Dilarə Fərəcullayeva, Manaf Dadaşov, Elçin Məmmədov və s. aktyor və aktrisalar çəkilir.

Musiqili Komediya Teatrının aktyoru Elçin İmanov serildakı rolu haqqında təəssüratlarını Milli.Az-ın oxucuları ilə bölüşüb:

“Serialın adı artıq öz-özünə mövzusu haqqında xəbər verir. Serialın mövzusu həkimlərin həyatından, həkimlik peşəsinin çətinliyindən, məsuliyyətdən və ən əsası onların real həyatda yaşantılarından bəhs edir. Aydın məsələdir ki, hər bir peşənin öz çətinlikləri var. Amma həkimlik və müəllimlik peşəsi ən çətin peşədir desəm, yanılmaram. Hansısa dahi deyib ki, bir milləti məhv etmək üçün onun həkim və müəllimləri savadsız olsa, bəsdi. Bu sözdə böyük hikmət var. Bu, həqiqətən də, belədir. Yəni, bu həkimlik sənətinin nə qədər çətin və məsuliyyətli olmağından xəbər verir.

Mənim canlandırdığım rol Sabir obrazıdır. Sabir hərtərəfli dünya görüşünə malik, mehriban, qayğıkeş həkimdir. Məncə, bütün həkimlər belədirlər (gülür). Rol çox xoşuma gəldi, ümumiyyətlə, bu, artıq 2-ci serialdır ki, həkim rolunu oynayıram. Yəqin ki, gələcəkdə peşəmi dəyişib elə həkim olacağam (gülür)”.

Geri qayıt