Əsas Səhifə > Sosial, Manşet > BƏLƏDİYYƏ SƏDRİ KƏNDİ DƏDƏ MALI KİMİ SATIR

BƏLƏDİYYƏ SƏDRİ KƏNDİ DƏDƏ MALI KİMİ SATIR


24-10-2012, 12:30
BƏLƏDİYYƏ SƏDRİ KƏNDİ DƏDƏ MALI KİMİ SATIR
İTTİHAMLARIN QARŞILIĞNDA “BAŞÇI BİZİ ARTIQ BARIŞDIRIB” CAVABINI VERDİ

DİA.AZ: - Ötən günlərdə yerli mətbuatda Cəlilabad rayon Muğan kənd Bələdiyyəsinin özbaşınalıqlarından bəhs edən araşdırma materiallar dərc olunmuşdu. Kənd sakinləri bu dəfə DİA.AZ-a bizə müraciət ediblər.

Bəs bu dəfə şikayətə səbəb nədir? Şikayətçilərdən biri, Muğan kənd sakini Vasif Əlihüseynovla görüşdük və həmsöhbət olduq. Görüşdə onun şikayətinə həm də kənd sakinləri Oqtay Əlihüseyinov, Elçin Dövlətov, Elnur Dövlətov və Ramal Abbasov da dəstək verdilər. Bildilər ki, Cəlilabad rayon Muğan kənd bələdiyyəsinin sədri Eldəniz Novruzovun vəzifəsindən sui-istifadə etməsi nəticəsində əhali narazı salınmaqdadır. Zülm ərşə dirənib:

- Bələdiyyə sədri kəndi öz dədəsinin malı kimi çalıb- talayır. Bir sözlə, ёBağdatda kor xəlifə...”, Muğan kəndində isə bələdiyyə sədri Eldəniz Novruzov ağalıq edir. O, 2011-ci ildən saxtakarlıq yolu ilə Cəlilabad rayon Muğan kəndinə bələdiyyə sədri təyin olunub. Seçilməyib... Novruzov Eldəniz Eldar oğlu vəzifəsindən sui-istifadə edərək kəndimizin mal qarası üçün ayrılmış otlaq sahələrini köhnə illərin sənədləri ilə saxta yolarla kənar şəxslərə həyətyanı sahə kimi satıb dağıdır. Bundan əlavə, kəndimiz üçün nəzərdə tutulan ehtiyat qəbiristanlıq torpaqlarını isə kənd sakini Taleh Sadıqov adlı şəxsə 2500 manata satıb, pulunu mənimsəyib. Gözü doymayan bələdiyyə sədri indi də 18-20-ci əsrlərdə Cəlilabad rayonun indiki Söyüdlü kəndinin (Sovetlər dövründə Naftuluğ kəndi kimi tanınmış ərazidə) Rus-Malakan qəbirstanlığındakı məzar daşlarını özünə münasib adamların əli ilə dağıtdıraraq məhəllələrdəki bəzi dərin cala-çuxurlara tökdürür, bununla da qəbirstanlığı dağıdıb məhv etmək niyyətindədir.

Bələdiyyə sədri etnik münaqişənin yaranmasını istəyir?

Məsələ ilə bağlı Muğan kəndində deyilən ərazidə oldum və elə burada da digər şikayətçilərlə görüşüb bir çox məsələlərlə bağlı kənd sakini Ramal Abbasova bəzi suallara cavab verməsini istədim:

- Bələdiyyə sədri rus-malakan qəbirstanlığını dağıtmaqla nə demək istəyir?

- Eldəniz Novruzov qatı etnik milliyətçidir, məqsədi də dinlər arsında münaqişə yaratmaqdır. Onu da əlavə edim ki, kəndimizin bələdiyyə sədrinin türk millətini görən gözü yoxdur. Bundan başqa, qədim Muğan tayfalarının yaşayış məskəni olan Sarıqaya, Ağbulaq və tarixdə ёQuru dərə” kimi adlanan qədim türk ərazilərin torpağını və qumunu isə gecə saatlarında ekskovatorlarla qazdırıb ёKamAz”larla satdırır. Bu tarixi yerlərin dağıdılmasına maneə törətdiyimiz üçün rahat şəkildə qazıntı apara bilmədiyindən Maşlıq və Uzuntəpə kəndlərinin arasında yerləşən Böyük su kanalının dayaq torpaqlarını da satmağa əl atıb.

***

Kənd sakinləri bildirir ki, Bələdiyyə sədrinin dağıtdığı tarixi ərazilərdə çoxlu sayda mis pullar, insan sümükləri və başdaşları qazıntılar zamanı çıxmışdır.

Şikayətçi Ramal Abbasov və Elnur Dadaşovla söhbət zamanı onu da öyrəndim ki, bələdiyyə sədri Eldəniz Novruzov onları hədələyir:

- Deyir ki, siz mənim işimə çox qarışırsınız, siz elə etməyin ki, sizin cibinizə narkotik maddə atdırıb tutdurum... Ya da ki, həyətinizə silah-sursat qoysunlar...

Şikayətçilər onu da əlavə etdilər ki, Bələdiyyə sədrinin etdiyi qanunsuz əməllərlə bağlı çəkdiyimiz video-lent yazılarını lazım gələrsə aidiyyəti dövlət orqanlarına təqdim edə bilərik. Görsünlər ki, bu şəxs hansı işlərlə məşğuldur. Kəndi gecə saatlarında necə dağıdır, bu barədə bizdə videokadrlar var, onun çirkin əməllərini ifşa etməyə hazırıq...

Bələdiyyə sədri hərbi xidmətdən yayınıb?

Şikayətçilərlə həmsöhbət olduğumuz zaman onu da nəzərimizə çatdırdılar ki, Bələdiyyə sədri Eldəniz Novruzov hərbi xidmətdən yayınıb:

- O, 1993-cü illərdə Vətənimizin ağır günlərində hərbi xidmətdən boyun qaçırmış və fərarilik etmişdir. Bir müddətdən sonra isə güya hansısa özəl universitetdə təhsil almasını bildirsə də sonradan bizlərə məlum oldu ki, Eldəniz Novruzovun diplomu saxtadır, başqa şəxsin adına olduğu da deyilir. Bizə görə o, ABU-nun sənədini ələ keçirib...

Bu və ya digər məsələlərlə əlaqədar Muğan kənd Bələdiyyəsinin sədri Eldəniz Novruzovla görüşmək isdədim, lakin yerində tapa bilmədim. Bildirdilər ki, bələdiyyə sədri məhkəməyə gedib. Sonra onun mobil telefonu ilə əlaqə saxladım. Eldəniz Novruzovdan məsələyə aydınlıq gətirməyini istədim. Bələdiyyə sədrinin acıqlı söhbəti kəsə oldu:

- Mən Vasif Əlhüseyinlini məhkəməyə vermişəm. O, mənim şərəf və ləyaqətimi təhqir edib. Guya mənim anam narkotiklə məşğuldu, anamı vaxtilə narkotiklə tutublar və həbs ediblər. Bu haqda mətbuatda dərc etdirib. Digər məsələlərə gəldikdə isə məndən şikayət edənlərin öz şəxsi maraqları var, buyurun baxın, görün mən ehtiyat qəbirstanlığını kimə satmışam? Satmışamsa, niyə həmin ərazi əkilməyib? Düzdür, məndən əvvəlki bələdiyyə sədri 1200 manata icarəyə vermişdi, indi isə mənim dövrümdə kimsəyə içarəyə verilməyib....

Rus-Malakan qəbirstanlığının dağıdılmağına gəldikdə isə bələdiyyə sədri bildirdi ki, bizim kənddə belə bir qəbirstanlığın olmasından xəbərsizəm, əgər varsa, həmin əraziyə baş çəkərəm... O, bundan əlavə, ona qarşı irəli sürülən ittihamlarla razılaşmadı. Əksinə, şikayətçi Ramal Abbasovun 65 hektar torpaq vergisindən yayınması və onun barəsində məhkəməyə müraciət etdiyini bildirdi.

Sonda Bələdiyyə sədri qeyd etdi ki, “Artıq şikayətçilərlə mənim aramda bundan sonra mübahisəli fikirlər yaranmayaçaq. Çünki Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı məni şikayətçilərlə barışdırıb...”.

Təki həmişə şikayətnamələrin sonu beləcə sülhlə bitsin.

Səlim

Geri qayıt