Əsas Səhifə > Partiya > BAHAR MURADOVA HANSI SÖZÜNÜ TUTMUR?

BAHAR MURADOVA HANSI SÖZÜNÜ TUTMUR?


29-10-2012, 09:45
BAHAR MURADOVA HANSI SÖZÜNÜ TUTMUR?
“SABAH İSTİFADƏ EDİB DEMƏSİNLƏR Kİ”...

İqtidarla “milli-demokratik və aparıcı” adlandırılan müxalifət arasında 2013 və 2015-ci il seçkiləri ilə bağlı gizli anlaşma əldə olunması ilə bağlı həmin düşərgəyə aid mediada fikirlərin səslənməsinin özü müxalifət düşərgəsinin nə qədər acınacaqlı bir durumda olduğunu göstəricisidir.

Bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini və Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Bahar Muradova müxalif mediada aparıcı müxalifətin 2013-cü ilin prezident seçkilərində hakimiyyətə legitimliklə bağlı məsələdə problem yaratmayacağı təqdirdə, 2015-ci ilin parlament seçkiləri ilə əlaqədar həmin qüvvəyə güzəştə gediləcəyi, onların tələb etdikləri bir sıra seçki islahatlarının aparılacağı yönündə anlaşma əldə olunması haqda gedən məlumatlara münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, bu, bütövlükdə onların gücsüzlüyünü ifadə edir: “Çünki bu “analitik”lər real vəziyyəti, gedən ictimai-siyasi prosesləri obyektiv olaraq dəyərləndirərək, bundan nəticə çıxarmaq, buna uyğun hərəkət etməkdənsə, sadəcə, nə vaxtsa kiminsə iradəsinə uyğun olaraq hansısa bir hadisənin baş verəcəyini, kiminsə qərarı ilə vəziyyətin onların xeyrinə dəyişəcəyi barədə “proqnoz”lar verirlər və bu “proqnoz”ların reallaşacağına ümid edirlər. Bu, düzgün deyil və düşünürəm ki, onların bu günə qədər ki, uğursuzluğunun da əsas səbəbi budur. Çünki gücü olan, özünə arxayın olan söyləyir ki, bəli, mən yarışa qoşulacağam, öz səylərimi ortaya qoyacağam və bu gücün də müqabilində lazımı yeri tutacağam, lazımi qədər mandatı alacağam. Yəni o gücə adekvat olan mandatı alacağam və bunu söyləyib, buna da gedir.

Bir də axı, iqtidar onu kimə deyib, iqtidar kimlə o söhbəti eləyib ki, indi o açıqlamanı yayıblar? Yəni, 2013-də nə olacaq, 2015-də nə olacaq... 2013-də prezident seçkiləri olacaq. Kim bu seçkilərə özünü hazır bilirsə, indidən hazırlaşsın, qoşulsun. 2015-də də parlament seçkiləri olacaq. Yenə də kim hazırdırsa, seçkilərə qoşulsun və mübarizə aparsın”.

Seçki islahatlarına gəlincə, MM sədrinin müavininin bildirdiyinə görə, qanunvericilik də mütəhərrik bir prosesdir:

“Mənim də sözümdən sabah istifadə edib deməsinlər ki, Bahar Muradova dedi ki, seçki qanunvericiliyi dəyişə bilər. Keçən hər gün həm qanunlara, həm həyatımıza öz dəyişikliklərini diqtə edir və biz bunu nəzərə almalıyıq. Seçki qanunvericiliyi də hər seçkiqabağı və ümumiyyətlə, proses ərzində dəyişikliklərə və əlavələrə məruz qalıb. İstər texniki cəhətdən, istər digər cəhətdən bu dəyişikliklər edilib.

Bununla belə, seçki təcrübəmiz artdıqca, işi daha yaxşı təşkil etmək üçün təkliflərimiz də artır və mövqelərimiz də müəyyənləşir. İstisna etmirəm ki, 2013-cü il seçkiləri, 2015-ci il seçkiləri ərəfəsində də Seçki Məcəlləsinə hansısa xırda dəyişikliklər ola bilər. Ancaq bu, o demək deyil ki, proporsional seçki sistemi bərpa olunacaq və yaxud da Milli Məclis üzvlərinin sayının artırılması ilə bağlı qərar qəbul olunacaq.

Bu gün heç kim bunu tam şəkildə söyləyə bilməz və söyləməməlidir. O ki qaldı kimlərinsə öz otağında oturub öz təxəyyülünün məhsulunu reallıq , iqtidarın siyasəti kimi qələmə verməsinə, bütün bunlar yanlışdır”.

Geri qayıt