Əsas Səhifə > Partiya > GÜLƏR ƏHMƏDOVANI YAP-DAN KİM QOVACAQ?

GÜLƏR ƏHMƏDOVANI YAP-DAN KİM QOVACAQ?


31-10-2012, 11:52
GÜLƏR ƏHMƏDOVANI YAP-DAN KİM QOVACAQ?
BDU TƏŞKİLATI “MƏSƏLƏYƏ BAXILACAQ” DEDİ

“Sabiq deputat Gülər Əhmədovanın məlum rüşvət qalmaqalından sonra üzvü olduğu Yeni Azərbaycan Partiyasından çıxarılıb-çıxarılmaması məsələsi partiyada müzakirə olunacaq”. Bu sözləri Modern.az saytına Gülər Əhmədovanın üzvü olduğu YAP-ın Bakı Dövlət Universiteti üzrə ərazi təşkilatının sədri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev deyib. Təşkilat sədri uzun müddətdir mətbuatda müzakirə edilən məsələyə Baş Prokurorluqda açılan cinayət işi başa çatandan sonra son qoyulacağını bildirib.

“Bizim təşkilatda Gülər Əhmədova ilə bağlı məsələyə cinayət işi başa çatandan sonra baxılacaq. Təbii ki, biz onun partiyadan çıxarılıb-çıxarılmaması məsələsini mütləq müzakirə edəcəyik. Bu millətin, dövlətin problemidir. Məhkəmə qərarın versin qutarsın və yaxud son nəticə açıqlansın, ondan sonra Gülər Əhmədovanın partiya məsələsi gündəyilə gətiriləcək”, - deyə İsmayıl Əliyev vurğulayıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov APA-ya dünənki açıqlamasında eks-deputatın partiyadan çıxarılmasına yalnız Gülər Əhmədovanın üzvü olduğu BDU üzrə ərazi təşkilatının təqdimatından sonra baxıla biləcəyini deyib.

Xatırladaq ki, 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş G.Əhmədova məlum videoqalmaqalı ilə bağlı müraciətindən sonra MSK tərəfindən deputatı mandatından məhrum edib.

Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb və G.Əhmədova bir müddət əvvəl faktla bağlı istintaqa cəlb olunaraq dindirilib.

Geri qayıt