Əsas Səhifə > Sosial, Manşet > XAÇMAZDA «2-Cİ HACI MƏMMƏDOV BANDASI» VAR

XAÇMAZDA «2-Cİ HACI MƏMMƏDOV BANDASI» VAR


1-11-2012, 09:57
XAÇMAZDA «2-Cİ HACI MƏMMƏDOV BANDASI» VAR
APARILAN ARAŞDIRMALAR ŞƏMSƏDDİN XANBABAYEVİ BİTİRƏ BİLƏR

DİA.AZ: - İki gün əvvəl məlumat verərək bildirmişdik ki, bir neçə rayonun icra başçısının vəzifələrindən azad edilməsi planlaşdırılır. Bildirək ki, vəzifələrini itirən icra başçılarının böyük əksəriyyətinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın kadrlar olduqları da iddia olunur ki, buradan da hakimiyyətin PA şefi ilə vidaya tədarük görməsi qənaəti ortaya çıxır.

DİA.AZ-ın Nazirlər Kabinetindəki qaynaqlardan əldə etdiyi məlumatlara görə, icra başçılarının növbəti «yarpaq tökümü» sezonunda 10 rayonun rəhbərinin çıxarılması nəzərdə tutulub: «Həmin rayonların əksəriyyətin hazırda ciddi yoxlama işləri həyata keçirilir. Və bu təftişlərdə birbaşa olaraqhədəfə alınanı məhz icra başçılarıdır. Onların arasında Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev də var».

Xatırladaq ki, Şəmsəddin Xanbabayev birbaşa olaraq Ramiz Mehdiyevin kadrıdır və ünvanına səslənən ittihamlarla iki sahibkarın qətlində maraqlı tərəf kimi göstərilən Şəmsəddin Xanbabayev bu günə kimi məhz PA rəhbərinin hökmü ilə həm məsuliyyətdən kənarda qalmağı və həm də vəzifəsini qoruyub saxlamağı bacarmışdı.

Redaksiyamıza daxil olan son məlumatlarda isə bildirilir ki, artıq Xaçmaz bazarının mərhum sahibəsi Nəcimə Babayevanın qətli ilə əlaqədar ciddi araşdırmalar başlayıb. Qeyd edək ki, uzun müddət mərhum sahibkarın övladları analarının qətlində Şəmsəddin Xanbabayevin maraqlı olduğunu iddia edərək, mətbuata açıqlamalar versələr də, sonradan mərhumənin daha bir övladının müəmmalı şəkildə ölümü nəhayətdə ailənin geri çəkilməsilə müşaiyət olunmuşdu.

İndi hətta bu iki ölüm faktının birdən araşdırıldığını bildirən mənbəmiz vurğuladı ki, əgər bu məsələdə qətiyyət nümayiş etdirilərsə, Xaçmazda böyük bir quldur şəbəkəsi də ifşa olunmuş olacaq: «Həmin şəbəkənin ayağında daha dəhşətli cinayətlər var və bu barədə Xaçmazda hər kəs məlumatlıdır. Hətta bəzi əlamətlərinə görə, həmin şəbəkəni «2-ci Hacı Məmmədov bandası» da adlandırırlar».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt