Əsas Səhifə > Sosial, Manşet > KOMMUNAL KORRUPSİYA

KOMMUNAL KORRUPSİYA


10-11-2011, 11:51
KOMMUNAL KORRUPSİYA

"AZƏRSU" ASC, "AZƏRİQAZ" SC, "BAKIELEKTRİKŞƏBƏKƏ" MMC-NİN ORTAQ MAXİNASİYALARI

DİA.AZ: - Paytaxtın kommunal xidmət sektorunda, konkret olaraq əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatında çox ciddi problemlər yaşanır. İndi Bakıda sudan, qazdan, işıqdan şikayətlənməyən tapmaq çətindir. Müvafiq qurumlar istehlakçılara fasiləsizlik, təhlükəsizlik, keyfiyyət kimi üç meyar əsasında xidmət göstərməlidir. Halbuki bu gün qurumların heç birinin xidməti bu tələblərə cavab vermir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 8-ci maddəsinə əsasən, vətəndaşlarla onlara xidmət edən qurumlar arasında müqavilə bağlanmalıdır. Bundan əlavə, dövlət başçısının fərmanı ilə Nazirlər Kabinetinə elektrik enerjisindən, su və təbii qazdan istifadə qaydalarına uyğun olaraq müqavilə formalaranın hazırlanması tapşırılıb. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 sayli qərarı ilə yeni "Qazdan İstifadə qaydaları" təsdiqlənib. Lakin müxtəlif qanunların olmasına baxmayaraq, istehlakçılarla bağlanan müqavilələr qeyri-şəffafdır. Bu da Azərbaycanda daha bir qanunvericilik aktına qarşı sayğısız yanaşmanın nümunəsidir.

Təbii inhisarçı qurumlar hesab olunan "Azərsu" ASC, "Azəriqaz" SC, "Bakıelektrikşəbəkə" MMC birmənalı olaraq istehlakçılarla müqavilə bağlamır. Bağlanan müqavilələr isə birtərəfli tərtib edildiyindən, istehlakçının yalnız öhdəlikləri göstərilir. Nəticədə qaz sızması nəticəsində baş verən partlayışlar və ya elektrik enerjisinin mütəmadi artıb-azalması nəticəsində sıradan çıxan məişət texnikalarına görə heç kim məsuliyyət daşımır. Eyni zamanda xidmətə görə pul ödəyən vətəndaşların mənzillərinə az təzyiqli qazın verilməsi, suyun kəsilməsi, işığın sönməsi də istehlakçı hüquqlarının pozulması deməkdir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, kommunal xidmət sahəsində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz təsərrüfat fəaliyyətlərini elə qurmalıdır ki, istehlakçını fasiləsiz, təhlükəsiz və keyfiyyətli xidmət və ya enerji ilə təmin etsin. Qanunun bu maddəsinin tələbinə hələ də tam riayət olunmur. Həmin qurumlar istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz xidmətlə təmin etməyə, əks təqdirdə, onlara dəyən maddi və mənəvi zərəri ödəməyə borcludur. Bu qanunun tələbidir. Lakin təcrübədə bir az axsamalar var. Müstəqil medianın və QHT-lərin ardıcıl təzyiqindən sonra hər üç qurum müqavilə bağlamağa başladı. Lakin onların istehlakçılara təqdim etdikləri müqavilənin şərtləri birtərəfli tərtib olunur. Əksər hallarda inhisarçı qurumların mənafeləri qorunur, lakin həmin müqavilənin şərtləri istehlakçının öz hüquqlarını qorumasına imkan vermir. Halbuki, edirik ki, sənəddə müqavilənin mahiyyəti, fasiləsiz, təhlükəsiz və keyfiyyətli xidmətlə təminat, borc bildirişlərinin təqdim edilməsi, balans mənsubiyyəti daxilində qurğuların, avadanlıqların, kommunikasiya xətlərinin və s. yararlığının təminatı, yol verilmiş pozuntu barədə sənədləşdirmədə istehlakçının iştirakının təminatı, habelə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət, bu zaman müxtəlif mübarizə yolları göstərilməlidir.

Mövcud müqavilələr istehlakçıların tələblərinə cavab vermir, tərəflər arasında tarazlığı pozur ki, nəticədə qeyri-bərabər vəziyyət yaranır. Hazırda kommunal sahədə istehlakçıların yalnız vəzifələr daşımağının əks olunduğu bir müqavilə mövcuddur. Hazırki müqavilələrdə keyfiyyətsiz xidmət göstərildikdə tariflərin hansı formada müəyyənləşdirilməli olması da sənəddə əksini tapmayıb. Hansı hallarda təchizatın dayandırılması halları da nəzərə alınmayıb, olanlar da təchizatçının xeyrinə hesablanmış qaydalardır. Bütün bunların qarşısının alınması üçünsə müqavilələrin mükəmməl olması və hər iki tərəfin maraqlarına xidmət etməsi vacibdir. Ona görə də bu sənədin konsepsiyasını dəyişmək, Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərəflərin müqavilə azadlığını, eyni zamanda, qarşılıqlı hüquq və vəzifələrinin daşınmasında tarazlığın təmin edilməsi ilə bağlı yeni müqavilə layihələri hazırlaq lazımdır.


Geri qayıt