Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT İÇİNDƏKİ SON DÖYÜŞDƏ HEÇ-HEÇƏ

HAKİMİYYƏT İÇİNDƏKİ SON DÖYÜŞDƏ HEÇ-HEÇƏ


1-11-2012, 12:23
HAKİMİYYƏT İÇİNDƏKİ SON DÖYÜŞDƏ HEÇ-HEÇƏ
BU ŞANS SIFIRA BƏRABƏRDİR: «DEDOVŞİNA» TƏNƏZZÜL EDƏCƏKMİ?

DİA.AZ: - Mərhum prezident Heydər Əliyevin dünyasını dəyişməsindən sonra iqtidar sükanını ələ alan İlham Əliyev ilk günlərdəncə özünə yeni komanda qurmaq istəyini ortaya qoydu. Doğrudur, İlham Əliyev hakimiyyətinin ilk günlərindən prezident postunun nə qədər ağır bir vəzifə olduğunu da aşkar surətdə etiraf etdi. Elə bu qənaəti sonradan baş verənlər, İlham Əliyevin yürütdüyü siyasətə qarşı böyük bir basqıların olması faktları da bir daha təsdiqlədi.

Burada söhbət təbii ki, hələ də hakimiyyətdəki mövqelərindən vaz keçmək istəməyən və hər türlü yeniliyə qarşı olan köhnə eşalondan - qocalardan gedir. Onların kürsülərindən ikiəlli yapışmaları YAP iqtidarının «dedovşina» ömrünün uzanması ilə müşaiyət olunmaqdadır.

Amma son olaylar göstərdi ki, artıq bu yöndə ciddi addımların atılması qərarı verilib və bu qərarın arxasında qətiyyətli israr dayanmaqdadır. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı səs-küyün başlıca hədəfinin məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun timsalında köhnə eşalonun olması artıq təkzibolunmaz fakt əhəmiyyətinə gəlib. Elə bu olay boyunca hakimiyyət daxilində ikiləşmə mühitinin müşahidə olunması da deyilənlərin sübutu kimi təqdim oluna bilər.

Diqqət yetirin, bir yandan hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi Elşad Abdullayevlə bazarlıq edən Gülər Əhmədovanı dələduzluqda ittiham edirlər və bu da konkret cinayət məsuliyyəti tələb edir, digər yandan isə Gülər Əhmədovanın istintaqa şahid qismində cəlb olunmasının şahidi oluruq. Halbuki hər kəs Elşad Abdullayevin qardaşının itkin düşməsi ilə bağlı faktla yanaşı, həm də Elşad Abdullayevin açıqladığı videomaterial əsasında ayrıca olaraq cinayət işinin açılmasını gözləyirdi. Çünki burada söhbət təkcə Elşad Abdullayevin öz qardaşını geri gətirə bilməsi üçün apardığı bazarlıqdan getmir. Həm də ortada Milli Məclisin mandatı naminə qurulan bazar söhbətlərindən gedir.

Eyni zamanda bir yandan basqı altında Gülər Əhmədovanın mandatını əlindən alırlar, digər yandan isə Gülər Əhmədovanın YAP-dan çıxarılmasında tərəddüdlər hiss olunur. Elə bir situasiya yetişdirilib ki, hətta hakim partiyanın rəhbərliyi YAP-ın BDU təşkilatına Gülər Əhmədova ilə bağlı qərarın verilməsinə təsir edəcək qüdrətdə deyilmiş kimi təəssürat yaradılmaqdadır.

DİA.AZ bildirir ki, bütün bunlar nə bir qərarsızlıqdır, nə də anlaşılmazlıqdır. Sadəcə olaraq, hakimiyyət içində köhnələrlə yenilərin mübarizəi getdiyindən və bu prosesin bitiş nöqtəsinə çatmaması səbəbindən qeyd etdiyimiz tərzdə və mahiyyətdə olan olaylar hələ çox müşahidə olunacaq. Yəni tərəflərin hansısa birinin həlledici üstünlüyə malik olmaması hakimiyyətin davamlı şəkildə ziddiyyətli təzahürləri ortaya qoyması ilə nəticələnəcək. Bir hakimiyyət rəsmisi başqa sözü deyəcək, digəri isə bir başqa sözü.

Moskvada yaradılan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının hazırki durumu - yəni qeyri-müəyyən vaxta qədər fəaliyyətini dondurması isə əslində hakimiyyət daxilindəki real vəziyyətdən yaranmış bir situasiya kimi qəbul olunmalıdır. Yəni ortada bir qeyri-müəyyənlik faktoru var və bu qeyri-müəyyənliyin hansı sürəyə, zamana qədər cərəyan edəcəyi hələlik bəlli deyil.

Lakin enində-sonunda bütün bu işlərin nöqtəsi qoyulmalıdır. Yəni həm Elşad Abdullayevin iddiası əsasında açılmış cinayət işi sonuclanmalı və bu zaman kimlərsə ittiham hədəfi olmalı, həm də Gülər Əhmədovanın müəmmalı taleyinə aydınlıq gətirilməlidir. Yəni vəziyyətin Braziliya seriallarında olduğu kimi acı bağırsaq kimi uzadılması imkansızdır. Və vəziyyətin konservləşdirilməsi də qeyri-mümkündür. Kimlərsə kimlərəsə qalib gəlmək zorundadır və bu döyüşdə heç-heçə şansları mövcud deyil.

Geri qayıt