Əsas Səhifə > Şou-biznes > “GƏRƏK GÖRÜŞDÜYÜN İNSANLA SİĞƏ ELƏTDİRƏSƏN”
“GƏRƏK GÖRÜŞDÜYÜN İNSANLA SİĞƏ ELƏTDİRƏSƏN”4-11-2012, 11:14 |
“YOXSA BU HARAM SAYILIR” Həyat bir məktəbdir. İlk zəngdən son zəngə qədər təlim-tərbiyə və təhsil alırsan, nələrisə öyrənirsən. Onun əlifbasını yaxşı mənimsədinsə, taleyini istədiyin kimi yaza bilirsən. Sonra insanları cəmləyirsən, onlar arasındakı fərqləri tapırsan, nələrisə bölürsən, kimlərisə vurursan. Bir sözlə, həyatını riyazi dəqiqliklə qurmağa çalışırsan. İllər ötdükcə tarix yaşayırsan, ömür yolunla ədəbiyyat yaradırsan, zaman-zaman fiziki və kimyəvi təcrübələrin iştirakçısı olursan. Bu arada insan anatomiyasına bələd olursan. Beləliklə, böyük imtahana hazırlaşırsan. O imtahana ki, Tanrının dərgahında hamımızı gözləyir. Şəlalə rubrikasının bugünkü qonağı keşməkeşli həyat yolu keçmiş müğənni Mehrimdir. - Özünüz haqda məlumat verərdiniz. - Yaşımı heç vaxt gizlətmirəm. Yaşını gizlədən ağılsız insandır. Əslində, 1974-cü ildənəm, amma pasportumda 1973-cü il yazılıb. Heç kim deməsin ki, Mehrim yaşını gizlətdi. Yaş üstə yaş gələndə insan elə bil həyat məktəbində təhsil alır. Ailəli olmuşam, yoldaşım on bir ildir rəhmətə gedib. Bir qızım, bir oğlum var. Əslim Vedibasardandı. - Uşaqlığınızı xatırlayırsınızmı? - Çox dəcəl olmuşam. İki qardaş, bir bacıyıq. O vaxt UZİ yox idi deyə, anam elə bilib mən oğlanam. Atamı da inandırıb, Mən dünyaya gəlmişəm, adımı Mehdi qoyublar. Hətta anam xəstəxanadan atama zəng edib, deyib ki, oğlun olub. Atam sevincindən hamıya qonaqlıq verib. Biləndən sonra da barışmalı olub. Hətta məni özü ilə ova aparıb, Xal-xal meşəsinə. - Ova gedəndə başınıza maraqlı bir hadisə gəlibmi? - Atam sistemdə çalışsa da, güclü ovçu idi. Bir gün qarşısına bir qaban çıxdı. Dedik, sən bunu vura bilməzsən. Dedi, vuraram. Tətiyi çəkəndə bir də gördük ki, qaban sürətlə üstümüzə gəlir. Atam tüfəngi atıb qaçdı. Gördüm atama çatır, dedim, papağını yerə at. Atam papağını atan kimi qaban papağı parça-parça elədi və yerə yıxıldı. Sonra atam dedi, sən nə çox bilmişsən, qızım. Həmin gün atam qabanın başını özü kəsdi. Dedi ki, kişi papağını yerə atmaz, amma mən sənin başını özüm kəsəcəm. bu hadisə həmişə xəyalımdadır. - Bəs gənclik illəriniz necə keçib? - Çox maraqlı keçib. Ürəyim nə istəyibsə Allah verib mənə, yetirib. - Necə oldu ki, bu sənəti seçdiniz? - Mən uşaq vaxtından bütün tədbirlərdə iştirak edirdim. Hər dəfə də səhnəciklər qurulanda baş rolu mən oynayırdım. Gənc qızların rəqs ansamblında çıxış etmişəm. Şou-biznesə toylardan gəlməmişəm. 89-cu ildən bütün səhnələrdə çıxış etmişəm. İlk müəllimim Hacıbaba Hüseynov olub. Asəf Zeynallının Muğam fakültəsini bitirmişəm. Rəhmətlik Hacıbaba müəllim mənim səsimi çox bəyənirdi. Mənə həmişə deyirdi ki, sənin səsin muğama yaxındı. 1992-ci ildə Hacıbaba müəllim xəstələndi və o, rəhmətə gedəndən sonra estradaya meylim artdı. Həm də pedaqoqam, on iki illik stajım var. Şou-biznesə mədəniyyət adı qoyublar. Belə baxanda, şou-biznesdə mədəniyyətdən əsər-əlamət yoxdur. «Sənətkaram, professional sənətdəyəm» - yalan sözdür. Qoy xalq baxıb desin ki, sənətkarsan. Mən oxuyanda qəlbimlə-ürəyimlə oxuyuram. Niyə də oxumayım? Mənim sənətim göz qabağındadır, qışqıra-qışqıra oxumuram. Mənim ikinci sənətim də var, psixoloqam. - İlk qazancınız nə vaxt olub? - Bəzi müğənnilər var ki, Biləcəri kruqundan çıxa bilmir. Mənə dövlət tərəfindən çox böyük dəstək olub. Bütün ölkələrdə olmuşam. Almaz Ələsgərli və Aslanla birlikdə 6 min tamaşaçı qarşısında çıxış etmişəm. Bu, mənim üçün uğurdur. Toydan çıxıb gələnlərə sənətkar deyə bilmərəm. Kiminsə ünvanına nəsə deyiləcəksə, qıraqdan deyiləcək. - Ən çox nifrət etdiyiniz vərdiş nədir? - Siqaret çəkmək pis vərdişimdir. Atam rəhmətə gedəndə şoka düşdüm. Gördüm hamı çəkir, mən də çəkməyə başladım. O vaxtdan çəkirəm, hələ də ata bilmirəm. Düzdür, qadına yaraşmaz, qadının nəfəsi pak olmalıdır. Çalışıram ki, müəyyən həkim nəzarəti ilə atım siqareti. Çünki mənə də xoş deyil. Qadın təravətli olmalıdır. - Efirlərdə az-az görünməyinizin səbəbi nədir? - Mən artıq hər verilişə 300-500 manat verib çıxmaq istəmirəm. Məni özləri sayıb axtarırlar. Niyə pul verib çıxmalıyam? Əgər hansısa bir layihəm varsa, çıxış edirəm, gəlib çəkməlidirlər, borclarıdır. Əllidən çox bəstəkar mahnılarım var, bir dənə klipim var. Vaxtında efirlərə külli miqdarda pul vermişəm, ağılsız olmuşam, boş-boşuna nə mənası var idi ki? Tez-tez efirləri zəbt edənlərə qıraqdan baxıb gülürlər. İnanın, «Space»in «Bazar» verilişi evdə şüşə qırılanda da, evi su basanda da gəlib çəkirdilər. Mənasız şeylərə görə efirə çıxmaq istəmirəm. Düzgün yol seçmək lazımdır. Pressadan çox razıyam. Həmişə məni diqqət mərkəzində saxlayırlar. Baş əyirəm bütün jurnalistlərin qarşısında, bayramlarını da təbrik edirəm. Çünki jurnalistlərin yazdığı xəbəri heç bir efir yaza bilməz. - Görəsən, şou-biznesin qanunlarını kim yazır? - Yalnız insanın nəfsi yazır. Nəzərə, nəfsə çox inanıram. İnsanın özü nəfslə yaranıb. - Qalmaqal nə deməkdir sizin üçün? - Mənə də dəfələrlə deyiblər ki, kimlərləsə qalmaqal et, razı olmamışam. Çünki süni olur efirdə belə qalmaqallar. Qalmaqalın tərəfdarı deyiləm. Adımı hər şeydən qoruyub saxlayıram, rəhmət qazanmaq istəyirəm, lənət yox. Vaxtında düşmüşəm qalmaqala, sonra tövbə etmişəm. Bir dəfə də verilişlərin birində qalmaqala salmaq istəyirdilər, canlı efirdə mikrofonu çıxardıb atmışam, efirdən çıxmışam. - Sizin qınağınıza tuş gələnlər kimlər olub? - Olub keçib. Amma hazırda heç kimin qınağına tuş gəlmirəm. - Özünüzü şanslı qadın hesab edirsiniz? - Çox insanların rəğbətini qazanmışam. Bu sənətdə hər şey - sevgi, məhəbbət, dostluq veriblər mənə. Şükür Allaha, iki övladım var! - Qorxaq həyatı sevmir, onu itirməkdən qorxur. Həyatı sevib, onu itirə biləcəyinizlə barışa bilirsinizmi? - Hər şeyin bir sonu var. Hamı öz yaxınlarını, əzizlərini itirməkdən qorxur. İnanın mənə, əziz kimlər varsa, onları itirməkdən qorxuram. Mənim bütün dostlarımla kəsdiyim çörək halal olub. - Sevgi olmadan həyatdan zövq almaq olarmı? - Təbii ki, sevgi olmasa, zövq ola bilməz. O insan bədbəxtdir ki, onun sevgisi, övladı yoxdur. Yaşamaq üçün sevmək lazımdır. - Özünüzü kimin qarşısında günahkar sayırsınız? - Hər kəs layiq olduğu həyatı yaşayır. Hər gün də şükür edirəm ki, Allahım məni yaşadır, ruzimi verir. - Qədəriniz, taleyiniz arzu etdiyiniz kimidir, ya layiq olduğunuz kimi? - Çox şükür, xoşbəxtəm. İstədiyim kimi alın yazım var, layiq olduğum kimi yaşayıram. Hər an da adımı qoruyuram ki, ləkə gəlməsin. Şeytana, nəfsə uyub, zina etməyi ən böyük günah sayıram. İnsan yaranan gündən haram var. Həyat göz qabağındadır. Mən heç vaxt haram yemərəm. Həmişə də uzaq olmuşam xəyanətdən və haram əməllərdən. - Sizcə, ürəyin dərmanı nə ola bilər? - Yaxşı yaşayıram. Dost-tanışlarım, onların sevincləri mənim üçün məlhəmdir. - Çətin olsa da, bu sualı verməliyəm. Bir çox insanlar iddia edir ki, Mehrim xərçəng xəstəsi və narkoman olduğu üçün sürətlə arıqlayıb. Buna münasibətiniz. - İncimirəm bu suala görə. Çünki mən də barəmdə dedi-qodular eşidirəm. Düzdü, siqaret çəkirəm, amma tövbə-tövbə, nə xəstəyəm, nə narkomanam. Mənim haqqımda bu cür söz-söhbət yayanlar Allahdan qorxsunlar. Bir müddət Röyanın, Tünzalənin haqqında nələr demədilər. Allah var, bir qorxun da. Mən tərtəmizəm. Bu yaşımda məni narkoman da çıxardılar. Bax siz jurnalistlərin iştirakı ilə hər an müayinədən keçməyə hazıram. İxtiyar da verirəm sizlərə. Bir gün bir məclis var idi, orada ifa edirdim. Bir həkim diyetoloq mənə yaxınlaşıb dedi ki, gözəl oxuyursunuz, amma çəkiniz çoxdur. Dedim, illərdi bundan əziyyət çəkirəm. Dedi, arıqlamaq üçün mən kömək olaram. Soruşdum, qız vaxtı 90-60-90 idim, elə edə bilərsən? Dedi, hə. Dörd aya məni həmin çəkidə elədi. Hazırda əlli kiloyam. Başqaları kimi əməliyyatla özümü bu günə qoymamışam. Sadəcə ayıbdır belə sözlər çıxardırlar adıma. Üzümə desələr, həmin insanları pis günə qoyaram. - Bu günədək “raskrutka”ya nə qədər pul xərcləmisiniz? - 2006-cı ildən bu günə kimi 150 min və ya 200 minə yaxın xərcləmişəm. Məsələn, kimsə məndən müsahibə götürüb, aparıb qonaqlıq vermişəm. Elə olub ki, Xaçmaza, Qubaya qonaqlığa aparmışam. Olub ki, aparıcıya qızıl sırğa hədiyyə etmişəm. İmkanım var, edirəm. Allah mənə imkan yaratsın, hamıya dəstək olaram. Atalar misalı var: «Bu gün var, ye, sabaha saxlama». Nənəm də həmişə mənə deyirdi: «Yedin dadındı, verdin adındı, yığdın yadındı». Şükür ki, kimlərləsə dostluq edib çörək vermişəmsə, hamısı məni qiymətləndirib, çörəyi tapdalamayıblar. - Şou-biznes sizə nələri öyrətdi? - Şou-biznes bataqlıqdı. Çox vaxt bu sahədə çoxlarının ayağı sürüşür. Səhər çıxırlar, sonra adlarını brendə yapışdırırlar. Mən də bu sahəyə hobbi kimi baxıram. Şükür, ali savadlıyam. Sadəcə bu yolda həmişə adımı qorudum. - Taleyi ilə oynayan qadın Mehrim risk etməyi sevir? - İnanın, həyatımla risk edirəm. Maşını 120 ilə sürürəm. Bir də görürsən ki, yol polisi saxlayır. Deyir, körpünün üstündə 120 ilə gedirsən, təhlükəsizlik kəmərin yoxdur. Şükür Allaha, çox hörmət edirlər bizə. Başa düşürlər ki, tədbirlər keçiririk. Məni Allah saxlayır, düzdü, ehtiyatımı da əldən vermirəm. - Sizcə, məhəbbət izafi olanda nifrətə çevrilir? - Hər şeyin dərəcəsi var. İlk növbədə məhəbbətlə, rəğbətlə yaşamaq lazımdır. Əgər kimisə sevirsənsə, onu itirməyəsən gərək. - İlk sevginiz neçə yaşında olub? - On səkkiz yaşımda olub. Sevgi haqqında 1600 şerim var. On səkkiz yaşımda qismət olmadı, nanəcib çıxdı. - Sevib ailə qurdunuz? - İyirmi iki yaşımda ailə qurdum. Üç il ailəli oldum, sonra həyat yoldaşım vəfat etdi. Xəstə deyildi, Allahın işidir. Təbii ki, atasız övlad saxlamaq çətindir. Övladın yanında atası olmalıdır, qadına da ər lazımdır. Hamısına məsləhətim budur ki, həyat yoldaşlarının qədrini bilsinlər. Həmişə onu uca tutsunlar. - Bəs ikinci dəfə ailə qurmaq təklifi almamısınız? - Həyatımda bir nəfər çox istədiyim insan var. Amma ailə qurmaq fikrində deyiləm. Mənim on beş yaşında böyük övladlarım var, onlar ailə qurmalıdırlar, mən yox. - Birdən sevdiyiniz insan sizinlə ailə qurmaq istədi. Onda necə? - Düzdü, bu günün sabahını bilmək olmaz. Əgər elə bir hadisə başıma gəlsə, başqaları kimi belimə qırmızı lent bağlayıb, toy eləmərəm. Siğə ilə, kəbinlə yaşayaram. Özümü kimlərəsə güldürə bilmərəm. - O dünyanı necə təsəvvür edirsiniz? - Mən Allaha yaxın insanam, çox inanıram Allaha. Çalışıram dürüst yaşayım. Yalandan, şərdən uzaq oluram. Bu dünyadan heç kim heç nə aparmayacaq hörmətdən başqa. Gec-tez hamı gedəcək o dünyaya. - Yuxularınızda kimlər gizlənib? - Mən həm də psixoloqam, yuxularımda nə görürəmsə, o da başıma gəlir. Elə olur ki, hansısa bir insanla rastlaşıram, hiss edirəm ki, bunu haçansa yuxuda görmüşəm. Gördüyüm yuxular çin olur. - Qan-tər içində oyandığınız yuxular çoxmu olur? - Olub, qorxmuşam. Mən çoxlu içki içirdim, artıq on bir ildir tövbəliyəm. Bir gün yuxuda gördüm ki, maşını vururam divara, pis vəziyyətdəyəm. Yuxudan ayıldım, gedib tövbə elədim, bildim ki, nəsə olacaq, yuxumda agah olmuşdu mənə. 2003-cü ildən içmirəm. - Toylara gedirsinizmi? - Dost-tanış toylarına çox gedirəm. Elə olur ki, kasıb məclislərdə də iştirak edirəm. Tək 1500 manata, Cavanşir Babəlioğlu ilə birlikdə 3 min manata gedirəm. - Mehrim kimin ifasını bəyənir? - Sənətkarlardan Flora Kərimovanı. Amma inanın, maşınımda yalnız Cavanşirin diskləridir. Cavanşirdən başqa heç kimə qulaq asmıram. İndi baxırsan, bir çox müğənnilər özlərini bir-birinə oxşadır - səslərində, saçlarında, geyimlərində. Çoxlarını da bəyənmirəm. Yalnız Cavanşirə qulaq asıram. - Həyatınızda gizli kodlar, sirli işarələr varmı? - Çox hissiyyatlıyam. İnanın, zəlzələ olanda birinci mən hiss etmişdim. Çox qorxuram yuxu görəndə. Bilirəm ki, nəsə olacaq. - Bəs fala necə, inanırsınız? - Getmişəm, amma heç kimə cadu-dua elətdirməmişəm. - Kişilərin fala baxdırmasına necə baxırsınız? - Kişi falçıya getməz. Fala gedən kişilərə kişi kimi baxmıram. Bir də kişilər var ki, qaşını dartdırır, dodağına silikon elətdirir. Kişinin saçının ağlığı da özü bir həyatdır. Kişi kişi kimi olmalıdır, saçına kraska qoymamalıdır. - Sirr deyil ki, bəzi qadın həmkarlarınız ailəli kişilərlə qeyri-rəsmi şəkildə yaşayırlar. Buna münasibətiniz necədir? - Hər kişiyə dörd arvad düşür. Əgər kişi onu siğə ilə saxlayırsa, arvadına da baxırsa, normal baxıram. Əgər qadın əlində beş kişi saxlayırsa, buna münasibətim pisdir. Əgər kişi beş qadına baxırsa, onun yeri cəhənnəmdir. - Elə həmkarlarınız da var ki, ailə dağıdıb ailə qururlar. Buna münasibətiniz necədir? - Çox pis baxıram. Özgəsinin atına minən tez düşər. Ailə dağıtmaq olmaz. Mən şəxsən heç vaxt ailəli kişiylə münasibət qurmaram. Çünki dulam, subay oğlanlarla quraram. Gərək görüşdüyün insanla siğə elətdirəsən, yoxsa bu haram sayılır. Şəxsən mənə ailəli kişilərdən təklif gəlsə, yox deyərəm. - Həyat haqqında düşüncələriniz nədir? - Zaman insana həyatın hər bir üzünü göstərir. Zaman da, həyat da məktəbdir. O məktəbi pillə-pillə keçirik. Yaş artdıqca fikirlər də dəyişir. - Mehrimin fikrincə, ideal kişi necə olmalıdır? - Ən əsası kişi olmalıdır. - Şou-biznesdə hamı özünə titul qoyur. Bəs sizin titulunuz nədir? - Mən öz adımı «Kobra» qoymuşam. Yuxuda ilan gördüm, dedi, özünə mənim adımı götür. Yeni hit mahnı yazdırmışam - «Kobra». İnşallah, klip çəkdirəcəm. Yoxsa bəziləri kimi yorğan-döşəkdə, divarın yanında durub klip çəkdirmək istəmirəm. - İlham pərinizi haradan alırsınız? - İşləməkdən alıram. İnanın, bu yerə kimi sürünə-sürünə gəlmişəm. Başqaları kimi mağazada satıcı işləyib, səhər Heydər Əliyev adına Sarayda konsert vermirəm. Öz zəhmətimlə gəlmişəm bu sənətə. Buradan hamıya deyirəm: «Kobra gəlir, özü də dəhşət gəlir!» - Bu sənətdə özünüzə kimi rəqib görürsünüz? - Mən estrada ifaçısıyam. Estrada ifaçısı var, qışqıra-qışqıra oxuyur, estrada ifaçısı var, pıçıldaya-pıçıldaya ifa edir. Mənim rəqibim yoxdur, hərənin öz dəsti-xətti var. - İlk xeyir-duanı kimdən almısınız? - Bütün jurnalistlərdən almışam. Onların haqqını itirə bilmərəm. Allah baxır göydən. Mənə düz yol göstəriblər, məni internet saytlarında işıqlandırıblar. - Sənət aləmində dostlarınız çoxdur, yoxsa düşmənləriniz? - Mənim hamıyla aram superdi, düşmənim yoxdu. Sadəcə bu sənətdə eqoistlik, paxıllıq çoxdur. Bu sənətdə də yaxşını yamandan seçdim. Sənət məktəbdir, peşman da deyiləm. Geri qayıt |