Əsas Səhifə > Sosial, Manşet > RƏSMİ BAKIDAN OLİQARXLARA QADAĞA GƏLİR

RƏSMİ BAKIDAN OLİQARXLARA QADAĞA GƏLİR


6-11-2012, 12:51
RƏSMİ BAKIDAN OLİQARXLARA QADAĞA GƏLİR
ŞOK: XƏYANƏTKAR MÖVQE TUTANLAR AZƏRBAYCANA BURAXILMAYA BİLƏR

DİA.AZ: - Rusiyada fəaliyyətə başlayan və açıq-aşkar Azərbaycana qarşı yaradıldığı şübhə doğurmayan Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə bağlı ilginc məlumatlar almışıq. Bildirək ki, bu təşkilatı bəzi çevrələr Azərbaycan hakimiyyətinə təzyiq rıçağı kimi təqdim etməyə çalışsalar da, mahiyyətindən görünəni odur ki, əslində RATİ Azərbaycan hakimiyyətinə yox, Azərbaycan dövlətinə təzyiq üçün düşünülüb.

Və ilk günündən ermənilərlə Moskvada görüş keçirən RATİ-nin qurucuları arasında bu əsnada fikir ayrılığının ortaya çıxması da sözügedən təşkilatın Kremlin əlində oyuncaq funksiyasını daşıdığını bir daha təsdiqlədi. Belə ki, Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov Rusiyaya bağlılığı səbəbindən təşkilatın rəhbəri kimi təqdim olunsa da, o, özündə cəsarət tapıb təşkilatın başında qala bilmədi. Ən azından o səbəbə görə ki, artıq RATİ Azərbaycanın dövlət maraqlarına zidd bir kursu nümayiş etdirməyə başlamışdı.

Məhz bu səbəbdən müxtəlif bəhanələrlə ermənilərlə görüşdən yayınan Abbas Abbasov Azərbaycanda «xalq düşməni» elan olunmaması naminə həm də RATİ-dəki fəaliyyətini dondurdu. Əslində verilən açıqlamalarda RATİ-nin özünün fəaliyyətinin müvəqqəti olaraq - Abbas Abbasovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşə qədər dondurduğu bəyan olunurdu. Amma sonradan aydın oldu ki, RATİ öz fəaliyyətindədir və Abbas Abbasova hansı cavabın verilməini gözləmədən təşkilatın fəallarından olan və artıq ermənipərəstliyi ilə diqqətə gələn Söyün Sadıqov Moskvada məlum görüşü belə təşkilat adından düzənləmiş oldu.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, rəsmi Bakı Söyün Sadıqovun, həmçinin digərlərinin bu kimi fəaliyyətlərini reaksiyasız buraxmaq niyyətində deyil. Hökumət içindəki mənbəmizin söylədikləri: «Hətta bu gün Rusiyanın siyasi hakimiyyətindən asılı olan prezidentin qudası Araz Ağalarovun da RATİ-yə ciddi dəstək nümayiş etdirməsi və bunun qarşılığı olaraq bəzi hakimiyyət yandaşlarının Araz Ağalarovu hədəfə alması da burada diqqətdən yayınmamalıdır. Yəni bu o deməkdir ki, rəsmi Bakı mövqeyində qətiyyətlidir və kimliyindən asılı olmayaraq, əks-qütbdə dayananlara qarşı sərt addımlar atılacaq».

«Hansı addımlar atıla bilər» sualımızın cavabında isə mənbəmiz maraqlı bir xəbəri verdi: «Məsələn, Azərbaycan dövləti əleyhinə mövqe tutan oliqarxların hamısına ilk növbədə Azərbaycana gələ bilmələri üçün qadağa tətbiq olunacaq. Yəni onların ölkəyə buraxılmasının qarşısı alına bilər. Hər halda, belə bir addımın atılması böyük rezonans yaratmaqla yanaşı, həm də bu gün Rusiyadakı oliqarxlar hesabına Azərbaycan dövlətini hədəfinə çevirən Kreml üçün bir siqnal rolunu oynamış olacaq».

Xatırladaq ki, bu günlərdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Moskvada səfərdə olub. Doğrudur, Əli Həsənov açıqlamalarında Rusiya hakimiyyəti ilə heç bir problemlərinin olmadığını bildirmişdi. Amma Əli Həsənovdan bundan fərqli bir cavabı gözləmək də doğru olmazdı. Hər halda, Kremldə PA-nın şöbə müdirinə «hə, biz bu işin arxasındayıq» ifadəsini açıq şəkildə ifadə etməyəcəkdilər, amma bui şin arxasında olduqlarını artıqi açıq şəkildə hiss etdirməkdədirlər.

Geri qayıt