Əsas Səhifə > Güney Press, Araşdırma > MÜSAVAT İLHAM ƏLİYEVDƏN NƏLƏRİ İSTƏYİR

MÜSAVAT İLHAM ƏLİYEVDƏN NƏLƏRİ İSTƏYİR


6-11-2012, 13:21
MÜSAVAT İLHAM ƏLİYEVDƏN NƏLƏRİ İSTƏYİR
PARTİYA PREZİDENTƏ TƏKLİFLƏRİNİ ÇATDIRIB

Müsavat Partiyası prezident İlham Əliyevdən Milli Məclisin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə qəbul etdiyi dəyişiklikləri imzalamamağı tələb edir.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri Milli Məclis noyabrın 2-də qəbul edib. Dəyişikliklər hökumətlə razılaşdırılmamış kütləvi aksiyalara görə sanksiyaları artırır. Parlamentin qəbul etdiyi bu yeniliklər prezident imzalayandan sonra qüvvəyə minə bilər.

“Media forum” saytının məlumatına görə, Müsavat Partiyasının bununla bağlı noyabrın 6-da yaydığı bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti uzun müddətdir konstitusiyanın 49-cu maddəsini və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarını pozur, ölkədə insanların sərbəst toplaşmasına de-fakto qadağa qoyulub: “Bir qayda olaraq Bakı Şəhər İcra Hakimiyyətinə piket, yürüş və mitinq keçirmək üçün şərait yaradılması haqqında olan müraciətlərə həmin yerlərdə belə tədbirlərin keçirilməsinin məqsədəuyğun olmadığı haqqında, ən yaxşı halda isə Bakı şəhərinin yalnız Səbail rayonunun ərazisindəki, mitinq keçirmək üçün heç bir şəraiti olmayan bir meydanda mitinq keçirmək təklif olunur. Həmin yerdə mitinq keçirmək haqqında razılaşma olduqda isə müxtəlif yollarla və üsullarla o meydana işləyən nəqliyyat vasitələrinin xətdən çıxarılması, insanların meydana buraxılarkən onların yaşının nəzərə alınması kimi maneələr yaradılır.

Bütün bunlar azmış kimi noyabrın 2-də saxta seçkilər nəticəsində təyin olunmuş deputatlardan ibarət olan Milli Məclisin yığıncağında sərbəst toplaşmaq azadlığına daha geniş məhdudiyyətlər qoyulması haqqında qərar qəbul edilib.

Razılaşdırılmamış aksiyada iştirakına görə aksiya iştirakçılarına tətbiq olunan cərimələrin miqdarının yüz dəfələrlə artırılması sərbəst toplaşmaq azadlığının tam olaraq aradan qaldırılmasına xidmət edir.

İnsanların sərbəst toplaşmasının qarşısının alınmasına yönələn əlavələrin Milli Məclis tərəfindən prezident seçkiləri ərəfəsində qəbul edilməsini Müsavat Partiyası qətiyyətlə pisləyir və bu qanunun ölkə başçısı tərəfindən imzalanmamasını tələb edir. Bu əlavələrin qüvvəyə minməsi təqdirində ölkədə baş verəcək xoşagəlməz hadisələrin məsuliyyəti hakimiyyətin üzərinə düşür”.

Geri qayıt