Əsas Səhifə > Şou-biznes > “LEYLİ VƏ MƏCNUN” MÜZİKLİ

“LEYLİ VƏ MƏCNUN” MÜZİKLİ


10-11-2011, 15:14
“LEYLİ VƏ MƏCNUN” MÜZİKLİ

“İRƏLİ”NİN LAYİHƏSİNDƏ REPER MƏCNUN OLACAQ

Ölkəmizdə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında müzikl layihəsi gerçəkləşdirilir.

Dekabrın ortalarında Heydər Əliyev Sarayında premyerası nəzərdə tutulan layihənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi ilə "İrəli" İctimai Birliyidir.

"İrəli" İctimai Birliyindən APA-ya verilən məlumata görə, "Əfsanə geri dönür" şüarı altında gerçəkləşdirilən müziklin məqsədi qədim Azərbaycan motivləri əsasında yazılmış "Leyli və Məcnun" poemasını hip-hop janrı ilə müasir şəkildə yenidən gündəmə gətirməkdir.

Musiqili tamaşa Nizami Gəncəvinin eyniadlı poemasına uyğun olaraq "Leyli və Məcnun" adlanır. Tamaşanın rəqslərinə ABŞ-ın Çikaqo ştatından olan istedadlı xoreoqraf Çarlz Laurens quruluş verib. Rəqsləri Azərbaycanın tanınmış ritm ifaçısı, əməkdar artist Natiq Şirinovun ritm qrupu müşayiət edəcək. Bununla yanaşı, müasir janrda təqdim ediləcək musiqilərdə Azərbaycanın milli musiqi alətləri olan tar, kamança, balaban, tütək, nağara və uddan istifadə edilir.

İki aydan çoxdur ki, hazırlıqları davam edən tamaşada Leyli obrazını Natavan Həbibi, Məcnun obrazını Elşad Xose, İbn Salamı Elnur Məmmədov, Zeyd obrazını Azad Şabanov, Zeynəb obrazını isə Oksana Rəsulova canlandırır. Rejissorun əlavəsi olan Şeytan obrazını tamaşanın musiqi və aranjmanlarının müəllifi MC Murad, Günəş adamı obrazını isə Natiq Şirinov canlandıracaqlar. Layihənin müəllifi və rəhbəri Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin aparıcı məsləhətçisi Mirsahib Musayev, layihənin əlaqələndiricisi, "İrəli" İctimai Birliyinin üzvü Niyaz Əliyev, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, tamaşanın quruluşçu rəssamı Rəşad Ələkbərovdur.


Geri qayıt