Əsas Səhifə > Sosial, Manşet > AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB

AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB


7-11-2012, 10:12
AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB
KEÇMİŞ PREZİDENTƏ TƏCİLİ TİBBİ YARDIM GƏLİB: MÜALİCƏ OLUNMALIDIR

DİA.AZ: - 20 illik həsrətin ardından eks prezidentlər haqqında qanunun qəbulu ilə yenidən Azərbaycanda yaşama hüququ əldə edən müstəqil Azərbaycanın ilk dövlət başçısı Ayaz Mütəllibovun səhhətində müəyyən problemlərin olması barədə sizləri hələ xeyli əvvəldən məlumatlandırmışdıq. Bildirək ki, amma nədənsə bu məlumatımız özünü mətbuatda «Mütəllibovun bir nömrəli adamı» kimi təqdim etməyə çalışan Araz Əlizadə tərəfindən qıcıqla qarşılanmışdı. Sanki Ayaz Mütəllibov 15 yaşında cavan bir oğlandır və o, ümumiyyətlə xəstələnə bilməz.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, ciddi təzyiqdən əziyyət çəkən Ayaz Mütəllibovun həmçinin ürəyində də ağır problemləri var. Xatırladaq ki, bu barədə hələ Moskvada olarkən keçmiş prezidentin özü də danışmışdı və hətta vəziyyətinin daha ciddi olmasını diqqətə çatdıran Ayaz Mütəllibov prezident İlham Əliyevə müraciət edərək vətənə dönə bilməsi üçün şəraitin yaradılmasını xahiş etmişdi. Mütəllibov bildirmişdi ki, onun durumu ağırdır və vətənində ölmək istəyir. Yəni hər halda, Araz Əlizadənin anlamsız təkzibləri fonunda belə Mütəllibov səhhətindəki narahatçılıqları bu şəkildə ifadə etmişdi.

Redaksiyamızın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, dünən axşam saatlarında Ayaz Mütəllibovun səhhətində yenidən problem yaranıb. Bildirək ki, məlumatı redaksiyamıza Ayaz Mütəllibovun yaxınları veriblər. Onların sözlərinə görə, keçmiş prezidentə təcili tibbi yardım gəlib: «İlkin tibbi müdaxilədən sonra Ayaz Mütəllibovun ciddi həkim müafinəsindən keçməli olduğu məsləhət görülüb. Eyni zamanda bildirilib ki, keçmiş prezident müalicə olunmazsa, vəziyyəti daha da ağırlaşa bilər».

Geri qayıt