Əsas Səhifə > Partiya > “BU QAYDANI LƏĞV ETMƏK TƏLƏBİ ABSURDDUR”
“BU QAYDANI LƏĞV ETMƏK TƏLƏBİ ABSURDDUR”7-11-2012, 13:53 |
DEPUTATLAR YENİ TƏKLİFƏ REAKSİYA VERDİ Bir qrup seçki mütəxəssisi və hüquqçu seçki sisteminin dəyişdirilməsi təkliflərinin yer aldığı memorandum imzalayıb. Memorandumda ölkədə parlament seçkisinin proporsional və majoritar qaydada keçirilməsi, seçki komissiyalarının tərkibini yeni prinsiplər əsasında formalaşdırmaq, namizədlərin qeydiyyat prosesini sadələşdirmək, kampaniya müddətini uzatmaq təklif olunur. “Media forum” saytı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Mübariz Qurbanlı və Çingiz Qənizadənin memoranduma münasibətlərini öyrənib. Mübariz Qurbanlı indiki Seçki Məcəlləsinin kifayət qədər təkmil olduğunu, hər hansı dəyişikliyə ehtiyac duyulmadığını deyib: “Seçki Məcəlləsi ədalətli, şəffaf, demokratik, azad seçki keçirmək üçün tamamilə yararlıdır. Təklif olunan müddəalar bütövlükdə Seçki Məcəlləsinin məzmununu və mahiyyətini dəyişməyə yönəldiyinə görə qəbul edilə bilməz. Seçki Məcəlləsinə zaman-zaman bəzi texniki xarakterli əlavələr edilir. Amma onun mahiyyətini dəyişən müddəalar heç bir məntiqə söykənmir”. Deputat əlavə edib ki, təkliflər məqbul hesab edilsə belə, onun qanunvericiliyə daxil edilməsi bir deputatın səlahiyyətinə aid məsələ deyil: “Bu cür məsələlər Milli Məclisdə səsvermə yolu ilə həllini tapır. İndidən hansı təklifin qəbul edilib-edilməyəcəyi barədə qəti fikir söyləmək düzgün deyil”. Çingiz Qənizadə seçki sistemində dəyişikliklə bağlı fikirlərə hörmətlə yanaşdığını bildirib, amma bir sıra təkliflə razılaşmadığını vurğulayıb: “Prezident seçkisində iştirak etməyə, dövlətin birinci şəxsi olmağa iddialı şəxsin müəyyən kvotada imza toplamalıdır. Bu qaydanı ləğv etmək tələbi absurddur”. Parlament seçkisinin majoritar və proporsional qaydada keçirilməsi təklifinə münasibət bildirən deputat deyib: “Bu təklif gələcəkdə müzakirə predmetinə çevrilə bilər. Seçki sistemi ilə bağlı məsələlər Avropa Şurasının Venesiya Komissiyası ilə müzakirə edilib, onların rəyi əsas götürülüb. Bu gün qüvvədə olan qanunlara Avropa Şurasının, digər beynəlxalq təşkilatların böyük iradları yoxdursa, deməli, tətbiq edilən qaydalar normaldır. Amma təkliflərin səslənməsi də müsbət haldır, mütəxəssislərin araşdırma obyektinə çevrilə bilər”. Deputat seçki kampaniyasının müddətinin uzadılmasını uğurlu təklif hesab etmir: “Əvvəllər müddət uzun idi, maliyyə problemləri yaranırdı, namizədin özü də əziyyət çəkirdi. Azərbaycan kiçik ölkədir. Məsələn, parlament seçkilərində dairələr elə təşkil edilir ki, namizəd 30-35 gün müddətində öz kampaniyasını həyata keçirə bilir, vaxt da qalır”. “Media forum” saytının arayışı: Memorandumu Vidadi Mirkamal, Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Rəşid Hacılı, Erkin Qədirli, Əsabəli Mustafayev, Ələsgər Məmmədli, Xalid Bağırov, Gülağa Aslanlı, Ənvər Əliyev, Mirəli Hüseynov, Anar Məmmədli, Mənsum Bayramov, İlqar Hüseynli və Hafiz Həsənov imzalayıblar. Sənəddə seçki sisteminin dəyişdirilməsi təklif olunur. Göstərilir ki, parlament seçkisinin yalnız majoritar sistemi əsasında keçirilməsi siyasi partiyaların inkişafına mənfi təsir edir, onların siyasi sistemdə yeri və rolunu azaldıb: “Buna görə seçki sistemi qarışıq seçki sistemi (proporsional və majoritar seçki sistemi) ilə əvəz edilməlidir”. Seçki mütəxəssisi və hüquqçular seçki komissiyalarının tərkibinin yeni prinsiplər əsasında formalaşdırılmasını təklif edir: “Komissiyalar və komissiyalardakı vəzifələr əsas siyasi qüvvələrin bərabər təmsiliçiliyi əsasında, balanslaşdırılmış qaydada təşkil olunmalıdır”. Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin təkmiləşdirilməsi ilə bağlı bunlar təklif olunur: - Parlament və bələdiyyə seçkilərində siyasi partiyalar və siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərin qeydiyyatı siyasi partiyalar və siyasi partiyalar blokunun qərarı ilə təsdiq edilən namizədlərin siyahısı əsasında aparılmalıdır; - Prezident seçkilərində namizədin müdafiəsi üçün seçici imzaları heç bir kvota olmadan toplanmalı, seçicilər eyni zamanda digər namizədlərə də imza vermək hüququna malik olmalıdır. Qeydiyyatdan keçmiş və ölkənin ən azı 33%-də təşkilatı olan siyasi partiyaların namizəd irəli sürmək imkanı tanınmalıdır; - Namizədlərin qeydiyyatı üçün seçici imzalarının və digər sənədlərin düzgünlüyün yoxlayan işçi qrupunun tərkibi müstəqil ekspertlərdən ibarət təşkil edilməli, qeydiyyatdan imtinanın əsasları konkret olmalı və qeydiyyatın alternativ variantı kimi qeydiyyat depoziti tətbiq olunmalıdır. Memorandumda seçki kampaniyasının müddətini 120 günədək, təşviqat müddətini 60 günədək uzatmaq, səslərin paralel sayılması mexanizminin tətbiqi təklifləri də yer alır. Geri qayıt |