Əsas Səhifə > Sosial, Manşet > RƏSMİ BAKI YENİ GÜRCÜ HÖKUMƏTİNİ ŞANTAJ EDİB

RƏSMİ BAKI YENİ GÜRCÜ HÖKUMƏTİNİ ŞANTAJ EDİB


8-11-2012, 10:35
RƏSMİ BAKI YENİ GÜRCÜ HÖKUMƏTİNİ ŞANTAJ EDİB
RÖVNƏQ ABDULLAYEVİN ADAMI İSƏ HƏLƏ DƏ BAKIDA GİZLƏNMƏKDƏDİR

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Gürcüstanın yeni hökuməti rəsmi Bakı ilə münasibətlərini gərginləşdirə biləcək bir sıra addımlar atmağa başlayıb ki, bu əsnada da daha çox diqqətçəkəni «Gürcü arzusu» koalisiyasının qurduğu yeni hökumətin sifarişi ilə «Socar Georgia» şirkətinin fəaliyyətinin yoxlanılması ilə bağlı verilən qərardır.

Xatırladaq ki, qərara uyğun şəkildə aparılan yoxlamalar nəticəsində «Socar Georgia»nın vergidən külli miqdarda pulu yayındırdığı aşkarlanıb. Vergi polisinin elan etdiyi rəqəmlərə görə, Azərbaycan şirkəti Gürcüstan vergisindən 13 milyon ABŞ dollarına yaxın (26 milyon lari) həcmdə vəsaiti gizlədib və bu səbəbdən cinayət işi açılıb.

Bu barədə verdiyimiz xəbərdə o da bildirilirdi ki, «Socar Georgia»da vitse-prezident postunu tutan və Rövnəq Abdullayevin Gürcüstandakı biznesini yönəldən Mahir Məmmədov cinayət işinin açılması səbəbindən Tiflisi tərk etmək zorunda qalıb. DİA.AZ-a daxil olan son bilgilərə görə, hazırda Bakıda olan Mahir Məmmədovun Gürcüstana yenidən qayıtması üçün rəsmi Bakı ilə Gürcüstanın yeni hökuməti arasında məxfi danışıqlar aparılır.

Məlumatı verən mənbə bildirir ki, əslində burada Mahir Məmmədovun dönüşü simvolik xarakter daşıyır: «Danışıqların əsas mövzusu da ondan ibarətdir ki, yeni hökumətin «Socar Georgia»ya qarşı cinayət təqibi aradan qaldırılsın və münasibətlər əvvəlki hökumətin dövründə olduğu həddə çatdırılsın».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqlayıb: «Rəsmi Bakı eyni zamanda yeni Tiflis hökumətini şantaj da edib. Gürcüstan hakimiyyətinin diqqətinə çatdırılıb ki, əks halda, Azərbaycan Gürcüstana etdiyi yardımları kəsməklə yanaşı, bu ölkə ilə bütün əlaqələrini dondura bilər».

Geri qayıt