Əsas Səhifə > Sosial, Manşet > GƏNCƏDƏ «AVROVİZİYA HƏYƏCANI

GƏNCƏDƏ «AVROVİZİYA HƏYƏCANI


11-11-2011, 10:22
GƏNCƏDƏ «AVROVİZİYA HƏYƏCANI

«ELMAR VƏLİYEVİN ADAMLARI DEYİR Kİ, YARIŞMA GƏNCƏDƏ OLACAQ»

DİA.AZ: - Bu gün səhər saatlarında redaksiyamıza Gəncə şəhərindəki qaynaqlardan daxil olan məlumatlardan aydın olur ki, Azərbaycanın ikinci ən böyük şəhərinə rəhbərliyi ələ keçirmiş Elmar Vəliyev yerli sahibkarlar üçün yeni «VERGİ» icad edib.

Bu barədə «Dünya» İnformasiya Agentliyini (dia-az.life) məlumatlandıran bir qrup gəncəli sahibkarın sözlərinə görə, şəhərdə abadlıq işləri adı altından yenidən sahibkarlardan pul yığılır: «Bizə dünən icra hakimiyyətinin nümayəndələri xəbərdarlıq etdilər və bildirdilər ki, hər birimiz 3000 manat pul verməliyik. Səbəbini isə qəribə şəkildə izah etdilər. Dedilər ki, bəs «Avroviziya-2012» yarışmasının yeri dəyişdirilib və mahnı müsabiqəsi Gəncədə keçiriləcək. Ona görə də icra hakimiyyəti bu işə tədarük görür, şəhəri təcili şəkildə abadlaşdırır».

Onu da xatırladaq ki, bir müddət əvvəl həqiqətən də «Avroviziya-2012» yarışmasının Gəncədə keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Və həmin məlumatlarda qeyd olunurdu ki, baş nazirin sabiq müavini, hazırda «AST» şirkətlər qrupunda vitse-prezident vəzifəsini daşıyan Abbas Abbasov belə bir ideya ilə çıxış edib və hətta Gəncənin bu məqsədlə hazırlanması üçün sözügedən şirkətin rəhbəri, tanınmış milyarder Telman İsmayılovun da sponsor kimi cəlb oluna biləcəyi haqda vəd verib.

Lakin sonradan bu məlumatlar təsdiqlənmədi.

Gəncədəki qaynaqlar isə idda edirlər ki, hətta icra başçısı Elmar Vəliyev qısa müddət içində yeni konsert arenasının inşası məqsədilə ərazi də müəyyən edib: «Artıq Türkiyənin bir şirkəti ilə də müqavilə imzalanıb».

Bütün bunlarla bağlı bir sıra instansiyalara müraciət etdikdə aydın oldu ki, əslində bütün bunlar Elmar Vəliyevin yeni hoqqasından - pulyığma bəhanəsindən başqa bir şey deyil.

Bu barədə DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbənin bildirdiklərindən belə aydın oldu ki, Gəncə «Avroviziya-2012» mahnı müsabiqəsinə ev sahibliyi etməyəcək: «Amma şəhərin bu istiqamət üzrə hazırlanması ideyası həqiqətən də mövcuddur. Lakin bu iş gələn ilin ortalarından sonra start götürəcək. Görünür, Elmar Vəliyev indidən sahibkarlardan özü üçün pul yığır ki, gələn il eyni ideya ilə yenə yığa bilsin».


Geri qayıt