Əsas Səhifə > Siyasət, Manşet > CƏLİLABADDA “KREDİT DƏLƏDUZU” ƏHALİNİ TALAYIR

CƏLİLABADDA “KREDİT DƏLƏDUZU” ƏHALİNİ TALAYIR


10-11-2012, 12:11
CƏLİLABADDA “KREDİT DƏLƏDUZU” ƏHALİNİ TALAYIR
10 MİNLƏRLƏ MANAT PULU “ATAN” ŞƏXSİ KİMLƏR HİMAYƏ ETMƏKDƏDİR?

DİA.AZ: - Cəlilabad rayonu Xanagah kəndinin sakini, hazırda Qarazəncir kəndində yaşayan Əliağa Musayev bu günlərdə redaksiyamıza maraqlı bir məktubla müraciət edib. O, DİA.AZ-a ünvanladığı məktubda yazır:

“Cəlilabad rayonunun ən ucqar kəndlərindən biri də Xanagahdır. Bu ərazi vahidi Təzəkənd, Pərdi və Sarıçeşmə kəndlərini əhatə edir. Bu kənddə Hüseynov Rasəddin Qulam oğlu adlı bir şəxs yaşayır. Bu adamın işi-gücü müxtəlif adlarla əhalini aldadıb, onların adına kredit götürmək, sonra aradan çıxmaqdır.

Xatırladım ki, Rasəddin Hüseynov Sovet dövründə “selpoda”, kənddəki mağazalara rəhbərlik edən ticarət idarəsində mühasib işləyirdi. O vaxtkı pulla ayağına 78 min manat pul gəldi. Əhali onun çıxılmaz vəziyyətini görüb, ona kömək etdi, qapı-qapı düşüb pul yığaraq Rasəddini həbsdən xilas etdilər. İndi bu Rasəddin onu vaxtı ilə xilas edənlərə zülm edir. Adamların etimadından istifadə edərək “Finka” və “Aksiz Bank”dan onların adına pul götürür və vəd edir ki, siz narahat olmayın, sadəcə müvafiq kağızlara imza edib, pulu mən özüm aybaay ödəyəcəyəm. Əsas bəhanəsi də odur ki, qızım üçün mebel götürmüşəm, pulunu ödəyə bilmirəm.

Konkret olaraq öz başıma gələnləri sizə çatdırmaq istəyirəm. Bir neçə ay öncə qardaşım Rusiyadan gəlmişdi. Evimi bərbad vəziyyətdə görüb mənə 14 min manat pul verdi və dedi ki, özünə babat bir ev tik. Bunu haradansa eşidən Rasəddin bizə gəlib yalvar-yaxar etdi ki, bankdan qrup halında pul götürmüşük. Həmin pulu sabah ödəməliyik ki, qarşılığında 2 gün sonra həmin puldan da artığını götürə bilək. Qısası, dəfələrlə yalvar-yaxarla xahiş etdi ki, ona 2 günlüyə 6 min 200 manat pul verim. Mən bir az tərəddüd etsəm də, sonra razılaşdım. İndi həmin 2 gün olub 3 ay, amma nə pulu ala bilirəm, nə Rasəddini tapa bilirəm. Çox xahiş-minnətdən sonra çıxılmaz vəziyyətimi görüb, onun qohumları kənd ərazi nümayəndəsinin təkidi ilə pulun təxminən yarısını ödədilər. Lakin pulun qalanını almaq üçün Rasəddini tapmaq olmur.

Sonradan məlum oldu ki, aldanan tək mən deyilmişəm. O, kiminin inamından, kiminin kasıbçılığından istifadə edərək, kimlərisə şirnikləndirərək onlarla adamı aldadıb.

Birinə deyir ki, sabah öhdəmdə olan qrupun pulunu bağlayacağam. Buna görə 2 günlük təcili pul lazımdır ki, bu qrupu bağlayıb, sonra o biri qrupun adına pul götürüm. Bununla da borcumu qaytaracağam. Başqa birinə deyir ki, qızıma mebel alıram. Sən sənədi ver, pulu sənin adına götürüm, amma ödənişi özüm edəcəyəm.

Rayonun Pərdi kəndində Quliyev Azər Allahaman oğlu adlı şəxs var. Özü də, uşaqları da ağır xəstədir və əlliliyə görə təqaüd alırlar. Rasəddin yaxın qohumu, xalası əri İslam Cəfərovla (Təzəkənd məktəbinin direktoru) həmin Azəri aparıblar “Aksiz Bank”a. Məktəb direktoru İslam Cəfərov da qohumuna zamin duraraq Azəri inandırıb ki, bu şəxs qızına toy edir. Qoy sənin adına 2 min manat pul götürək, amma hər ay pulu özümüz ödəyəcəyik. Amma 7 aydır ki, həmin əlil Azər almadığı, lakin imza atdığı pula görə hər ay ödəmələr etməyə məcbur olub. Bu azmış kimi Rasəddin Azərin 300 manat dəyərində olan iki baş qoyununu 1-2 günə pulunu verəcəyi vədi ilə ondan almış, sonra pulu verməmişdi. Hələ üstəlik Rasəddin öz xalası oğlu ilə həyətlərində həmin qoyunların ətindən kabab çəkib Azərə də verərək: “Utanma, öz malın kimi ye”, - deyə ələ salmışlar. Ən acınacaqlısı isə ali təhsilli müəllim, məktəb direktoru İslam Cəfərovun Rasəddinin dələduzluq hərəkətlərinə şərait yaratmasıdır.

Rasəddin Hüseynov Azər Quliyevin qardaşı Ələddin Quliyevin də adına “FinkaBank”dan 1000 manat götürüb. Özünə isə 300 manat verib. İndi Ələddin 7 aydır ki, pulu özü ödəməli olur.

Saxtakarlıqlar bununla da bitmir. Rasəddin Hüseynov elə həmin Pərdi kəndinin sakini Mirheydərdən, onun mərhum qardaşının ailəsindən, Oqtay adlı şəxsdən, eləcə də digər bir neçə nəfərdən müxtəlif miqdarda pul götürüb. Hətta bəzilərinin almadığı pulunun üstünə vaxtında ödəmədiklərinə görə cərimə də gəlib.

Xanagah kəndində Qarabirçək Hətəm qızının da (tənha qadın, 2 uşaq anası) adına 1500 manat götürüb. Bu pulun 500 manatını həmin qadına verib, 1000 manatın isə özünə götürüb və deyib ki, hər ay bankla özüm hesablaşacağam. İndi həmin qadın məcburən banka almadığı pulu ödəyir.

Həmçinin, mənə çatan məlumata görə, Telman Səmədov adlı şəxsin adından da bankdan 1500 manat çıxarıb, onun özünə isə 500 manat verib.

Təxmini hesablamalara görə, bu adam onlarla şəxsin adından banklardan 10 min manatdan artıq pul çıxarıb.

Lakin təəssüf ki, bu iş lazımınca araşdırılmır. Bu gün də bəzi bankların xüsusi dəllalları var ki, müxtəlif yollarla insanları tora salır, aldadır, onları əlacsız vəziyyətə gətirir, sonra da aradan çıxırlar.

Bu məktubu yazmaqda da birinci məqsədim hüquq mühafizə orqanlarının, digər əlaqədar təşkilatların diqqətini bu rüsvayçılığa cəlb etmək, ikinci məqsədim isə əhalini məlumatlandırmaqdır ki, fırıldaqçıların toruna düşüb, kredit saxtakarlığının qurbanı olmasınlar.”

Məktubda ziyan çəkən, eləcə də ziyanvuran şəxs kimi adı hallanan şəxslərin də mövqeyini qəzetdə işıqlandırmağa hazırdır.

Geri qayıt