Əsas Səhifə > Sosial, Manşet > YARDIMLIDA ŞOK SƏHİYYƏ BİABIRÇILIĞI

YARDIMLIDA ŞOK SƏHİYYƏ BİABIRÇILIĞI


12-11-2012, 11:47
YARDIMLIDA ŞOK SƏHİYYƏ BİABIRÇILIĞI
BAŞ HƏKİM XƏSTƏLƏRİN DƏRMANINI VƏ ƏRZAĞINI BAZARDA SATDIRIR

DİA.AZ: - Azərbaycanda səhiyyə sisteminin bərbadlığını hər kəs etiraf edər. Amma nədənsə az qala dövlətin əsas siyasi xətti kimi təqdim olunan antikorrupsiya tədbirləri hər dəfəsində bu sahədən yan keçir. Yəni ayrı-ayrı beynəlxalq qurumların hesabatlarında da ən çox korrupsiyalaşmış ünvanlardan biri kimi təqdim olunan Azərbaycan səhiyyəsi korrupsiyaya qarşı mübarizənin hədəfi ola bilmir ki, bilmir.

Bu da öz növbəsində mövcud eybəcərliklərin daha da geniş miqyas alması, çiçəklənməsi ilə nəticələnir. Və bu gün Bakıdakı əksər xəstəxanalarda açıq bazar priniplərinin hökm sürdüyü də hər kəsə məlumdur. Pulu olmayan xəstələrə göstərilən laqeyd münasibət, ağır xəstələr üçün nəzərdə tutulan reanimasiya palatalarının satılması kimi faktlar Oqta Şirəliyevin başında dayandığı səhiyyə sisteminin ən sıradan mənzərələrindən biridir.

Əgər paytaxtda vəziyyət belədirsə, əyalətin durumunu təsəvvür etmək heç də çətin olmaz. Xatırladaq ki, Yardımlı rayon mərkəzi xəstəxanasında baş verən özbaşına mühitlə bağlı sizləri dəfələrlə məlumatlandırmışıq. Və bu gün redaksiyamıza xəstəxananın baş həkimi Fəxrəddin Əkbərovla bağlı yeni vətəndaş müraciəti daxil olub.

DİA.AZ-a müraciət edən Yardımlı rayon sakini bildirir ki, öz yaxın qohumlarını xəstəxanada işə götürən və bunun da əvəzində dövlət büdcəsinin pullarını mənimsəyən baş həkimin əqrəbasını iş başında görən olmayıb: «Fəxrəddin Əkbərov Rasim adlı qohumunu işə götürsə də, onun adına hər ay maaş kəsilsə də, hələ bu günə kimi onu iş başında görən olmayıb. Bu da azmış kimi, xəstəxanaya ayrılan vəsaiti aşkar surətdə mənimsəyən baş həkim xəstələrə pulsuz verilməli olan dava-dərmanı satmaqla yanaşı, həm də xəstəxanaya ayrılan ərzağı və yataq dəstlərini də bazarda satdırır. Hər halda, bu özbaşınalığa «durr» deməyin vaxtıdır».

Onu da bildirək ki, Yardımlı rayon sakini Fəxrəddin Əkbərovun ünvanına daha ağır ittihamlar da səsləndirib. Qeyri-etik ifadələrin də yer aldığı həmin ittihamlarla bağlı heç bir sübutumuz olmadığından onları yayımlamadıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt