Əsas Səhifə > Güney Press, Araşdırma > “GƏNCLƏR ŞƏHƏRİ”NDƏ FAHİŞƏXANALARIN PARADI

“GƏNCLƏR ŞƏHƏRİ”NDƏ FAHİŞƏXANALARIN PARADI


14-11-2012, 09:49
“GƏNCLƏR ŞƏHƏRİ”NDƏ FAHİŞƏXANALARIN PARADI
SUMQAYIT NƏZARƏTSİZ ZONAYA ÇEVRİLİB

Bir zamanlar gənclik şəhəri kimi ad çıxarmış Sumqayıt, artıq təyinatını dəyişməyə başlayıb. Daha doğrusu, ölkənin aparıcı sənaye şəhərinin təyinatını dəyişməyə çalışırlar. Vəziyyət belədir ki, Sumqayıtın mərkəzi küçələrini qumarxana və lotoxanalar başına alıb.

TİA.AZ-a daxil olan məlumata görə, şəhərin mərkəzindəki qumarxana və lotoxanalardan yerli polisin xəbəri var. Sakinlərin dediyinə görə, gecə-gündüz fəaliyyətdə olan, əyyaş, avara insanların yığıncağına çevrilmiş bu məkanlar polisin xəbəri olmadan fəaliyyət göstərməsi mümkün deyil. Onlar deyirlər ki, artıq iş o yerə çatıb ki, bu cür yerlərdə yaşanan hay-küy əhalinin narahatlığına səbəb olub. Üstəlik, gənclərin tərbiyyəsinə də mənfi təsir etməyə başlayıb.

Sakinlərin bildirdiyinə görə, dəfələrlə yerli sahə müvəkkilərinə məsələ ilə bağlı müraciət ediblər və onlardan qanunla qadağan olunmuş fəaliyyət növü ilə bağlı tədbir görmələrini istəyiblər. Lakin bu müraciətlərin heç bir əhəmiyyəti olmayıb.

Bəzi iddialara görə, qeyd olunan qumarxanaların bu cür açıq şəkildə fəaliyyət göstərməsinə Sumqayıt Şəhər Polis Şöbəsi şərait yaradır. Üstəlik, hər ay bu məkanlardan haqq alırlarlar.
Amma Sumqayıtın dərdi bununla bitmir. Daha dəhşətli olan odur ki, günbəgün şəhərdə əxlaqsızlıq yuvalarının da sayı artmağa başlayıb. Şəhər əhli bildirir ki, əl-qolu xeyli açılmış belə üzdəniraqların fəaliyyəti artıq Sumqayıtın mərkəzinə doğru irəliləməkdədir.

TİA.AZ-a verilən məlumatda vurğulanır ki, həmin əxlaqsızlıq yuvalarından biri düz şəhərin girəcəyində, Bakı-Sumqayıt yolunun sol tərəfində yerləşən «Xan Bağı» adlı kafedir. Məlumatda deyilir ki, məxfilik xatirinə bu obyektin qarşısına vurulmuş lövhə götürülüb.

Bildirilir ki, həmin «kafe»də hal hazırda 30-a yaxın yüngül əxlaqlı həyat tərzi keçirən qız intim xidmət göstərir. «Müştəri»ni qəbul etmək üçün «kafe»də bütün şəraitin yaradıldığını bildirən şəxslər deyirlər ki, hətta qızların intim xidmətindən istifadə etməyin qiymətləri də dəqiqləşib. Belə ki, orada saatından və qızın necəliyindən asılı olaraq qiymətlər 20-100 manat aralığında dəyişir.

İddialara görə, «Xan Bağı»na «krişalıq» edən də balaca adam deyil. Həmin iddialara görə, bu kafeni himayə edən şəxs Sumqayıt Şəhər 4-cü Polis Bölməsinin rəisidir. Hətta o da deyilir ki, bu bölmənin polis əməkdaşları da «Xan Bağı»nın əsas müştərilərindən sayılır. Üstəlik, onların öz xidməti maşınlarında kafenin qızlarının intim xidmətindən istifadə etdiyinə dair məlumatlar yayılıb.

Məsələ ilə bağlı yazıda adları keçən qurum və iaşə obyektləri rəhbərlərinin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt