Əsas Səhifə > Sosial, Manşet > TAĞI ƏHMƏDOVUN İŞÇİLƏRİ SAHİBKARA DİVAN TUTUR

TAĞI ƏHMƏDOVUN İŞÇİLƏRİ SAHİBKARA DİVAN TUTUR


14-11-2012, 09:55
TAĞI ƏHMƏDOVUN İŞÇİLƏRİ SAHİBKARA DİVAN TUTUR
“YA PULUMU QAYTARSINLAR, YA DA KÖŞKLƏRİMİ, YOXSA POLİSƏ VERƏCƏM”

DİA.AZ: Yasamal rayonu, 13-cü Xreptovı küçəsi, ev 75-də yaşayan Baxşıyev Mətləb Sabir oğlu redaksiyamıza göndərdiyi şikayət məktubunda metronun “İnşaatçılar” stansiyasındakı keçiddəki ozbaşınalıqdan bəhs edir. Şikayətçi DİA.AZ-a yazır:

“Hörmətli redaksiya!

2009-cu ildən metronun “İnşaatçılar” stansiyasında olan keçiddəki köşklərdən birində ətriyyat satırdım. Həmin köşkü mənə keçidin icarə işlərinə baxan Hüseyn adlı şəxs təmənnasız olaraq icarəyə vermişdi. Mən yalnız ayda 300 manat icarə haqqı ödəyirdim. Gündəlik qazancım 10-15 manata çıxırdı. Bu da, demək olar ki, dolanışığımızı təmin edirdi. Başqa işim olmadığından məcbur idim ki, köşkdən gələn cüzi qazancımla ailəmi, həm də öhdəmdə olan qoca ata-anamı və iki qardaşımı dolandırım. Bu ilin may ayında aylıq icarə haqqını yığanlar bildirdilər ki, metronun keçidindəki köşklər yeniləri ilə əvəz ediləcək. Yeni köşklərin quraşdırılması təxminən bir ay çəkdi. Təmir ərəfəsində hər köşk sahibindən 1100 manat yığdılar. Həmin pulu keçiddə icarə işlərinə baxan Aqil və Zaur adlı şəxslər yığdı. Vaxtilə köşkü mənə verən Hüseyn xeyli vaxt idi ki, işdən çıxarılmışdı. Onun vəzifəsini Aqillə Zaur icra edirdi. Yəni, belə demək mümkünsə, köşklər onların ixtiyarında idi. Aylıq icarə haqqını da onlar yığırdı. Təmirdən sonra yeni köşklər öz sahiblərinə qaytarıldı, yalnız məndən başqa. Mən köşkümü istədikdə, Aqil və Zaur dedi ki, onlara 2000 manat verməliyəm. Mən 2000 manatı bir tanışımın vasitəsilə Zaura verdim. Köşkü alıb 200 manat da icarə haqqı versəm də, yalnız bir ay işlətdim. Çünki bir aydan sonra bəzi köşkləri “Eurovision”la əlaqədar yığışdırdılar. Və dedilər ki, köşklər “Eurovision”dan sonra yenə sahiblərinə qaytaracaqlar. Bir aydan sonra yenidən köşk sahiblərindən 400 manat yığdılar. Mən həmin pulu gec verdiyimə görə köşkümü yerinə qoymadılar. Üç aydan sonra köşkümün yerinə qoyulduğunu və onu başqa bir adamın işlətdiyini gördüm. Belə olan halda, 2000 manatı Zaura verən tanışım ondan pulu geri istədi. Zaur isə köşkü başqasına satdığını və mənə yeni köşk verəcəyini bildirdi, Amma aradan aylar keçməsinə baxmayaraq, Aqil və Zaur nə pulumu qaytarır, nə də köşkü.

Xahiş edirəm, ya pulumun, ya da köşkümün özümə qaytarılmasına köməklik göstərəsiniz. Əks təqdirdə, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Bu üzdən də onların mövqeyini öyrənmək mümkün olmadı. Yəqin ki, Baklı Metropolitenin icarə işlərinə baxan məsul şəxslər məsələ barədə açıqlama verəcəklər. Bundan sonra bilinəcək ki, nə var, nə yox. Odur ki, mövzuya qayıdacağıq.

Geri qayıt