Əsas Səhifə > Sosial, Manşet > SOSİAL BÖHRAN ORTAQLARI YABA DAVASINA ÇIXARDI
SOSİAL BÖHRAN ORTAQLARI YABA DAVASINA ÇIXARDI14-11-2012, 10:56 |
LƏNKƏRAN MƏHKƏMƏSİ İSƏ ÖZÜNÜN “BİZNES MARAQLARINI” GÜDMƏKDƏDİR DİA.AZ: - Son zamanlar ölkədəki sosial böhran vətəndaşlarımızın həyatında faciəli olaylarla müşaiyət olunmaqdadır. İnsanlar maddi durumlarını yaxşılaşdıra bilmələri üçün külli-miqdarda borclanır, kredit götürür və ödəmə qabiliyyəti olmayanda isə, bu da nəticədə cinayət əməllərinə gətirib çıxarır. Elə Lənkəran şəhəri sakini Elçin Vəliyevin DİA.AZ-a ünvanladığı şikayət məktubu da bu qəbildəndir. Məktubda deyilir: «Mən, Vəliyev Elçin Əkrəm oğlu Lənkəran rayonu Şeyx Zahid küçəsi, 3 saylı evdə yaşayıram. 31 yaşım var. Ailəliyəm. 2 oğlum var. Kiçik ticarətlə məşğulam. Əsasən, Cəlilabad rayonundakı əkinçilərin becərdiyi kartofu toplayıb Rusiyaya yollayır, bundan qazanc əldə edirdim. Bu ilin may-iyun aylarında da Cəlilabad rayonunun Maşlıq kənd sakini Saməddin Mövsüm oğlu Fərhadovun vasitəçiliyi ilə həmin kəndin 16 sakinindən kiloqramı 20 qəpikdən 4 maşın kartof tədarük etdim. Məlumat üçün bildirirəm ki, bu, bizim həmin sakinlərlə ilk alverimiz deyildi. Biz 4 ildir ki, onlarla işləyir, hər il onlardan tonlarla kartof alır və kartofun pulunu həmişə vaxtında və razılaşdırılmış məbləğdə ödəyirdik. Bu il isə hər yerdə olduğu kimi cənub bölgəsində də kartofun satışı çox acınacaqlı vəziyyətə düşdü. Bundan qəzetlər də yazdı, televiziyalar da göstərdi, hətta bu olaya mərsiyə də qoşuldu. Belə bir vəziyyətdə biz də tədarük etdiyimiz kartofu normal qiymətə sata bilmədik. Birincisi, sərhəddə hədsiz yubadıldıq, maşınlarda və vaqonlarda olan tonlarla kartof çürüdü, yararsız hala gəldi. İkincisi, Rusiya bazarında kartofun qiyməti kəskin şəkildə aşağı düşdü. Bu səbəbdən biz sürücülərin pulunu güclə ödəyib, alıcılara borclu qaldıq. Bu adamlarla biz neçə ildir çörək kəsirik, ailəvi münasibətimiz var. Yəni, bizim bu pul məsələsində, necə deyərlər, kiməsə “atmaq” fikrimiz yoxdur. Biz işləyib, çalışıb, həmin borcu qaytaracağıq. Qarşı tərəf isə bu məsələdə çox sərt mövqe tutub. Biz Cəlilabadda olanda maşınımıza cumdular, yaba ilə, ağacla üstümüzə hücum çəkdilər. Maşını həyətlərdən birinə saldılar, bütün sənədləri götürdülər. Sonra məlum oldu ki, onlar bu işi Lənkəran məhkəməsinə veriblər. Ən qəribəsi isə odur ki, Lənkəran Rayon Məhkəməsinin sədri Elçin Kazımov bu məsələyə baxarkən ədalətli, obyektiv qərar qəbul etmədi. Belə ki, mənə müvəqqəti istifadəyə verilmiş VAZ 2107 markalı Juquli maşınına həbs qoydu. (Hazırda həmin maşın Lənkəran Rayon Məhkəməsinin həyətində saxlanılır). Dolayısı ilə bizə çatdırıldı ki, guya bu işin bizim xeyrimizə həll olunması üçün 500 manat pul lazımdır. Məlumat üçün bildirirəm ki, üzərinə həbs qoyulan maşın nəinki mənə məxsus deyil, heç onu mənə istifadəyə verən Vasif Qəmbərovun da tam mülkiyyəti deyil. Yəni ki, həmin maşın ZaminBankda girovdadır. Maşına görə Vasifin banka 3 min dollara qədər borcu var. O, heç bu maşını sata da bilməz. Bundan əlavə maşını mənə müvəqqəti istifadəyə verən Vasif Qəmbərov mübahisəli vəziyyət yarandığı və özünün maşına ehtiyacı olduğunu nəzərə alıb mənə verdiyi etibarnaməni ləğv elətdirib. Bir də, ortada borc varsa, günahkar mənəm, maşın deyil ki? Maşınla hər hansı bir qəza törədilməyib ki? Mən gözləməzdim ki, insanın özündən asılı olmayaraq baş verən belə hallara görə məhkəmə ədalətsiz qərar çıxartsın. İndi biz Lənkəran məhkəməsinin qərarından Apelyasiya məhkəməsinə, eləcə də hakimin özündən müvafiq təşkilatlara şikayət etməyə məcburuq». Geri qayıt |