Əsas Səhifə > Sosial, Manşet > “TƏZƏ BAZAR” MÜƏMMASININ ŞOK PƏRDƏARXASI

“TƏZƏ BAZAR” MÜƏMMASININ ŞOK PƏRDƏARXASI


16-11-2012, 09:17
“TƏZƏ BAZAR” MÜƏMMASININ ŞOK PƏRDƏARXASI
ƏDLİYYƏ NAZİRLİYİ NƏDƏN BAZARLA BAĞLI MƏSƏLƏDƏ EHTİYATLI DAVRANIR

DİA.AZ: - «Təzə Bazar» MMC ətrafında qalmaqal davam edir. Qeyd edək ki, proses bir müddət əvvəl başlayıb. Səbəb isə bazarın həmtəsiçisi Vaqif Şıxəliyevin bir neçə gün əvvəl «Təzə Bazar»da ticarətlə məşğul olanların üzərinə özünün «qoçu dəstə»lərini göndərməsi olub.

Məlumat üçün bildirək ki, həmin hücum nəticəsində bazarda fəaliyyət göstərən işçilərə zərər və xəsarət vurulub. Belə ki, həmin işçilərdən biri Namiq İsgəndərov ağır şəkildə döyülərək, xəstəxanaya yerləşdirilib. Onun hal hazırda Musa Nağıyev adına Təcili Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilir.

Lakin Vaqif Şıxəliyevin yaratdığı bu «fırtına» ətrafında qəribə vəziyyət yaranıb. Durum belədir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsi bu yaxınlarda Vaqif Şıxəliyev barəsində qərar çıxarıb. Həmin qərara əsasən V.Şıxəliyev «Təzə Bazar»a gələ bilməz və belə hal qadağan olunub. Amma məhkəmənin qərarı olmasına baxmayaraq, sözügedən şəxs heç nəyə məhəl qoymadan yenə də bazardakı ofisinə gəlir və orada müxtəlif işlərlə məşğul olur.

Aldığımız məlumata görə, Vaqif Şıxəliyev bu azmış kimi, bazarın işçilərinə özünü göstərərək, qanunların onun üçün əhəmiyyət daşımadığını da deyir.

Onu da bildirək ki, dünən bu məsələ ilə bağlı daha bir məhkəmə prosesi keçirilib və Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, qanuna əsasən məhkəmənin çıxardığı qərar Məhkəmə Qərarlarının İcra Baş İdarəsinin nəzarəti altında icra olunmalıdır. Amma Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Xanlar Zeynalov dəfələrlə məsələ ilə bağlı xəbərdar edilsə də, məhkəmənin qərarının icrası hələ də həyata keçirilməyib. Bu barədə danışan tanınmış hüquq müdafiəçisi Azad İsgəndərli bildirib ki, dəfələrlə adıçəkilən idarəyə digər həmtəsisçi və direktor Məmmədağa İbrahimov tərəfindən teleqramlar və rəsmi müraciətlər ünvanlanıb. «Amma məhkəmənin çıxardığı qərardadın icrası təmin edilmir. Hətta dünən məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsində olduq və bizə bildirdilər ki, qərardadın icrası ilə bağlı Xanlar müəllimə müraciət edək. Sonradan Ədliyyə Nazirliyinə yollanaraq, onunla görüşmək istədik. Amma o özü deyil, işçisini göndərdi. İşçisi də «Təzə Bazar» adını eşidən kimi dedi ki, məsələ onluq deyil».

Azad İsgəndərli sual edir ki, Xanlar Zeynalovun bazar məsələsində nə marağı ola bilər? «Doğrusu, Xanlar Zeynalovun «Təzə Bazar»lan ə kimi bağlılığı olduğu bizə müəmmalıdır. Mən və Sosial Hüquqların Monitorinqi Qrupu məsələ ilə bağlı onsuz da geniş araşdırma aparır. Artıq dəyirmi masa da keçirmişik. Yaxın günlərdə isə mətbuat konfransı təşkil edərək, Prezident İlham Əliyevə müraciət etmək qərarına gəlmişik».

Geri qayıt