Əsas Səhifə > Şou-biznes > “MƏN ÖZ AÇARIMI HEÇ ƏRİMİN ƏLİNƏ VERMƏMİŞƏM”

“MƏN ÖZ AÇARIMI HEÇ ƏRİMİN ƏLİNƏ VERMƏMİŞƏM”


16-11-2012, 09:24
“MƏN ÖZ AÇARIMI HEÇ ƏRİMİN ƏLİNƏ VERMƏMİŞƏM”
“QOY HAMI BİLSİN, HEÇ KİMİN ƏRİNƏ BAXMIRAM”

Bu dəfə fərqli olsun deyə, müsahibəyə ön söz yazmadım. Çünki öncədən hər birinizin onun haqda müəyyən təəssüratları, fikirləri var.

Elə isə sizi “Elit Star” Cəmilənin daxili aləmi ilə baş-başa buraxırıq...

- Özünüz haqqında məlumat verərdiniz?

- 1967-ci ildə 11 yanvarda Sumqayıtda doğulub, böyümüşəm. Əslən zəngilanlıyam. Atam musiqiçi olub. Ailə haqqında çox danışmağı xoşlamıram. İki övladım, dörd nəvəm var. 1994-cü ildən professional sənətdəyəm.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Atamdan gəlib bu həvəs. Ona görə oxuyuram. Moskva Kooperativ Universitetini, sonra isə Konservatoriyanın vokal şöbəsini bitirmişəm. Mənim səsim Allah vergisidir.

- Uşaqlığınızı necə xatırlayırsınız?

- Uşaqlığım Sumqayıtda, Əzizbəyov küçəsi, ev 23-də keçib. Çox dəcəl olmuşam, oğlan kimi dəcəl, ərköyün böyümüşəm. Bir sözüm bu günə kimi iki olmayıb.

- Gənclik illərinizi necə xatırlayırsınız?

- Gənclik illərim Sovet dövrünə düşüb. Çox əla keçirmişəm. İdmançı olmuşam. Bütün gəncliyim Rusiyanın şəhərlərində keçib.

- İlk məhəbbətinizi necə xatırlayırsınız?

- İlk məhəbbətimi yaxşı xatırlayıram. Amma onunla deyil, öz həkimimlə ailə qurdum. Çünki sakit təbiətli insan idi. Məndən on beş yaş böyük bir insanla ailə qurdum.

- Sizin üçün sevgi nə deməkdir?

- Sevgi gözəl hissdir. Amma keçib gedəndir. Əsas ağıllı, təmkinli olasan. İstəklər qarşılıqlı olmalıdır. O istək ki qarşılıqsızdır, ona sevgi demək olmaz.

- Görəsən, şou-biznesin qanunlarını kim yazır və açarı kimin əlindədir?

- Şou-biznesdə hər kəsin öz qanunu var, hər kəs də öz yerindədir. Mənim üçün birinci və axırıncı insan yoxdur. Hamıya hörmətlə yanaşıram. Hərənin öz açarı da öz əlindədir. Mən öz açarımı heç ərimin əlinə verməmişəm. Qaldı ki, kiməsə verim. Şou-biznesin yaradıcılarından biri mənəm.

- Qalmaqal nə deməkdir sənin üçün?

- Qalmaqal olmasa, mümkün deyil. Kim nə desə, həmən cavabını verirəm. Bu da olur qalmaqal. Mən heç kəsdən çəkinmirəm və qorxmuram. Nə deyirlər, cavablarını da alırlar. Qalmaqalı elə ilk dəfə gündəmə mən gətirmişəm.

- Niyə məhz ANS ÇM radiosunda aparıcı olmaq istəyirsiniz?

- Çünki ANS kanalının mənə, mənim də onlara böyük hörmətim var. Hər şeyi doğru, dürüst xəbər verdiklərinə görə, mən də orada xəbər aparıcısı olsam, məmnun olaram. Oğlum da deyir ki, ANS ÇM radiosunda aparıcı olsam, yaxşı olar.

- Bu sənətdə ilk müəlliminiz kim olub?

- On il vokal müəllimim Firudin Mehdiyev olub. Super dərs deyib mənə. Allah rəhmət eləsin ona.

- Niyə bir çox şou-biznes əhli sizi qəbul etmir?

- Çünki mən fərqliyəm. Elit-star Cəmiləyəm. İyirmi ildir onlarla vuruşuram, hələ də davam edəcək. Mən başqa cür ola bilmərəm. Mən beləyəm. Kim istəyir sevsin, kim istəyir sevməsin. Allah məni sevsə, yetər. Mən bu şou-əhlinə fikir vermirəm, mənim öz yolum, öz mahnılarım, öz həyat tərzim var. Məni xalq qəbul etsin, sevsin, məclislərində iştirak edim. Şou əhli onsuz da bir-birini sevmir. Çox paxıldırlar.

- Çox vaxt açıq-saçıq geyinməyə üstünlük verirsiniz. Səbəb nədir, gündəmə gəlmək üçündür?

- Mən hər zaman gündəmdəyəm, gündəmdən də getməmişəm ki, qayıdım. Geyimimdəki açıq-saçıqlığı deyirsinizsə, bu, mənim üçün normaldır. Fiquram, gözəlliyim bunu tələb edir. 90-60-90 ölçülərdəyəm. Hər zaman da belə olacaq fiquram. Heç kəs mənim zövqümü dəyişə bilməz. Mən superəm.

- 90-60-90 ölçülərini necə saxlaya bilirsiniz?

- Kolbasa, sosiska çox ziyandır, yemirəm. Çörəyi az yeyirəm, ətdən az istifadə edirəm, şirniyyatlardan uzağam, dondurulmuş toyuqdan istifadə etmirəm. Yeməyimdə ən çox meyvə-tərəvəzlərə üstünlük verirəm, balqabaq yeyirəm, balığa, bir də kənd toyuğuna, qatığa, südə üstünlük verirəm. Məncə gözəlliyimi göstərmək eyib deyil. Mən özümə arxayınam deyə, soyunub şəkil çəkdirə bilərəm. Bəzən məni geyim tərzimə görə qınayırlar. Başa düşmürlər ki, bu mənim imicimdir, yaşım neçə olursa olsun, mən belə olacam. Mən Azərbaycan üçün iyirmi il tez doğulmuşam. Özümə də super baxıram. Ev şəraitində bir çox təbii maskalar düzəldib, üzümə qulluq edirəm. Başqaları kimi üzümü çəkdirməmişəm. Üz bədənin aynasıdır, əgər sifətində hər hansı problem varsa, demək, sənin daxilində də nəsə problem var. Bəziləri kimi piylərimi əritməklə formaya düşmürəm. Bilirəm, mənə qarşı paxıllıqlar var. Heç vecimə də deyil, Azərbaycan şou-biznesində səs diapazonuna görə ən bərkgedən mənəm. İndi belə şeylərə çox fikir vermirəm. Mən öləndən sonra deyəcəklər ki, Cəmilə belə oxuyurdu, belə geyinirdi. Qoy indi məsxərəyə qoysunlar. Hamını görürük də, göz qabağındadır. Heç imicmekerim də yoxdur, öz zövqümlə geyinib, bəzənirəm.

- Toylara gedirsinizmi?

- Əlbəttə, gedirəm. Məni öz mahnılarıma görə çağırırlar. Sizin əməkdar və xalq artistləriniz hamısı toylarda mənim mahnılarımı oxuyurlar. Məncə, bu kifayət edər. Məni kimsə toylarında görmək istəyirsə, canla-başla iştirak edirəm. Kasıb toylar olanda da gedib oxuyuram. Yarım saatı 200-300-500-800 manata qədər qonorar alıram. Bizim sənət satılıq deyil ki, sənətimizə qiymət qoyaq. Buna Allahın da acığı gedər. Hal-hazırda mənim yazdığım “Qarabala” mahnısı demək olar ki, toyların şahıdır. Mən olmayan toylarda da ürəyi istəyən müğənnilər oxuyur, ürəyi istəməyən disklə səsləndirir.

- Cəmilə xanım üçün “palatka” toyu nədir?

- Azəri xalqına qurban olum. Onun palatkası da, şadlıq sarayı da mənim üçün eynidir. Allah bütün subayları xoşbəxt etsin. Qorxanlar var ey, canlı oxuya bilməyənlərə Allah kömək olsun.

- Cəmilənin sponsoru kimdir?

- Mənim sponsorum Allahdır. Allah yetirir, mən də mahnı yazdırıb, klip çəkdirib, məni sevənlərin ixtiyarına buraxıram.

- Ağlamağı sevirsiniz?

- Qətiyyən sevmirəm, heç vaxt da ağlamıram. Efirlərə baxanda görürsən ki, hamı problemli verilişlər açıb kiminsə problemi haqqında danışır. Hansısa müğənnini çağırıb, verilişində oturdub, ağladır. Mən belə verilişlərə baxmıram, nə də heç kimə yazığım gəlmir. Çünki Tanrı nə yazıbsa, o da olacaq, olmalıdır. Ağlamaq zəiflik əlamətidir, həyatda da yazıq insan yoxdur. Hamı lüt doğulur, iki əl, bir başı olur ki, dolana bilsin. Ona görə də heç kimə yazığım gəlmir. Qurban olum Allahıma, Allah versin hər kəsin ruzisini.

- Hansı müğənninin mahnılarını dinləyirsiniz?

- Demək olar ki, ən çox dinlədiyim müğənni Flora Kərimovadır.

- Həyatda ən böyük itkiniz nə olub?

- Valideynlərimin itkisi.

- Cəmilənin kaprizləri nədir?

- Kaprizlərim çoxdur. Uşaqlıqdan hər şeyi yemirəm, geyinmirəm və hər adamı bəyənmirəm.

- Son vaxtlar mətbuatda, efirlərdə sizə qarşı tənqidi yanaşmalar çox olur. Buna necə reaksiya verirsiniz?

- İnanın ki, heç vecimə də deyil. Danışsınlar da. Mən Cəmiləyəm, məndən yoxdur.

- Hazırda yaradıcılığınızda nə kimi yeniliklər var?

- Hazırda Quba televiziyasında “Elit-şou” adlı verilişim var. Regionda ən baxımlı verilişdir. Yanvarda yeni diskim çıxacaq, 2013-cü il üçün. Adı da “Geri dön” olacaq diskimin. MP-3 olacaq. Hamı bilir ki, ilk dəfə flyaşkartla mahnıları mən buraxdırmışam. Məndən sonra bir çoxları buraxmağa başladı. Bu yaxınlarda Moskvaya gedirəm, klip çəkilişlərim olacaq, ideyanı da özüm verəcəm. Amma klipimin rejissoru rus olacaq. Bir də kliplərimə, mahnılarıma gündəlik prezintasiya keçirmək mənlik deyil. Yalnız mahnı yazıb, internet saytlarında dinləyicilərin ixtiyarına verməklə kifayətlənirəm.

- Niyə məhz Moskva rejissorlarına müraciət edirsiniz? Buradakı rejissorların işi sizi qane etmir?

- Burada çox çəkilib. Eyni cür nə qədər olar? Düzü, bəyənmirəm əl işlərini. Hamını eyni cür kopirovka edirlər.

- Kimdən qorxursunuz?

- Allahdan başqa heç kimdən qorxmuram.

- Elit-star titulunu sizə kim verib?

- Mən Azərbaycan, rus, ingilis dillərini təmiz bilirəm və elitni mahnıları oxuyuram. Həyatım da elitnidir. Ona görə də mənə Elit-star deyirlər. Bu möhürdür mənim üçün, dəyişmək olmaz.

- Siqaretə və içkiyə münasibətiniz necədir?

- Sükan arxasında olduğuma görə içkini bayramdan bayrama içirəm, siqareti də ki, hərdən çəkirəm, buna normal baxıram.

- Həyatda səhviniz olub?

- Səhvsiz insan olmur. Səhvim olanda da peşman olmuram. Çünki bu olub, olacaq. Allahın yazısıdır. Mən elə insanam ki, tüpürdüyümü yalamıram.

- Sizcə, qadın neçə dəfə sevə bilər?

- İnsan ölənə kimi sevməlidir. Həyatda ya birinci ol, ya da ikinci olma.

- Bəs gəlir yeriniz hardandır?

- Verilişimin sponsoru var. Dublyajda oluram, reklam çarxlarında səsim səslənir, toylara gedirəm. İnşallah, verilişim yanvardan etibarən Bakı kanallarında efir üzü görə bilər. Bütün sənətkarlarımız qonağım olub, artıq canlı efiri apara bilərəm.

- Niyə kimsə populyarlaşmaq istəyəndə başqasının başına ayaq basıb keçir?

- Mən hələ heç kimin yerini tutmamışam, heç vaxt da heç kimin haqqını tapdalamamışam. Çalışmışam həmişə cavanlara dəstək olum.

- Xəyanətə münasibətiniz necədir?

- Dünya xəyanət üstündə qurulub. Dost da, qadın da, kişi də xəyanət edir. Xəyanətə normal baxıram. Bir də görürsən ki, filan müğənnini biri saxlayır, aparıb oturdur evdə, deyir, yalnız səni saxlayım, sənə baxım. Amma başqa biri ilə yenidən xəyanət edir ona. Heyvanı saxlayarlar, insanı yox. Heç xoşum gəlmir bu sözdən, filankəsin saxlayanı var. Şou-biznesin ən məşhur sözüdür. Bir də var ki, sevgi ilə bir yerdə olmaq. Bu, başqa bir hissdir. Təmiz sevgi olmalıdır, hər şey ürəkdən olmalıdır. Elə müğənnilərin saxlayanları var ki, gözəl səsi var, amma oturublar evdə. Belə şeylər müvəqqətidir. Səsi Allah verir. İmkanından istifadə elə, heç kimə də əyilmə.

- Qısqanc insansınız?

- Qətiyyən qısqanc olmamışam. Bir də görürsən ki, toyda kimsə ərinə məni qısqanır. Qoy hamı bilsin, mən toyda oxuyanda heç kimin ərinə baxmıram.

- Bəs həyat yoldaşınız necə, qısqanc olub?

- Yox, heç vaxt bir-birimizi qısqanmamışıq.

- Bəs niyə ayrıldınız?

- Əvvəldən xasiyyətimiz tutmadı. Düzü, ayrıldıq, amma demək olar ki, bütün günü danışırıq, ayrı yaşasaq da. İyirmi beş ildir ayrılmışam. Yoldaşım da yoldaşımdı yenə. Biz ayrılanda hörmətlə ayrıldıq. Yoldaşım Olimpiya Komitəsində baş həkimdir. Sadəcə, ayrı-ayrı evlərdə yaşayırıq. Onun altmış beş yaşı var. İki insan o vaxt bir yerdə yaşaya bilər ki, ayrı yaşaya bilsin.

- Bəs yoldaşınız yenidən ailə qurdumu?

- Yox, heç vaxt. O haqda fikirləşmədi nə o, nə də mən. Heç kim deyə bilməz ki, Cəmilə həyat yoldaşına xəyanət edib. Həmişə başımı uca tutdum, tutacam da. Nə olsun ki, kağız üstündə ayrılmışıq. O bütün günü bu ölkədə, o ölkədədi. Bu yaşdan sonra da inanmıram ki, ailə qursun. Sevib ailə qurmuşduq biz. Düzdür, ayrı yaşasaq da, uşaqların, nəvələrin problemlərini birgə həll edirik. Gedib həyat yoldaşıma desələr ki Cəmilə gəzir, ömrü boyu inanmaz. Mən idmançıyam, xasiyyətimə uyğun deyil. Şükür Allaha ki, hər şəraitim var: evim, bağım, maşınım. Səsim də səsdir.

- Çoxdan bəri mahnılar yazırsınız?

- İlk dəfə sənətə Faiq Sücəddinovun mahnıları ilə gəldim. İyirmi ildən çoxdur ki, özüm yazıb, özüm oxuyuram. İndiki zamanda nəbzi tutmaq lazımdır. “Qarabala” mahnısını da yazanda çoxları qınadı məni. “Qarabala” mahnısını doxsan faiz toylarda oynayırlar. Həmişə demişəm: “Kasıblar mərd olur”. Bu mahnını guya bəziləri elit təbəqələrinə yaraşdırmırlar. Özlərini yuxarıdan tuturlar. Mən deyirəm, kim bəyənmirsə, mahnılarıma qulaq asmasın.

- Xeyirxah bir pəri ilə rastlaşsaydınız, özünüz üçün nələri arzulayardınız?

- Mənim hər şəraitim var. Yalnız Azərbaycan xalqına can sağlığı arzu edirəm. Hamı xoşbəxt, firavan yaşasın.

- Cəmilə necə kişiləri bəyənir?

- Rasim Balayev kimi kişini bəyənmişəm. Amma düzünü deyim, Azərbaycan kişilərindən heç xoşum gəlmir, mənim zövqüm xarici kişilərdir. Hazırda zövqümə uyğun kişi yoxdur.

- Bəs həyat yoldaşınızla münasibətinizdə son sözü kim deyib?

- Həmişə mənim sözüm əsas olub. Evin komandiri də mən olmuşam. İstədiyimi eləmişəm.

- Şayiələrə münasibətiniz necədir?

- Normaldır, vecimə də deyil. Hamı mənim çimərlik paltarımdan danışır. Amma niyə də çimərlik paltarı geyinməyim? Çox gözəl, tər-təmiz bədənim var. Bəziləri kimi xələtlə gedib dənizdə çimməyəcəm ki. Bəzi kişiləri tanıyıram ki, arvadlarını gecə köynəyində çimizdirirlər. XXI əsrdə yaşayırıq. Cəmilə çimərlik paltarında şəkil çəkdirdi. Ox oldu hamının gözünə çimərlik paltarım. Rəqsanə, Röya, Aygün, Nura çimərlik paltarlarında şəkil çəkdirdilər, heç kim heç nə demədi. Demək, Cəmilənin pozaları qəşəng idi deyə dilə düşdü. Qəşəngəm ki, gözlərini çəkmirlər məndən. Kim söz atacaq, artıqlaması ilə cavabını verəcəm. Heç bir şayiə də vecimə deyil. Əgər danışırlarsa, Cəmilə maraqlıdır. İndiki zamanda şou-biznesdə əsl kişi azdır. Bəziləri saçlarını qaraldır, üzlərini daraldırlar. Gələn cavan oğlanlarda da eyni saqqal, eyni geyim olur. Ağzımı açmasınlar, mənim adımı da hallandırmasınlar. Adımı hallandıranları bilirəm necə oturdacam yerinə.

- Unudulmaqdan qorxursunuz?

- Qətiyyən qorxmuram. Çünki mənim mahnılarım sevilir. Vaxt var idi Vaqif Mustafazadəni heç kim bəyənmirdi. Geyimində, saqqalında, ifasında irad tuturdular. İndi isə bütün günü efirlərdə hamı ondan danışır.

- Sizcə, ulduz harada olur?

- Ulduz göydə, yerdə olur. Mənim üçün bir nömrə heç kimdir. Hərənin öz kütləsi var, fanatları var. Məsələn, Ədalətin, Xumarın, Röyanın səs tembri kimi heç kimin səsi yoxdur. Çünki biz qeyri-adiyik.

- Ən çox özünüzdə nəyi bəyənirsiniz?

- Özümü çox sevirəm. İnsan gərək özünü çox sevə ki, başqasını da sevsin. Mən hər gün güzgünün qarşısında durub özümə baxıram. Bədənimdə bir dənə selülit ola bilməz.

- Cəmilə gündəmdə qalmaq üçün nələr edir?

- Mən mahnılarımı özüm yazıram. Yazan kimi də internetə buraxıram. Ondan sonra kim istəyir, axtarır tapır məni. Mən başqası kimi evimi gedib satıb, gündəmdə qalmaq üçün klip çəkdirib, efirlərə vermirəm və o ağılın da yiyəsi deyiləm. Bəziləri də camaatın gözünü mazol etmək üçün gündəmdə qalıb. Güclə mahnını adamın beyninə yeritməzlər ki, mən birinciyəm. Əsas tamaşaçı sevməlidir səni.

- Falçıya gedirsinizmi?

- Əlbəttə, gedirəm. Mənim özüm vergiliyəm. Məni qeyri-adi qüvvə var, o qoruyur.

- Şəlalə nə deməkdir sizin üçün?

- Şəlalə coşub-daşandır. Fəal xanımsınız, qeyri-adisiniz. Xarici görüşünüzdə də bənzəriniz yoxdur. Bu ad yerində verilib sizə.

- Həyatda nəyə nifrət edirsiniz?

- Yalana nifrətim böyükdür. Mən abır-həya ilə sevib, ailə qurmuşam. Həmişə də başımı dik tuturam. Baxırsan efirdə elə maskalanıb danışırlar ki, sanki ondan yoxdur. Bir video lazımdır ki, onun nə işlə məşğul olduğunu çəkib göstərəsən.

- Bəs ad almaq üçün kimlərəsə müraciət etmisiniz?

- İyirmi ildir bu səhnədəyəm. 18 ildir AzTV-nin solistiyəm. Mənim o pulum yoxdur ki, gedib ev-eşiyimi satım, gəlim mənə ad versinlər. Yəqin hamıya paylayıb qurtarandan sonra mənə də növbə çatar. Belə də ki, mən xalqın Elit-star müğənnisiyəm.

- Qadın gözəlliyi nə deməkdir sizin üçün?

- Qadın gözəlliyi ən böyük silahdır. Qadın hərtərəfli gözəl olmalıdır. Gözəl olmaqla oturuşunu, duruşunu bilməlidir. Kişi ondan zövq almalıdır, cazibədar olmalıdır. Mən cazibədar xanımam, çünki özümü çox bəyənirəm.

- Bəs niyə bəzi həmkarlarınızın məclisində iştirak etmirsiniz?

- Mən heç kimlə dostluq etmirəm. Mənə “Tənha canavar” deyirlər. İyirmi ildir məni bəyənməyənlər var ha, onları yola sala-sala gəlirəm. Bəziləri də var ki, sponsorları əlini çəkən kimi yoxa çıxırlar. Mən həmişə gündəmdə olmuşam, olacam da.

Geri qayıt