Əsas Səhifə > Gündəm, Manşet > BAZARDA KİFLƏNMİŞ "ROMAŞKA" XAMASI SATILIR
BAZARDA KİFLƏNMİŞ "ROMAŞKA" XAMASI SATILIR11-11-2011, 13:33 |
YEVLAXLI İŞ ADAMI "AVRORA" FİRMASININ YERLİ FİLİALINDAN ŞİKAYƏTÇİDİR DİA.AZ: - Yevlax şəhər sakini, iş adamı Fərzəliyev Cəlil Səfər oğlu "Avrora" şirkətinin yerli filialının fəaliyyətindən şikayəçidir. Qeyd edək ki, Cəlil Fərzəliyev bizneslə məşğuldur, Yevlax şəhərində marketi var. Şikayətçinin "Dünya" İnformasiya Agentliyinə (dia-az.life) verdiyi məlumata görə, o, uzun müddətdir ki, "Avrora" şirkətinin yerli filialından bir neçə çeşiddə ərzaq məhsulu alır. Bu çeşidlər sırasında Pribaltikanın istehsalı olan "Romaşka" xaması da var: "10 ildən çoxdur ki, biz o malı satırıq. İndiyə kimi bir dəfə də olsun, şikayət, narazılıq olmamaşdı. Təsəvvür edin ki, Yevlaxda camaat "smetan" sözü işlətmir, "smetan" əvəzinə "Romaşka" deyir. Bir sözlə, "Romaşka" bütün respublika üzrə bazarda özünə yer tutmuş maldır. Ancaq son bir neçə ayda "Romaşka" xamasından şikayətlər gəlməyə başladı. Biz də firmaya bildirdik ki, bu maldan şikayət gəlir. Malı qəbul edəndən sonra onun içindən xarab olanları çıxır. Baxırsan ki, istifadə müddəti keçməyib. Amma açırsan, görürsən ki, xamanın üzündə göyərmiş nöqtələr var. Adətən, vaxtı keçən ərzaq məhsulları o cür kifləyib göyərir". Cəlil Fərzəliyev alıcıların şikayətləri ilə bağlı firmanın işçilərinə narazılığını bildirsə də, heç bir tədbir görülməyib: "Məcbur olub firmanın regional təmsilçiliyinin rəhbərliyinə şikayət etdim. Onlar etiraf etdilər ki, bəli, xəbərimiz var, satdığımız mallar arasında xarab çıxanı da olur. Dedim, bir halda ki, bilirsiz, onda xarab mallarınızı yığışdırın, əgər bundan bir zəhərlənmə halı olsa, məsuliyyəti bizim üstümüzdə qalacaq, siz heç yada düşməyəcəksiz. Çox çək-çevirdən sonra dedilər ki, biz araşdırdıq, belə başa düşürük ki, 22 sentyabr tarixdə satılan patiyada xarab məhsullar olub. Sizdə həmin tarixə olan nə qədər mal varsa, qaytarın. 22 sentyabr tarixə olan bütün malları yığıb qaytardıq". Cəlil Fərzəlyev deyir ki, həmin tarixdə satışa buraxılan "Romaşka"ları qaytarıb, yenilərini alsa da, yenə də alıcıların şikayəti kəsilməyib: "Yenə də firmaya müraciət etdim. Biz rayon yerində yaşayırıq, 1000 müştəridən bir-ikisini tanımırıq. Müştərilərdən neçəsi gəlir ki, qardaş, utandım gətiməyə, tulladım zibil qabına, sizin satdığınız "Romaşka" yararsızdır. Təsəvvür edin, mən özüm 2-ni evə apardım, biri yaxşı, biri xarab çıxdı. Bir daha firma rəhbərliyinin nəzərinə çatdırdım ki, sizin xamadan yenə də şikayət var, gəlin, malınızı yığıb aparın, mən bir müddət sizin malınızı satmayacağam. Həmin firma bizə bir neçə çeşddə mal - həm araq, həm makaron, həm də xama satır. Hər dəfə deyirdilər, gəlib götürəcəyik, amma gəlmir, ləngidirdilər. Axırda bir dəfə araq gətirib boşaltdılar, mən məcbur olub pulunu vermədim. Dedim, xamanızı götürün aparın, ondan sonra arağın pulunu verəcəyəm. Yenə razılaşmadılar. Axırıncı dəfə firmanın işçisi bura gələndə dedim ki, qardaş, zorla deyil ki, satmıram da sizin malı, niyə gəlib yığışırıb aparmırsız? Malınız xarab çıxır, özünüz də bilirsiniz. İndi mən nə edim, yığım bunları aparıb şikayət edim?" Dəfələrlə firmanın işçilərinə və rəhbərliyinə şikayət etdiyini deyən Cəlil Fərzəliyev aldığı arağın pulunu saxlamaqla belə firmaya təsir edə biməyib: "Firmanın rəhbər işçisi dedi ki, arağın pulunu vemirsən, heç vermə, mən onsuz da həmin pulu sürücünün əmək haqqından çıxacağam. Fikir verin, bu adam demir ki, gedin, o malı yığışdırın, deyir, sürücüdən arağın pulunu çıxın. Elə də etdi. Bir gün sürücü gəlib şikayətləndi ki, bəs, arağın pulunu məndən çıxdılar. Mən də bu işdə heç bir günahı olmayan sürücünün haqqını kəsə bilərəm? Əlbəttə, yox. Ona görə də çıxarıb onun pulunu verdim. Amma "Avrora" firmasının yerli filialının rəhbərliyi nə problemi həll edir, nə də gəlib malını yığışdırıb aparır". Araşdırmaları nəticəsində Cəlil Fərzəliyev nəhayət ki, bəzi qutulardan bir neçə ədəd xarab olmuş "Romaşka" xaması çıxması "sirri"nin üstünü açır: "Əvvəllər o firmada işləyib işdən çıxan uşaqlar var. Onlardan biri mənimlə söhbəti zamanı and içdi ki, müddəti keçmiş və xarab olmuş malların etiketində istifadə müddətini dəyişir, yeni istifadə müddəti "təyin edir", sonra da həmin malları iki-iki, üç-üç təzə mallar olan qutulara yerləşirir və satışa çıxarırlar. Bir qutunun içindən 1-2 xarab mal çıxanda çoxları bunu onlara irad tutmur. Amma söhbət insan həyatından gedir. Ona görə də qəzetiniz vasitəsilə firmanın rəhbərliyinə müraciət edirəm ki, fimanın yerli filialının bu cür fııldaqçılığına son qoysunlar". Təəssüf ki, iş gününün sonu olduğu üçün aldığımız məlumatla bağlı "Avrora" firmasının rəhbərliyi ilə əlaqə saxlayıb onların münasibətini öyrənə bilmədik. Bununla belə növbəti sayımızda qarşı tərəfin mövqeyinə aydınlıq gətiməyə çalşacağıq. Qeyd edək ki, sözügedən şirkət 2000-ci ilin aprelindən etibarən Bakı şəhərində fəaliyyətə başlayıb. Firma öz istehsalı olan, həmçinin distributorluğunu etdiyi xarici şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdırır. Fəaliyyətə başladığı dövrdən ötən 11 il ərzində "Avrora" firması təkcə paytaxtda deyil, regionlarda da öz fəaliyyətini genişləndirib. Belə ki, hazırda fimanın Gəncə, Quba, Göyçay, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt və Bərdədə filialları açılıb. Firma makaron, peçenye, biskvit kimi məhsullar istehsal etməklə yanaşı Rusiya, Gürcüstan, İspaniya, Latviya və Fransanın bir sıra firma və şirkətlərinin, o cümlədən "Ost-Alko", "Ost-Aqva", "Pernod Riçard", "Podoç-M", "Ttradiçii kaçestva", "San-interbryu", "Transmrk", "Rollton", "Ehrmann", "Baltika", "Lase", "Zaqora", "Lyustdrof", "Ruskiy Resept", "Happyland" və s. şirkətlərin eksklüziv distribüteridir. Maraqlıdır, hədəfləri sırasında məhsulların keyfiyyətinin daim standartlara uyğunluğunu təmin etmək, idxal etdiyi yüksək reytinqli məhsulların distribüterliyini saxlamaq və artırmaq, rəqabət şəraitində və müştərilərə göstərilən xidmətdə lider olmaq kimi mühüm məqsədlər qoyan "Avrora" nədən yerli filialının rəhbərinin müştərilərə xarab olmuş məhulu sırımasından, firmanın imicinə zərbə vurmasından xəbərsizdir? Yoxsa, alıcıların xarab olmuş xamadan zəhərlənməsi təhlükəsi "Avrora"nın rəhbərliyinin də vecinə deyil? Geri qayıt |