Əsas Səhifə > Partiya > SABAH BAKININ MƏRKƏZİNDƏ MİTİNQDİR

SABAH BAKININ MƏRKƏZİNDƏ MİTİNQDİR


16-11-2012, 11:51
SABAH BAKININ MƏRKƏZİNDƏ MİTİNQDİR
MERİYA "YOX" DESƏ BELƏ...

Noyabrın 17-də saat 15:00-da Bakının Fəvvarələr meydanında mitinq keçiriləcək. Mitinqin təşkilatçıları siyasi partiyaların, gənclər təşkilatlarının, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, eləcə də mühacirətdə yaşayan azərbaycanlılardır. Ümumilikdə mitinqin təşkilatçılığına 51 nəfər qoşulub. Təşkilatçılar sırasında AXCP, Müsavat, ADP, VHP, KXCP partiyalarının rəhbərliyində təmsil olunan şəxslər də var.
Bu mitinq hər hansı siyasi təşkilatın, ictimai qurumun deyil, bütövlükdə müxalif ictimai-siyasi düşərgənin birgə etiraz aksiyası kimi nəzərdə tutulub. Təşkilatçıların yaydığı məlumatda bu etiraz 20 oktyabr aksiyasının davamı kimi qiymətləndirilir. Planlaşdırılan aksiyanın əsas tələbi parlamentin buraxılması, yeni parlament seçkisinin keçirilməsidir.
Mitinqin təşkilatçıları Bakı şəhər Icra Hakimiyyətinə müraciət ediblər. Ötən gün isə BŞIH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsindən təşkilat komitəsinə bildirilib ki, vətəndaşların istirahətinin təşkili üçün nəzərdə tutulan “Fəvvarələr meydanı”nda etiraz aksiyasının keçirilməsinə qanunvericiliklə icazə verilmir.
Aksiya təşkilatçıları isə onu keçiricəklərini bəyan edirlər.

Aksiyanın Təşkilat Komitəsinin üzvü, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev “Azadlıq”a açıqlamasında bildirib ki, BŞIH-in hansı cavab verməsindən asılı olmayaraq, vətəndaş mövqeyini ortaya qoyacaqlar: “Bütün insanlara çağırış edib deyirəm ki, öz vətəndaş mövqelərini ortaya qoysunlar. Konstitusion hüquqlarından istifadə etsinlər, saxta parlamentə etiraz etsinlər. Belə bir parlamenti formalaşdıran hökumət, başda Ilham Əliyev olmaqla, istefaya getməlidir. Çünki hakimiyyət min bir yolla çalışır ki, öz çirkin əməllərini gizlətsin. Bakı şəhər Icra Hakimiyyətinin bizə yox deməsi gözlənilən idi. Biz bu cavabdan ruhdan düşmürük. Bundan əvvəlki etiraz aksiyalarına da heç bir halda icazə verilməyib, ancaq biz meydana çıxıb sözümüzü demişik, haqqımızı tələb etmişik. Bu dəfə də elə olacaq. Meydana çıxıb haqqımızı bu hökumətdən tələb edəcəyik”.

Aksiyanın Təşkilat Komitəsinin başqa bir üzvü, AXCP sədrinin müşaviri Məmməd Ibrahim BŞIH-ə edilən müraciəti xəbərdarlıq məqsədilə ünvanladıqlarını söylədi: “Konstitusiyanın 49-cu maddəsində yazıldığı kimi, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə aksiyalar, piketlər keçirə bilərik. Biz buna görə öncədən xəbərdarlıq etmişdik. Onu da bilirdik ki, meriya yenə ”yox" deyəcək. Bakı şəhər Icra hakimiyyətinin “yox” cavabı bizim niyyətimizin üstündən xətt çəkmir. Aksiyanı keçirəcəyik. Fəvvarələr meydanında saat 3-də toplaşıb, öz haqqımızı tələb edəcəyik, “Parlament buraxılsın!” şüraını səsləndirəcəyik". \ azadlıq.info \

Geri qayıt