Əsas Səhifə > Siyasət, Manşet > KƏRƏM HƏSƏNOV XOF İÇİNDƏ

KƏRƏM HƏSƏNOV XOF İÇİNDƏ


19-09-2011, 11:28
KƏRƏM HƏSƏNOV XOF İÇİNDƏ

KOMİTƏ SƏDRİNİN XARİCİ BANK HESABLARI DA ARAŞDIRILIR

Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda topladığı külli miqdarda vəsaiti xaricə çıxardaraq müxtəlif hesablara yatırdan Kərəm Həsənov bununla sahibi olduğu maddi sərvətin təhlükəsizliyini təmin etməyə çalışır.

Ötən gün özəl mənbədən redaksiyamıza daxil olan məlumatda K.Həsənovun Dubay banklarındakı hesabına yatırdığı vəsaitlə bağlı maraqlı məlumatlar yer alıb. K.Həsənovun öz vəsaitini Dubay şəhərində konkret olaraq iki müxtəlif bankda cəmləşdirdiyini söyləyən mənbə, milyon dollarlarla ölçülən pulların Dövlət Əmlak Komitəsinin sədrinin əlindən çıxa biləcəyini bildirib.

Mənbənin bildirdiyinə görə, K.Həsənovun Dubaydakı pulları əsasən iki bankda - Mərkəzi Ərəb Bankı və ingilislərə məxsus bir digər bir bankda saxlanılır. Hesabdakı pulların fantastik dərəcədə çoxluğunun diqqət çəkdiyini bildirən mənbə, bu pulların hər an itirilə biləcəyini də qeyd edib: »Sözügedən bankda dünyanın fərqli ölkələrində məskunlaşan yüzlərlə məmurla yanaşı komitə sədrinin Mərkəzi Ərəb Bankındakı vəsaiti daha çox diqqət çəkir. Qeyd edək ki, K.Həsənovun Dubaydakı vəsaitinin önəmli bir qismi məhz bu bankda saxlanılır. Hər 2-3 aydan bir bu hesablara ciddi miqdarda məbləğ əlavə olunur ki, bu da hər şeydən əvvəl bank rəhbərləri tərəfindən heyrətlə qarşılanır. Deyilənlərə görə, bank rəhbərləri öz aralarında hətta zarafatla bildirirlər ki, belə getsə, Mərkəzi Ərəb Bankı bu milyonlar üçün darlıq edəcək».

Mənbənin sözlərinə görə, əmlak komitəsi sədrinə məxsus hesab nömrəsi ABŞ Dövlət Departamentinin göstərişi əsasında Birləşmiş Ərəb Əmirliyinin əlaqədar yetkililəri tərəfindən araşdırılır. Mənbə bank hesablarının yoxlanılmasının səbəblərinə də aydınlıq gətirib: »Azərbaycanlı məmurun hesablarının yoxlanılması tələbi Birləşmiş Ştatların Dövlət Departamentinin tələbindən sonra həytata keçirilib. Əslində, K.Həsənov hesabı araşdırılan yeganə məmur deyil. K.Həsənovla yanaşı hesabında milyon dollarla vəsait olan xeyli sayda insanın da bank hesabları təftişə məruz qalıb. Hesabı yoxlanılan bu insanların ən az yarıdan çoxunun vəsaitinə əl qoyulacağı ehtimal edilir».

Mənbənin məlumatına görə, ABŞ-ın belə bir addım atmasına səbəb ərəb ölkələrində baş verən hadisələrdir: »Ərəb ölkələrində baş verən inqilablar və demokratik dalğa səbəbilə ABŞ Dövlət Departamenti keçmiş sovet məkanı və ərəb ölkələrində məskunlaşan insanların adına olan və ciddi məbləğdə vəsaitin cəm olduğu bütün hesabların yoxlanılmasına qərar verib. Ağ Ev rəhbərliyi bununla söügedən ölkələrdəki məmur-oliqarx və iri sahibkarların maddi qüdrəti və onların bu ölkələrdə baş verəcək proseslərə təsiretmə gücünü müəyyənləşdirməyə çalışır. ABŞ-ın bu informasiyadan həmin məmurlara təzyiq etmək, onları ələ almaq məqsədilə istifadə edəcəyi də güman edilir. Həmçinin, Birləşmiş Ştatların bu məlumatlardan istənilən ölkəyə qarşı da uğurla istifadə edəcəyi, bu informasiyalarla bağlı həmin ölkələrin ictimaiyyətini mlumatlandırmaqla bu dövlətlərdə daxili qarışıqlıq yaratmaq planlarını müvəffəqiyyətlə yerinə yetiriləcəyi ehtimal olunur».

Mənbənin sözlərinə görə, Dubaydakı maliyyə yoxlamaları K.Həsənovun bu şəhərdəki təmsilçisini yaşamaq izni aldığı ölkədən dirdərgin salıb. Ordakı işlərini milliyyətcə hindli olan Pariş adlı şəxsə həvalə edərək Bakıya gəldiyi bildirilən şəxsin K.Həsənovdan da töhmət aldığı söylənilir: »ABŞ-ın Dubay rəsmiləri ilə birgə apardığı araşdırmalarda əsas məqsədlərdən biri çirkli pulların mənbəyini müəyyənləşdirmək və korrupsiyaya qurşanan məmurların kimliyini aşkarlamaqdır. Artıq ərəb ölkələri və keçmiş sovet məkanında yaşayan bəzi məmurların oradakı təmsilçiləri daha genişçaplı araşdırma məqsədilə gözaltına alınıb. Onların və eləcə də həmin şəxslərin himayəsindəki məmurlarla bağlı məlumatlar həmin ölkələrin rəhbərliyinə göndərilir. Hesab təftişinin K.Həsənovu da hədəf aldığını və Dubay şəhərində daha bir neçə gün ləngiyəcəyi təqdirdə həbs ediləcəyini anlayan komitə sədrinin oradakı təmsilçisi isə artıq Birləşmiş Ərəb Əmirliyini tərk edərək Azərbaycana gəlib. Lakin oradakı işlərini hind əsilli Pariş adlı şəxsə tapşıraraq qaçan şəxs Bakıda K.Həsənov tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Qaçqın düşən nümayəndəsini səriştəsizlikdə və məsuliyyətsizlikdə ittiham edən K.Həsənov əsəblərinə hakim olmayaraq həmin şəxsi otağından qovub».

Mənbənin bildirdiyinə görə, K.Həsənovla bağlı yaşananlar digər məmurlar arasında da ciddi təlaşa səbəb olub. Artıq Avropa və varlı ərəb ölkələrindəki pullarının güvəndə olmadığını anlayan ölkə məmurları illər uzunu topladıqları sərvəti qorumaq üçün yeni üsullar axtarışındadır: »Komitə sədri ilə bağlı baş verən olay siyasi hakimiyyətin yuxarı eşalonunda yer turtan məmur ordusu arasında vahiməyə səbəb olub. Min bir qorxu və təzyiq altında oğurluqca yığdıqları milyonların bir anda əldən çıxacağından narahat olan məmurlar, bu pulları qorumaq üçün yeni üsul və vasitələr axtarışındadır. Məsələ bundadır ki, artıq bu milyonları hansısa adi və ya iş adamının adına sənədləşdirmək öz effektini itirib. Belə ki, konkret şəxsin adına sənədləşdirilən pulların nə dərəcədə qanuni olduğunu müəyyənləşdirmək üçün aparılan təşftiş nəticəsində həmin şəxsin bu qədər vəsaitə sahib olub-ola bilməyəcəyi son dərəcə dəqiqliklə araşdırılıb ortaya çıxarılır. Bu isə həmin hesaba əl qoyulması və əlaqədar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnir. Odur ki, yaxın aylarda ölkə məmurlarının öz milyonlarının təhlükəsizliyini təmin etmək üçün analoqu olmayan üsullara əl atacağı ehtimal edilir».


Geri qayıt