Əsas Səhifə > Partiya > "AYAZ MÜTƏLLİBOVA DEYİN Kİ"...
"AYAZ MÜTƏLLİBOVA DEYİN Kİ"...21-11-2012, 10:57 |
DEPUTATLARDAN EKS-PRESİDENTƏ İSMARIC VAR “Ayaz Mütəllibov Rusiyanın diktəsi ilə oturub-duran konkret olaraq, Azərbaycanın milli maraqlarına, onun müstəqilliyinə xidmət edən siyasəti həyata keçirməyən, Moskvadan asılı bir şəxs idi. Ona görə də Ayaz Mütəllibov hakimiyyətdən getməli idi”. Bu sözləri Modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı eks-prezidentin Azərbaycanın müstəqilliyi üçün mübarizə aparımış AXC-ni “milli qüvvə” saymadığı barədə açıqlamasını şərh edərkən bildirib. Eks-prezident o zaman AXC-nin hakimiyyət uğrunda mübarizə apardığını bildrib. F.Ağamalı isə vurğulayıb ki, Mütəllibovun hakimiyyətdən getməsinin başlıca səbəbi Xocalı soyqırımı, Xocalı faciəsinin doğmuş olduğu ağır psixoloji vəziyyət idi. “Ayaz Mütəllibovun hakimiyyətdən devrilməsində mühüm rol oynayanlardan biri də mənəm. Onun da başlıca səbəbi Xocalı soyqırımı, Xocalı faciəsinin doğmuş olduğu ağır psixoloji vəziyyət idi. Xüsusi olaraq, televiziyadakı gedən yalnış fikirlər, informasiyalar həqiqətə uyğun gəlmədiyi üçün xalqda çox böyük qəzəb doğurmuşdu. Bu qəzəb nəticəsində, xalq Ayaz Mütəllibovun birmənalı olaraq, hakimiyyətdən getməsini tələb edirdi. Həmin vaxt kəsiyində xalqın önündə gedən Azərbaycan Xalq Cəbhəsi idi. Təbii ki, Ayaz Mütəllibovun hakimiyyətdən getməsində Azərbaycan Xalq Cəbhəsi də mühüm rol oynadı”. F.Ağamalının sözlərinə görə, həmin dövrdə artıq AXC-nin üzvü olmayıb və yenicə yaratdığı Ana Vətən Partiyasının sədri kimi o proseslərə qoşulub. “Yəqin cənab Ayaz Mütəllibov bu fikirləri oxuyacaq. O zaman onun istefasını tələb edən qadınların Milli Məclisi mühasirəyə almasının ideya müəllifi və təşkilatçısı mən idim”. Milli –azadlıq hərəkatının fəal iştirakçılarından olan F.Ağamalı Mütəllibov tərəfindən siyasi tarixin təftiş olunmasını yolverilməz hesab edir. “Ayaz Mütəllibov Azərbaycanın keçmişidir. Onun açıqlamalarının bu gün ictimai və siyası yükü kifayət qədər deyil. Hər halda, arzulayardım ki, Ayaz müəllim yaşının bu çağında hadisələri, ona bəlli olan faktları obyektiv, qərəzdən uzaq şəkildə danışsın ki, qaranlıq məqamlar da üzə çıxsın”-deyə deputat vurğulayıb. Geri qayıt |