Əsas Səhifə > Dünya > ƏMİUŞAQLARI ATƏŞKƏSƏ NAİL OLDULAR

ƏMİUŞAQLARI ATƏŞKƏSƏ NAİL OLDULAR


22-11-2012, 09:31
ƏMİUŞAQLARI ATƏŞKƏSƏ NAİL OLDULAR
QƏZZA BLOKADADAN ÇIXA BİLƏR

İsrail və Fələstinin Qəzza bölgəsini idarə edən “Həmas” rəsmiləri noyabrın 21-də atəşi dayandırmağa razılaşıblar. Atəşkəs razılaşmasının əldə olunduğunu Qahirədə ABŞ dövlət katibi Hillari Klintonla birgə brifinq keçirən Misirin xarici işlər naziri Məhəmməd Kamal Əmr rəsmən bəyan edib. O, razılaşmanın Qahirə vaxtı ilə noyabrın 21-i saat 21-dən qüvvəyə mindiyini deyib, amma detallar haqqında bilgi verməyib.

“Media forum” saytının məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu açıqlama yayaraq atəşkəsə ABŞ prezidenti Barak Obama ilə məsləhətləşmələrdən sonra qərar verdiyini vurğulayıb. Qahirədə jurnalistlərlə bir araya gələn “Həmas” lideri Xalid Məşal isə deyib ki, atəşkəs razılaşması Qəzzanın blokadasının tam götürülməsini nəzərdə tutur. O qeyd edib ki, razılaşmanın taleyi İsraildən asılıdır: “İsrail öhdəliklərə əməl etsə, biz də edəcəyik. Əks halda silah əlimizdədir”.

Noyabrın 14-dən İsrail aviasiyası Fələstinin Qəzza bölgəsini bombalayıb. Əməliyyatlarda 140-dan çox fələstinli həlak olub. “Həmas” qüvvələrinin İsrailə endirdiyi raket zərbələri isə 5 nəfərin ölümü ilə nəticələnib.

Geri qayıt