Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISININ AXIRINCI FIRILDAĞI

İCRA BAŞÇISININ AXIRINCI FIRILDAĞI


13-11-2011, 13:13
İCRA BAŞÇISININ AXIRINCI FIRILDAĞI

VİLYAM HACIYEV SAHİBKARLA BƏYLƏR ƏYYUBOVU ÜZ-ÜZƏ QOYMAĞA ÇALIŞIB

DİA.AZ: - Samux rayonunun icra başçısı Vilyam Hacıyevin görəvdən alınacağı günün uzaqda olmaması barədə məlumatlar artıq daha da intensiv xarakter almaqdadır. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını məlumatlandıran mötəbər qaynağın sözlərindən belə aydın olur ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin doğmaca əmisi oğlu olan Vilyam Hacıyev ən geci gələn ilin yanvar ayına planlaşdırılan icra başçılarının ikinci «yarpaq tökümü» sezonundakı qurbanlıqlardan biri olacaq.

Onu da xatırladaq ki, Vilyam Hacıyev barəsində ən çox şikayət edilən icra başçılarından biri olmasına baxmayaraq, hələ də vəzifəsini sürdürür, kimsə onu yerindən tərpətmək bəradə düşünmür. Onun kimə, hansı qüvvəyə arxalandığını təxmin etmək o qədər də çətin deyil. Hər halda, heç bir icra başçısı ciddi dayağı olmadan ölkə başçısını belə aldatmağa girişməz. Amma Vilyam Hacıyevin 3 il əvvəl prezident İlham Əliyevi rəsmən aldatdığını günü bu gün də Samuxda danışırlar.

Qeyd edək ki, bu barədə əvvəlcədən də oxucularımızı məlumatlandırmışdıq. Amma xatırlatmağımıza da ehtiyac var. Verilən xəbərlərdən aydın olurdu ki, 2008-ci ilin 4 mart tarixində prezident İlham Əliyev Samuxda olarkən Vilyam Hacıyev həmin ərəfədə yenicə təmirdən çıxmış və yerli sakinlər arasında «Mosu kişinin çayxanası» kimi tanınan obyekti prezidentə «Şahmat Klubu»nun yeni binası kimi təqdim edərək, hətta qırmızı lentini də kəsdirib. Sakinlər bildirir ki, günü bu gün də həmin obyekt çayxana kimi fəaliyyətdədir. Prezidentə söylənən yalanın ifşasından ehtiyatlanan başçı isə sonradan həmin obyektin yaxınlığında yeni «Şahmat Klubu» tikmək məcburiyyətində qalıb.

Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, Vilyam Hacıyev yenə də sahibkarlarla ciddi problemlər yaşayır. Xatırladaq ki, icra başçısı yerli iş adamlarından olan Samux Asfalt Beton zavodunun sahibi Nəsrulla Nəzərovun 491 min manat pulunu mənimsəyib. Bu məsələ o qədər populyardır ki, hətta iş məhkəmədə çözülməyə qədər inkişaf edib. Onu da qeyd edək ki, bu mövzu ilə əlaqədar materiallar dərc etməsi səbəbindən icra başçısı «Gündəm Xəbər» qəzetinə qarşı da absurd iddia qaldırıb.

Mötəbər mənbənin bildirdiyinə görə, Nəsrulla Nəzərovun 491 min manat pulunu qaytarmaq niyyətində olmayan Vilyam Hacıyev sahibkarı ölkənin nüfuzlu məmurları ilə üz-üzə qoymaq kimi gülünc hərəkətlərindən belə qalmır. Bu barədə mənbənin danışdıqları: «Rayon ərazisində Nəsrulla Nəzərova qanuni sənədlərlə məxsus olan ərazi Vilyam Hacıyev tərəfindən dəfələrlə digər sahibkarlara təklif edilib. Həmin sahibkarlar da ərazinin qanuni sahibinin olmasını öyrnəndən sonra başçının təklifinə rədd cavabı veriblər».

Mənbə bildirir ki, hətta bu rədd cavabları da Nəsrulla Nəzərovun pulunu fırıldaq yolu ilə ələ keçirmiş Vilyam Hacıyevi usandırmayıb: «Həmin ərazi Bəylər Əyyubovun qohumlarından birinə də təklif edilib. Həmin şəxs isə ərazinin qanuni sahibinin olduğunu öyrəndikdə Vilyam Hacıyevə çox ağır sözlər söyləyib». Yən məlum olub ki, Vilyam Hacıyev pulunu mənimsədiyi sahibkarı Bəylər Əyyubovla üz-üzə qoyub, onu bu yolla zərərsizləşdirməyi düşünürmüş.


Geri qayıt