Əsas Səhifə > Güney Press, Araşdırma > BEYLƏQANDA ŞİKAYƏTÇİ DİNLƏYƏN YOXDUR

BEYLƏQANDA ŞİKAYƏTÇİ DİNLƏYƏN YOXDUR


26-11-2012, 08:55
BEYLƏQANDA ŞİKAYƏTÇİ DİNLƏYƏN YOXDUR
ƏLİL AİLƏSİ NARAZILIQ EDİR

Son zamanlar redaksiyamıza daxil olan məktublar sırasında Aran bölgəsi ilə bağlı şikayətlər əksəriyyət təşkil edir. Şikayətçilər tərəfindən ünvanlanan məktublarda istər yerli hüquq-mühafizə, istərsə də yerli icra hakimiyyətinin problemlərə biganəliyi qeyd olunur. Ötən gün aran rayonlarından biri olan Beyləqandan Tia.az-a ünvanlanan məktubun araşdırılması zamanı yuxarıda qeyd etdiyimiz kimi, icra orqanlarında çalışanların vətəndaşlara qarşı biganəliyi ilə bir daha qarşılaşmalı oldu.

Əvvəl qeyd edək ki, Beyləqan rayon sakini 2-ci qrup əlil Mahirə Rüstəmova redaksiyamıza ünvanladığı məktubda qeyd edir ki, yaşadıqları ev yararsız vəziyyətə düşdüyündən təhlükə qarşısında qalıblar. Üç uşaq anası olduğunu yazan M.Rüstəmova aidiyyəti qurumların biganəliyindən və səhlənkarlığından şikayətləndiyini deyir. Onun sözlərinə görə, yaşadığı evin yararsız vəziyyyətə düşməsinə səbəb aran bölgəsinə yağan aramsız yağışlar səbəb olub: “Üç uşaq böyüdürəm. Onlara nəvaziş göstərmək çox çətindir. Atam Allahverdi Rüstəmov sağ olanda dövlətin yardımları hesabına birtəhər dolanırdıq. Yardım verilməsinə səbəb isə atamın Böyük Vətən müharibəsində iştirak etməsi idi. 2005-ci il 27 aprel tarixində cənab prezidentin sərəncamı ilə atam yubiley medalı ilə təltif olundu. Xəstəlikdən əziyyət çəkən atam 2007-ci il də dünyasını dəyişdi. Bundan sonra bizim ailəyə heç bir yerdən kömək göstərilmədi. Hazırda yaşadığım çiy kərpicdən olan ev 1930-cu ildə tikildiyindən artıq yararsız hala düşüb. Qeyd edim ki, 2010-cu ildə aramsız yağan yağışlar nəticəsində 2 otaqdan ibarət olan evimiz tam yararsız hala düşüb. Artıq ev çökmüş vəziyyətdədir. Yağış yağan zaman isə gecəni qonşuların evində keçirməli oluruq. Yaşadığımız evin yararsız və son dərəcə təhlükəli vəziyyətdə olması ilə bağlı müvafiq qurumlara məktub vasitəsilə müraciət etmişik. Müraciətimiz demək olar ki, bütün güc strukturlarına və rəsmi ünvanlara ünvanlanıb. Göndərdiyimiz məktublara cavab gəldi, lakin yerli məmurlar tapşırığı yerinə yetirməkdən boyun qaçırdılar. Yaşadığım rayonun bir tərəfinin cəbhə bölgəsi olmağı, digər tərəfdən Beyləqan rayon məmurlarının vətəndaşların heysiyyati ilə oynaması rayon sakinlərini və 2-ci qrup əlil olaraq mənə pis təsir edir. Rayon rəhbərliyi yaşadığım təhlükəli evin bərpa edilməsi ilə bağlı iş görmür. Sizdən yaşadığım vəziyyətlə bağlı məlumat yaymağınızı xahiş edirəm”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt