Əsas Səhifə > Sosial, Manşet > ZAQATALA CAMAATI ALLAHIN ÜMİDİNƏ BURAXILDI

ZAQATALA CAMAATI ALLAHIN ÜMİDİNƏ BURAXILDI


27-11-2012, 09:11
ZAQATALA CAMAATI ALLAHIN ÜMİDİNƏ BURAXILDI
ZƏLZƏLƏDƏN ZƏRƏR GÖRƏNLƏR BU QIŞI DA ÇÖLDƏ QALMALI OLACAQLAR

DİA.AZ: - Zəlzələdən sonra Zaqatalada yaranmış acınacaqlı vəziyyət davam edir və getdikcə qeyd olunan bölgədə sakinlərin yaşayış durumu daha da ağırlaşır. Bu barədə gozetci.az portalına Şəki Vətəndaş Şurasından məlumat verilib. Məlumatda bildirilir ki, adıçəkilən şuranın üzvləri vəziyyətlə yerindəcə tanış olmaq üçün Zaqatalanın Aşağı Çardaxlar, Danaçı, Aşağı Tala, Muxax, Mamrux və Çobankol kəndlərində olublar.

DİA.AZ bildirir ki, şura üzvlərinin verdiyi məlumata görə, qeyd olunan kəndlərdən yalnız Danaçı kəndində hazır evləri görüblər, digər kəndlərdə isə evlərin tikintisi başa çatmayıb: "Bu səbəbdən də sakinlər çadırlarda, yardımçı binalarda, tövlələrdə yaşayırlar", - deyə şuranın məlumatında bildirilir.

Gözbarax kənd sakini Gülzar Həsənova şuranın üzvləri ilə söhbət zamanı deyib ki, onun yaşadığı ev də zəlzələ zamanı dağılıb. O, evinin hələ də tikilib başa çatdırılmadığı üçün aidiyyəti dövlət qurumlarından şikayətlənib. G.Həsənova deyib ki, buna səbəb tikinti materiallarının vaxtında çatdırılmaması ilə yanaşı dövlət qurumlarının sakinlərə qarşı ayrıseçkilik etməsidir: "Gülzar Həsənova təbii fəlakətlə bağlı yaradılan qərargaha da şikayətə edib. Materiallar vaxtında çatdırılmadığı üçün Kürdəmirdən və digər rayonlardan ora gələn fəhlələr də yığışıb gediblər. Onlar bildiriblər ki, iş olmadığı üçün boş-bekar orada dayanmağın mənası yoxdur",- deyə şuranın məlumatında qeyd edilir.

Aşağı Çardaxlar kənd sakini Akif Şabanov isə şura üzvləri ilə söhbətdə bunları deyib: "Yayda həyətdəki talvarın altda yaşadıq, amma indi soyuqlar düşüb deyə 78 yaşlı anamı, 2 azyaşlı körpəmi və həyat yoldaşımı qardaşımgilin həyətindəki yardımçı binada yerləşdirmişəm. Özüm isə burada qalıram, həyətdəki tikinti materiallarının keşiyini çəkirəm".

Aşağı Tala kənd sakini Bəxtiyar Əmirxanov havaların soyuması ilə əlaqədar vəziyyətin çətinləşdiyini bildirib: "Ailəmiz 3 nəfərdən ibarətdir. Onlarla birlikdə həyətdə sökülmüş evin materiallarından tikdiyimiz müvəqqəti sığınacaqda yer düzəldib yaşayırıq. Daim soyuq və rütubət olan bu sığınacaqda yaşamaq getdikcə çətinləşir. Bir azdan burada da yaşamaq mümkün olmayacaq".

Digər sakinlər də şura üzvləri ilə söhbət zamanı vəziyyətlərinin ağır olduğunu və aidiyyəti dövlət qurumlarının yetərincə iş görmədiklərini söyləyiblər. Sakinlər onu da bildiriblər ki, deyilənlərə görə bölgədə zəlzələ zamanı uçmuş evlərin tikintisi və təmiri mart ayına qədər dayandırılıb. Bu isə sakinlərin qışı evsiz keçirməyi deməkdir. Sakinlər isə aidiyyəti dövlət qurumlarının məsuliyyətsizliyindən narazılıq edilər.

Qeyd edək ki, “Kür” Vətəndaş Qərargahı cümə günü keçirdiyi mətbuat konfransında bu ilin yayında baş vermiş zələzlə bölgəsindəki duruma dair hesabatı açıqlayıb və orada bir sıra korrupsiya hallarının baş verdiyini müəyyən edib.

Yazı ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyini də öyrənməyə hazırıq.

Geri qayıt