Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MUSA MUSAYEVDƏN ŞOK AÇIQLAMALAR

MUSA MUSAYEVDƏN ŞOK AÇIQLAMALAR


29-11-2012, 09:44
MUSA MUSAYEVDƏN ŞOK AÇIQLAMALAR
Musa Musayev: “Cavab versinlər ki, İlham Əliyevin namizəd olması ilə bağlı niyə birmənalı mövqe sərgiləmirlər”

““Milyaderlər İttifaqı” ilə bağlı söhbətlərə noqtə qoyulmalıdır”


Prezident seçkiləri yaxınlaşsa da hakimiyyət və müxalifət düşərgəsində prezidentliyə namizədin elan edilməməsi ətrafında müzakirələr gündəmdən düşmür. Maraqlıdır ki, müxalifətlə yanaşı hakimiyyət düşərgəsində də prezidentliyə namizədlə bağlı yekdil qərarın olmadığı görüntüsü var. Hakimiyyətin İlham Əliyevdən başqa namizədinin olacağına dair mediada yazılanlar isə hakim düşərgə tərəfindən təkzib edilmir.

YAP Siyasi Şurasının üzvü Musa Musayev Moderator.az-a müsahibəsində bu və ya digər məsələlərlə bağlı suallara cavab verib. Qeyd edək ki, hakim partiyanın qurulmasında və Heydər Əliyevin hakimiyyətə gəlişində xidməti olan şəxslərdən biri olan Musa Musayev maraqlı açıqlamaları ilə həmişə digər YAP-çılardan fərqlənib.

- Musa müəllim, deyəsən YAP-in sizə qoyduğu embarqo götürülüb. Uzun fasilədən sonra hakim partiyanın 20 illiyi ilə bağlı tədbirlərə qatıldınız.

- Bəli, təəssüf ki, belə bir halla qarşılaşmışdım. Amma artıq bu geridə qaldı. Partiyamızın 20 illiyi ilə bağlı keçirilən tədbirlərə dəvət aldım. Mən YAP Siyasi Şurasının üzvüyəm. Hamı bilir ki, YAP-ın yaranmasında hansı rolum olub. Bu gün vəzifədə olmasam da bəziləri kimi partiyama qarşı mövqeyimdə dəyişiklik olmayıb. Mən əqidəmdən dönən adam deyiləm. Harada olmağımdan asılı olmayaraq, YAP-a və onun sədri İlham Əliyevə sadiqəm.

- - Hazırda nə işlə məşğulsunuz? Uzun zaman işsiz qalmaqdan bezmədinizmi?

- Düzdür, işləmirəm. Amma gündəlik medianı izləyirəm. Siyasi proseslərlə maraqlanıram. Qarşıdan prezident seçkiləri gəlir, YAP Siyasi Şurasının üzvü kimi bu seçkilərdə partiyamızın sədri İlham Əliyevin qələbəsi üçün əlimdən gələni edəcəyəm. Mən hər bir seçkidə namizədimizin qələbə qazanması üçün üzərimə düşən vəzifəni həyata keçirmişəm. Bu dəfə də belə olacaq.

- - Yeri gəlmişkən, YAP-ın prezident seçkilərində namizədinin kimliyi ilə bağlı suallar səslənir. Hətta hakim partiyanı təmsil edən bəzi insanlar bu suallara birmənalı cavab verə bilmirlər. Siz YAP-da İlham Əliyevdən başqa namizəd kimi görürsünüz?

- - Sizin dediyiniz bu mənzərəni mən də müşahidə edirəm. Dogrusu, bəzi YAP-çıların prezidentliyə namizədimizlə bağlı tərəddüdlü mövqeləri məni təəccübləndirir. Bir faktı sizə xatirlatmaq istəyirəm. 2002-ci ildə mən millət vəkili olduğum zaman parlament tribunasından Heydər Əliyevin namizəd olacağını dedim. Onu da bildirdim ki, Heydər Əliyevi əvəz edəcək şəxs onun oğlu İlham Əliyevdir. O zaman mərhum prezidentimiz xəstəliyi ilə əlaqdər olaraq, namizədliyini geri götürdü və İlham Əliyev namizədimiz oldu. Bu gün isə mən birmənalı deyirəm ki, İlham Əliyev YAP-ın namizədi olacaq. İlham Əliyevin prezident seçilməsi üçün mənəvi haqqı var. Onun rəhbərliyi dönəmində Azərbaycanda ciddi uğurlara nail olmuşuq.

- Sizcə İlham Əliyevin namizədliyi ilə bağlı tərəddüdlər nədən irəli gəlir?

- Bunu o insanlardan soruşsanız daha yaxşı olar. Cavab versinlər ki, İlham Əliyevin namizəd olması ilə bağlı niyə birmənalı mövqelər sərgiləmirlər.

- Azərbaycanda seçkilərin nəticələrinin müəyyən olunmasında Rusiyanın rolu danılmazdır. Son zamanlar isə “Milyaderler İttifaqı”nın timsalında Rusiya ilə münasibətlərin soyuması halları müşahidə edilir. Bəlkə YAP-ın tərəddüdlü mövqeyi bundan irəli gəlir?

- Mən sizinlə qətiyyən razı deyiləm. Azərbaycanda seçkilərin taleyini nə Rusiya, nə də Amerika həll edir. Seçkilərin nəticələri xalqın iradəsini əks etdirir. “Milyaderlər İttifaqi” barədə çox danışılır. O insanlar Azərbaycan vətəndaşı deyillər. Nə də onların hakimiyyətə gəlmək planları var. Orada yeganə vətəndaş Abbas Abbasovdur. Ona qarşı da müəyyən çıxışlar var. O Heydər Əliyevin rəhbərliyi altında uzun zaman çalışıb. Cənab Prezidentlə də işləyib. Könüllü olaraq, işindən gedib və prezident tərəfindən dəyərləndirilib. Hesab edirəm ki, o insanlarla bağlı söhbətlərə nöqtə qoymaq lazımdır. Azərbaycanda Rusiyanın əli ilə hakimiyyətə gələnləri görmüşük. Xalqa bağlı olmayan hakimiyyətlər uzunömürlü ola bilməz. Vəzirov və Mütəllibovun hakimiyyətini xatırlayın. AXC-Musavat cütlüyü də top-tüfənglə gəldiyi kimi top-tüfənglə də getdi. Surət Hüseynovun qarşısından qaçdılar. AXC-Müsavat hakimiyyətinin bəyləri Heydər Əliyevə yalvarıb, onu hakimiyyətə dəvət etdilər.

Geri qayıt