Əsas Səhifə > Güney Press, Araşdırma > bp-YƏ QARŞI NÖVBƏTİ HÜCUM

bp-YƏ QARŞI NÖVBƏTİ HÜCUM


29-11-2012, 09:58
bp-YƏ QARŞI NÖVBƏTİ HÜCUM
BUNUN ARXASINDA NƏLƏR VƏ YA KİMLƏR DURUR?

“Sifarişlə çirkli siyasi piar, və ya, BP Azərbaycanda neft konsorsiumunda operatorluqdan məhrum ediləcəkmi?” adlı anonim məqalə çərşənbə günü hökumətyönlü 1news.az saytında yerləşdirilib.

Məqalədə bu yaxınlarda Britaniya mətbuatında (Daily Mail və İndependent) Azərbaycan haqqında yayılan tənqidi məqalələrdən bəhs edilir. Məqalə müəllifi bu tənqidin səbəbini “Azərbaycandakı öhdəliklərinə səhlənkar yanaşan” BP ətrafında baş verən son hadisələrlə əlaqələndirir.

Bu zaman prezident İlham Əliyevin bu yaxınlarda “Azəri” və “Çıraq” yataqlarında neft hasilatının azalması ilə nəticələnən səhvlərə görə BP-ni tənqidə məruz qoyduğunu xatırladır.

“Bir ay geridə qaldı. Sonda nə əldə etdik? Vəziyyəti düzəltmək vədləri, BP-nin Azərbaycan ofisində müəyyən kadr dəyşiklikləri və ... Britaniya KİV səhifələrində başlayan iyrənc, açıq-aşkar anti-Azərbaycan kampaniyası”, deyə məqalədə bildirilir.

Daha doğrusu, yuxarıda adı çəkilən qəzetlərdə Azərbaycan haqqında tənqidi məqalələrdə BP-nin əli olduğu qeyd edilir.

Sübut kimi müəllif BP-nin tarixinə, Yaxın Şərqdə fəaliyyətinə nəzər salır. Bu ölkələrdə Britaniya şirkəti dəfələrlə işlədiyi ölkələrin hakimiyyətlərinə siyasi təzyiqlərə əl atıb.

Belə ki, 1950-ci illərdə İran hökumətinin neft sənayesini milliləşdirməsi faktiki olaraq Böyük Britaniya və İran arasında diplomatik münasibətlərin pozulmasına, habelə Britaniya tərəfin İrana qarşı sanksiyalar təşəbbüsü irəli sürmək cəhdlərinə səbəb oldu.

“Nəticədə 1953-cü ilin avqustunda Amerika xüsusi xidmətləri Britaniya şirkətinin köməyi ilə İranda çevriliş təşkil etdilər, bunun nəticəsində İranın baş naziri Mosaddık devrildi, britaniyalılar isə İran iqtisadiyyatına təsiri özünə qaytardı”, deyə məqalədə qeyd edilir.

20-ci yüzilliyin sonlarına doğru British Petroleum dəfələrlə böyük qalmaqalların mərkəzində oldu. Lakin uğursuzluğa məruz qalan zəhərli zibili dənizdə batırmaq cəhdləri, habelə digər nəhəng şirkətlərlə kimyəvi məhsulların təsbit edilmiş qiymətlərini müəyyən etmək üçün sövdələşmək cəhdləri daha çox məşhurlaşdı.

Bundan başqa, 90-cı illərdə British Petroleum insan hüquqlarının pozulmasına görə fəal tənqidlərə məruz qalıb: Latın Amerikası ölkələrində öz biznesini üsyançılardan qorumaq üçün şirkət faktiki olaraq öz ordusunu yaradıb və hakimiyyətin müxalifətə yönəlmiş repressiyalarını dəstəkləyib.

“Bu fonda Azərbaycan əleyhinə sifarişli çirkin “piar kampaniyası” tamamilə sadəlövhlükdür”, deyə məqalədə qeyd edilir.

Məqalənin sonunda adı açıqlanmaya müəllif Azərbaycan hakimiyyətinin “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi üzrə konsorsiumda BP-nin operator qismində başqa şirkətlə əvəz olunmasını müzakirə etdiyini bildirir.

Daha sonra müəllif bildirir ki, Bakı Cənub-Şərqi Asiya və Sakit Okean regionu ölkələri ilə getdikcə daha sıx əlaqələr qurur. “Şərqi Asiya pələngləri” modeli dərin böhran yaşayan “qərb üslubundan” daha çox qəbul edilə bilən model ola bilər.

Turan agentliyi dəfələrlə BP-dən bu məsələ ilə bağlı şərh almağa çalışıb. Lakin şirkətin ictimai əlaqələr şöbəsindən əvvəlcə məqalə haqqında məlumatları olmadıqlarını bildiriblər. Daha sonra hələ oxuduqlarını deyiblər. Bir müddət sonra özləri zəng edəcəklərini bildiriblər. Amma iş gününün sonuna qədər hələ də zəng etmədilər.

Geri qayıt