Əsas Səhifə > Sosial, Manşet > ARTIQ NAZİR OĞLU AYI KABABINI RAHAT YEYƏ BİLƏR

ARTIQ NAZİR OĞLU AYI KABABINI RAHAT YEYƏ BİLƏR


29-11-2012, 10:15
ARTIQ NAZİR OĞLU AYI KABABINI RAHAT YEYƏ BİLƏR
ANAR MƏMMƏDOVDAN DAHA BİR QƏZET ÜZR İSTƏDİ: SIRA İNDİ KİMDƏDİR?

DİA.AZ: - Bir müddət əvvəl «Azadlıq» qəzeti bank hesabına qoyulan qadağanı aradan qaldırmaq məqsədilə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan üzr istəmə kimi çətin bir qərarı verdi. Əslində, qərarın çətinliyi sonradan sözügedən redaksiyanın üzərinə edilən hücumlardan da aydın şəkildə hiss olunmaqda idi. Hər halda, dəfələrlə yaranmış gərgin situasiyalarda hətta dövlət başçısından belə üzr istəməkdən vaz keçən bir qəzetin 4 min manata görə, bu addımı atması bir çox çevrələrin əlinə vazkeçilməz fürsəti vermiş kimi idi.

Xatırladaq ki, «ZQAN» Holdinqin Driektorlar Şurasının sədri Anar Məmmədov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinə qarşı həmin mətbu orqanların nazir oğlunun ayı kababı yeməsindən bəhs edən materialı səhifələrinə yerləşdirməsi səbəbindən məhkəmə iddiası qaldırmışdı. Və təbii ki, «ədalətli məhkəmə istintaqı» qəzetlərin cərimələnməsilə müşaiyət olundu. Onu da bildirək ki, «Azadlıq» qəzetinin üzr istəməsi faktına olduqca aqressiv reaksiya verən «Yeni Müsavt» redaksiyası hətta açıqlama yayaraq bəyan etdi ki, onların nazir oğlundan üzr istəmə kimi niyyətləri yoxdur. Çalışıb pulu ödəyəcəklər…

Bu arada isə başqa bir redaksiyanın da nazir oğlundan üzr istəməsi xəbəri yayıldı. DİA.AZ bildirir ki, bu dəfə Anar Məmmədovdan üzrxahlıq edən «Gündəm Xəbər» qəzeti oldu. Hər halda, bu gün ölkənin üçüncü nüfuzlu qəzeti hesab olunan «Gündəm Xəbər»in nədən bu qərarı verməsi də anlaşılandır. Neçə müddətdir ki, qəzetin təsisçisinə qarşı cinayət məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb, qəzetə qarşı absurd vergidənyayınma ittihamı mövcuddur və ümumiyyətlə, «Gündəm Xəbər» bir çox çevrələrin basqı və təzyiqləri altındadır. Və anlaşılır ki, qəzet redaksiyası bu arada boğulmaması, nəfəs ala bilməsi üçün «Azadlıq» qəzetinin verdiyi qərardan ruh alıb, eyni addımı atmaq qərarına gəlib.

Bildirək ki, Anar Məmmədovun mətbuata qarşı bu tərzdə hücumları artıq onun adının beynəlxalq təşkilatların qara siyahılarını bəzəməsilə müşaiyət olunmaqdadır. Hətta nazir oğlunun ABŞ-da bahalı simalara bahalı süfrələr açması da hansısa formada müsbət effekt verməyəcək. Çünki yadda qalanı hansısa süfrədəki ləziz təamlar yox, yazılanlardır. Yazılanlar isə Anar Məmmədovun əleyhinədir. Və bu gün hətta iki qəzetin nazir oğlundan üzr istəməsi fonunda belə Anar Məmmədov müsbət mənada heç bir divident əldə edə bilməyib. Yəni üzr istəyənlərin xəncərinin qaşı düşmədiyi kimi, Anar Məmmədovun da döşünə əlavə bir medal asılmadı bu prosesdə. Hətta rahat-rahat gedib ayı kababı yemə fürsəti əldə etməsi belə onun bir daha ciddi bir fiqur kimi ortaya çıxmayacağı haqda oturuşmuş qənaətləri dağıda bilməz. Bəli, bu faktdır. Anar Məmmədov qəzetləri «sındırmaq» cəhdi ilə özünün gələcək karyerasını cilik-cilik etdi. İndi ona böyük ümidlər bəsləyən nazir atası yenidən kisəsinin ağzını açmalı və övladının artıq zədə görmüş reputasiyasını çirkli pullar hesabına çirkdən azad etməlidir. Başqa bir yolu qalmayıb…

Geri qayıt