Əsas Səhifə > Hadisə > AZƏRBAYCANIN NATO ALVERİ

AZƏRBAYCANIN NATO ALVERİ


13-11-2011, 15:14
AZƏRBAYCANIN NATO ALVERİ

NƏDƏN RƏSMİ BAKI TİFLİS QƏDƏR İSRARLI DEYİL?

Cənubi Qafqazda bu həftənin ən önəmli hadisəsi sırasında NATO baş katibi Anders Foq Rasmussenin Gürcüstana rəsmi səfərini qeyd etmək olar. Bu səfər NATO-nun qapılarının Gürcüstanın üzünə qapanmadığını göstərdi. Rasmussen üzvlüklə bağlı konkret tarix söyləməsə də, Tiflisdə «Gürcüstan NATO-ya üzv olacaq» fikrini xüsusi vurğuladı. Bəs Azərbaycan? Rəsmi Bakı nədən NATO yolunda Tiflis qədər fəal deyil?

GÜRCÜSTAN İRƏLİDƏDİR...

2008-ci ildəki Rusiya-Gürcüstan savaşı Tiflisin NATO-ya üzvlük istəklərini bir qədər arxa plana keçirmişdi. ABŞ-ın dəstəyinə baxmayaraq, Fransa və Almaniya Gürcüstan və Ukraynanın NATO üzvlüyü üçün tarix verilməsinin erkən olduğunu vurğuladılar. Ancaq NATO yalnız Fransa və Almaniyadan ibarət deyil. Əlbəttə, Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməməsi NATO yolunda ən böyük əngəldir və Kreml də məhz bu kartdan istifadə edərək, Abxaziya və Cənubi Osetiya separatçılarına hər cür dəstək verir. Buna baxmayaraq, Brüssel Rusiyanın bu süni maneəsi ilə sonsuzadək hesablaşmaq fikrində deyil. Elə Rasmussen də Tiflisdəki açıqlamasında, Rusiyaya işarə edərək, «NATO üzvü olmayan ölkə qurumun genişləndirilməsi prosesini əngəlləyə bilməz» ifadəsini işlədib. Rasmussenlə görüşdən məmnun ayrılan Gürcüstan Parlamentinin spikeri David Bakradze də ölkəsinin NATO üzvlüyünə həmişəkindən çox yaxın olduğunu söyləyib.

Tiflis 3 il bundan öncə NATO-nun Buxarest sammitindən nəticəsiz ayrılmışdı. Həmin sammitdə Gürcüstana üzvlük tarixi verilmədi. NATO-nun növbəti sammiti Çikaqoda keçiriləcək. Rasmussenin səfərindən sonra Gürcüstan hakimiyyətinin Çikaqo sammitinə ümidi artıb. Həqiqətən Gürcüstan NATO-ya üzv olmaq üçün üzərinə götürdüyü bütün öhədlikləri yerinə yetirməyə çalışır, orduda gərəkli islahatlar aparır, Şimali Atlantika Blokunun standartlarını tətbiq edir, Fərdi Tərəfdaşlıq Proqramını uğurla həyata keçirir və s. Ancaq NATO bununla kifayətlənmək fikrində deyil. Rasmussen Gürcüstanda 2012-ci il parlament və 2013-cü il prezident seçkilərini diqqətlə izləyəcəklərini vurğulayıb. Yəni Gürcüstanın NATO-ya üzvlüyü məsələsində bu ölkədəki siyasi və iqtisadi islahatların sürəti və dərinliyi də nəzərə alınacaq.

...ARDINCA AZƏRBAYCAN GƏLİR

Gürcüstan NATO yolunda böyük addımlarla irəliləyərkən, Azərbaycan yerində sayır. Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq Proqramını bir neçə dəfə təkrarlayıb. Halbuki, yeni mərhələyə keçmək lazım idi. Bir işi iki dəfə görməyin nə əhəmiyyəti var? Rəsmi Bakı sanki bununla sadəcə vaxtı uzatmağa çalışır. NATO rəhbərliyində əməkdaşlığın hazırki vəziyyəti ilə bağlı narahatlıq var. Təsadüfi deyil ki, NATO rəhbərliyinin dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev yaxınlarda Brüsselə səfər etməlidir. Bu səfər Azərbaycaycan-NATO əməkdaşlığının növbəti mərhələsinə aydınlıq gətirməlidir.

Rəsmi Bakı NATO ilə münasibətlərdə hələ də Rusiya amilini nəzərə alır. Ancaq bu siyasəti qeyri-müəyyən vaxtadək uzatmaq çətin olacaq. Birincisi, Avropa Birliyi NABUCCO və Transxəzər layihələrini hərəkətə gətirmək istəyir. Rəsmi Bakı yaxın günlərdə bu layihələrə konkret münasibət bildirməlidir. Rusiya və İran bu iki layihənin əleyhinə olduğundan Azərbaycana təzyiqlərini artırıblar. Rəsmi Bakının bu təzyiqləri nəzərə alaraq Azərbaycana iqtisadi və siyasi mənfəət gətirəcək layihələrdən imtina etməsi yanlış olardı. Bu layihələrə yaşıl işığın yandırılması isə Azərbaycanın Avropa ilə təhlükəsizlik bağlarının gücləndiriməsini diqtə edir. Demək elə tək bu səbəbdən Azərbaycanın NATO ilə inteqrasiyanı gücləndirməsi vacibdir. İkincisi, Gürcüstanın yaxın gələcəkdə NATO üzvlüyü dəqiqləşərsə, bu Azərbaycan üçün də müəyyən katalizator rolunu oynaya bilər. Azərbaycanın yaxın ətrafda iki strateji müttəfiqi var, biri Türkiyə, digəri Gürcüstandır. Türkiyənin ardından Gürcüstan da NATO-ya üzv olarsa, Azərbaycanın Şimali Atlantika Blokuna üzv olmaqdan başqa alternativi qalmayacaq.

Elxan ŞAHİNOĞLU


Geri qayıt