Əsas Səhifə > Güney Press, Araşdırma > KEÇMİŞ DEPUTAT OLİQARXLARDAN DANIŞDI

KEÇMİŞ DEPUTAT OLİQARXLARDAN DANIŞDI


29-11-2012, 12:36
KEÇMİŞ DEPUTAT OLİQARXLARDAN DANIŞDI
CƏMİL HƏSƏNLİNİN ÖZ YANAŞMASI VAR

Professor, Ziyalılar Forumunun üzvü Cəmil Həsənlinin AzNews.az-a müsahibəsi

- Cəmiyyətimizdə bir sıra ciddi problemlərin olduğunu və bundan çıxış yolunu hansı düşərgədə olmasından asılı olmayaraq, birgə müzakirədə görən Ziyalılar Forumunun çağırışları niyə birmənalı qarşılanmır?

- Bizim indiyə kimi fəaliyyətimizin mahiyyəti hamıya məlumdur. Sonuncu bəyanatımızda da bir daha ölkədəki hazırkı durumun təhlili əksini tapıb və bir sıra məsələlər irəli sürülüb. Bu mənada ona verilən reaksiya da təbiidir. Bundan razı qalan da, ona etiraz edənlər də olacaq və şübhəsiz ki, hakimiyyət dairələri ondan narazılıq edəcəklər.

- Hakimiyyətə yaxınlığı ilə seçilən imkanlı Moskva azərbaycanlılarının yaratdığı təşkilatı niyə bu qədər narahatlıq yaratdı? Bir halda ki, orda azərbaycanlıların hüquqlarının qorunmasından söhbət gedirdisə...

- Bunun cavabını ən yaxşı ittifaqın üzvləri və bir də onu birmənalı qarşılamayan hakimiyyət verə bilər. Mənim üçün onu şərh etmək çətindir.

- Sizin bu quruma münasibətinizin necə olduğunu bilmək maraqlı olardı...

- Mənim bu quruma münasibətim çox normaldır. Mən orda narahatlıq doğuran heç bir səbəb də görmürəm. Bu adamlar Rusiya vətəndaşlarıdır və öz ölkələrinin qanunvericiliyinə uyğun bir təşkilat formalaşdırıblar. Azərbaycanlı olan bu insanlar da Rusiyada yaşayan təxminən iki milyona yaxın azərbaycanlının vəziyyətinin fərqindədirlər. Rusiyada yaşayan iki milyona yaxın soydaşımız bütövlükdə Azərbaycan əhalisinin təxminən 20, iş qabiliyyətli əhalisinin isə 50 faizi deməkdir. Burada onların hüquqlarını qoruyan, təşkilatlandıran belə bir qurumun yaradılması tamamilə məqsədəuyğun və başadüşüləndir.

- Bəs indiyə kimi bu problemlər niyə görülmürdü, niyə məhz uzun illərdən sonra bu insanlar başa düşdülər ki, azərbaycanlılara kömək etmək lazımdır?

- Çünki bu adamların bir neçəsini çıxmaqla əksəriyyəti Rusiya Azərbaycanlıları Konqresində təmsil olunurdular. Həmin təşkilatın da vitse-prezidentləri idilər. İki il əvvəl bu insanları vitse-prezidentlikdən çıxarıldılar və nə üçün çıxardıqlarının da izahını vermədilər. Halbuki həmin Konqresi bu adamlar maliyyələşdirirdilər və bu qurumun bütün yükü də onların çiyinlərində idi. Konqresin vitse-prezidentliyindən uzaqlaşdırıldıqlarına görə də onlar özləri yeni bir təşkilat yaratdılar. Moskvada Müslüm Moqamayevə heykəlin qoyulması, 70 illiyinin ən yüksək səviyyədə, təntənəli binada keçirilməsi prosesini Araz Ağalarov həyata keçirdi. O, bunun üçün nə mümkündürsə hamısını etdi.

- Bunu hakimiyyətin atdığı addıma adekvat hesab etmək olarmı?

- Burada hakimiyyəti narahat edən bir məsələ var. Bu da ondan ibarətdir ki, həmin adamlar hakimiyyətlə razılaşmadan, məsləhətləşmədən belə bir addım atıblar. Bundan başqa hansısa bir ayrı səbəb də yoxdur.

- Necə düşünürsünüz, istənilən bir ölkədə Azərbaycanın və azərbaycanlıların maraqları baxımından hansısa adda bir təşkilat, birlik yaratmaq zərurəti yaranırsa, hökmən dövlət rəsmilərindən razılıq alınmalıdır?

- Normal halda götürsək xeyir. Amma bizim hakimiyyətin xarakterini nəzərə alsaq, bəli. Bu tamamilə qanunauyğun bir haldır və bu insanların hamısı hakimiyyətə bu və ya digər dərəcədə yaxındırlar. Rüstəm İbrahimbəyov istisna olmaqla. Sadəcə olaraq hakimiyyət onun narahatlığını keçirir ki, niyə onlar hakimiyyətdən xəbərsiz təşkilat yaradıblar.

- Burda Rusiya nə dərəcədə maraqlı ola bilər?

- Hesab edirəm ki, burda Rusiyanın elə də ciddi marağı yoxdur.
Rusiyanın hansısa marağı olsaydı, bu bir qədər fərqli formada cərəyan edərdi. Sözügedən qurumda olanlar isə hakimiyyətdə olmuş, hakimiyyətə yaxın və kifayət qədər zəngin insanlardır. Ona görə də düşünürəm ki, onlar Azərbaycan hakimiyyəti ilə məsləhətləşmədikləri kimi, Rusiya hakimiyyəti ilə də məsləhətləşməyiblər.

- Bəs bu formatın 2013-cü il prezident seçkilərinə hazırlıq üçün ortaya çıxarılması ehtimalı nə dərəcədə əsaslıdır?

- Bunlar boş və mənasız söhbətlərdir. Mən belə düşünmürəm. Heç onun əlamətləri də yoxdur.

- Cəmil müəllim, kim təminat verə bilər ki, bu qüvvələr Azərbaycanda siyasi prosesləri dəyişmək iddiasında deyil?

- Bu qüvvələrin heç belə bir niyyətləri yoxdur. Onların fikirləşmədikləri və qarşılarına məqsəd qoymadıqları şeyi niyə bu adamların adlarına yazmaq lazımdır? Bu qurumun nə təşkilat strukturunda, nə proqram sənədlərində, nə indiyə kimi elan olunmuş müzakirələrində Azərbaycan hakimiyyətini narahat edəcək bir şey yoxdur.

- Qonşu Gürcüstanda baş verənləri nəzərə alanda Rusiyanın bu məsələdə maraqlı olmadığını iddia etmək nə dərəcədə düzgündür?

- Bilirsiniz, Gürcüstan Rusiyaya tamamilə düşmən olan bir ölkə idi. Gürcüstan ərazilərinin bir hissəsinin işğal olunmasında da Rusiya bilavasitə iştirak edib. Bu ölkədə etnik separatçılığı rəsmi olaraq dəstəkləyib. Separatçılığın nəticəsi kimi iki qurumu da tanıyıb. Ona görə də Saakaşvili hakimiyyətinin dəyişdirilməsi üçün Rusiya bütün mümkün vasitələrdən istifadə edib. Axı Azərbaycana münasibətdə belə bir situasiya yoxdur.

- Bəs Putinin imperiya həvəsi və onun reallaşmasında mümkün olan planlar...

- Putinin SSRİ-ni bərpa planı Azərbaycandan başlamır və heç kəsin də belə bir niyyəti yoxdur. Digər bir tərəfdən də SSRİ-nin bərpa planı da mümkün deyil. Hər hansı bir tarixi mərhələni birinci dəfə yaşayanda o tarix olur. İkinci dəfə isə o, məzhəkə olur. Bu mənada SSRİ-ni hər hansı formada bərpa etmək mümkün deyil. Yeni yaranmış Respublikalar ümumdünya proseslərinə daxil olublar. Yenidən onları SSRİ kimi bir quruma toplamaq mənasız söhbətlərdir. Bu bir qədər tarixi prosesləri düzgün qiymətləndirməməyin nəticəsidir.

- Hesab edirsiniz ki, tarixi proseslər hansısa bir adda imperiyanın bərpasına imkan verməz?

- Rusiya imperiyası artıq tarixə qovuşub. Onun yenidən təkrarlaması da mümkün deyil.

- Beynəlxalq vəziyyət buna şərait yaratmır, yoxsa burda digər məqamlar var?

- Həm beynəlxalq vəziyyət, həm daxili durum və bütövlükdə yeni qurulan Respublikalarda hakimiyyətdə olan qurumlar ona imkan yaratmır. Hakim elitalar artıq müstəqilliyin dadını görüb. SSRİ dövründə bunu duymuşdular və heç onu hiss edə bilərdilər? Ona görə də onlar bütün varlıqları ilə hansısa formada imperiyanın yaranmasının əleyhinədirlər. SSRİ tipli birlik o zaman yaranar ki, onda tərəflər hamısı buna razı olsun. Bunu isə heç kim istəməz. Əslində Rusiya özü də bunu istəməz, bunda maraqlı da deyil. SSRİ təcrübəsini bir dəfə axı yaşadılar. Hələ SSRİ dövründə bir-iki respublikanı çıxmaqla hamısı ittifaq dotasiyasına oturmuşdu. Faktiki olaraq köhnə ittifaq məkanında Pribaltika istisna olmaqla qalan respublikaların hamısının işçi qüvvəsi bu gün Rusiyada iş, çörək tapıb. Deməli, Rusiyada vəziyyət o biri Respublikaların hamısından yaxşıdır. Orta Asiya respublikalarının əhalisi Rusiyada ən aşağı işlərlə məşğul olurlar. Belə bir şəraitdə Rusiya yenidən həmin Respublikalara dotasiya verəcək? Rusiyanın köhnə sovet coğrafiyasında iqtisadi deyil, siyasi maraqları var və bu da ondan irəli gəlir ki, rəsmi Kreml bu ərazilərə özününkü kimi yanaşır. Ona görə də Rusiya Qərbin bura daxil olmasının əleyhinədir.

- Ötən əsrin əvvəlində ortaya çıxan ziyalılarla hazırda Moskvada imkanlı şəxslərin bir araya gəlməsini eyniləşdirmək mümkündürmü?

- İstənilən müqayisə qüsurludur. Bu gün Rəsulzadəni, yaxud da Topçubaşovu Azərbaycanda kimlə müqayisə etmək olar? Digər bir tərəfdən də bu insanlar pullarını Azərbaycanda deyil, Rusiyada öz işgüzarlıqları, ağılları, intellektləri ilə qazanıblar. Rusiyada yaşayan azərbaycanlıların da bir qismi onların müəssisələrində çalışırlar.

Geri qayıt