Əsas Səhifə > Partiya > “BAŞQA XALQLARA DA ÖRNƏK OLURUQ”

“BAŞQA XALQLARA DA ÖRNƏK OLURUQ”


13-11-2011, 15:45
“BAŞQA XALQLARA DA ÖRNƏK OLURUQ”

ASİF ATA OCAĞINDA “İNAM EVİ” GÜNÜ

DİA.AZ: - Noyabrın 13-də (13 Yağış ayı 33-cü il) İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində – İnam Evində «İnam Evi Günü» Mərasim –Törəni keçirilib. Bununla bağlı Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.

Tədbirdə Ocaqçılarla yanaşı, İnamçılar – tanınmış aydınlar, elm, incəsənət xadimləri, fikir adamları iştirak ediblər. Öncə İnam Evinin həyətində 6 rəmzi tonqal qalanıb. Burada Ocağın Ruhani Başçısı Safruh “İnam Evi Günü” Törəninin mahiyyətini açıqlayıb, gərəkliyini bildirib: “Bu günün mənası insanları öz yurdlarına dərin sayğılı böyütməkdir. Əgər insan və onun yurdu varsa, insan özünü insan, torpağını yurd kimi dərk edirsə, başqa yerlərdə müqəddəs ünvan axtarmamalıdır. Ülvi məkan anlamında heç bir yurd o birilərindən aşağı və yuxarı deyil. İnsanlar həyatda yaşayıb onu sevməyə və yaşatmağa böyük gərək duyurlar. İndiki zaman isə onların bu ümidini əllərindən alıb. Biz o ümidi insanlara qaytarmaq yolundayıq. Biz öz İnam Evimizi türk xalqımızın ruhani birlik və ucalıq ünvanı, müqəddəs səcdəgahı kimi yaratmaqla başqa xalqlara da örnək oluruq. Xalqlar müqəddəsliyin yalnız istehlakçıları deyil, həm də yaradıcıları olmalıdırlar.”

Sonra tədbir İnam Evinin Mərasimlər odasında davam etdirilib. Burada isə Ruhani Başçının törənə əsas sözü dinlənilib, ardınca Qalası və Bilən Atalılar Ocağa Evlad olaraq qəbul ediliblər.

Ocaq Yükümlüsü İşıqlı Atalı son aylarda görülən zəngin ruhani işlərin hesabatını verib, İnam Evinin ziyarət ünvanına çevrilməsindən danışıb.

Ocaqçılar, İnamçılar «İnam Evi – Ruhani döyüş qərargahı», «İnam Evi və məişət evi: doğmalıq, qəriblik və yadlıq» mövzularında düşüncələrini bildiriblər.

Çıxışlararası Aşıq Elvinin ifasında saz havaları dinlənilib.

Tədbir “Ata Ruhunu ürəymizdə aparırıq!”, “Atamız var olsun!” səcdələriylə başa çatıb.

Çay süfrəsində doğmalaşma söhbətləri olub.

Bildirək ki, “İnam Evi” ideyası Ocağın Ruhani Başçısı Safruhun 10 il öncə öz evini Mütləqə İnam Ocağına verməsilə yaradılıb.

İllərdir ki, Keşlədəki İnam Evi Mütləqə İnam Ocağının ilk ünvanı olmaqla həm də bu dünyabaxışın Ruhani Mərkəzidir.

Mütləqə İnam Ocağının Ruhani Başçısı, ilk gündən Ocağın qurulmasında İnam Atayla bərabər böyük zəhmətlər çəkən uca ruhaniyyatçı Safruh Atalıdır.


Geri qayıt