Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AZƏRENERJİ"DƏ ANARXİYA

"AZƏRENERJİ"DƏ ANARXİYA


4-12-2012, 08:52
"AZƏRENERJİ"DƏ ANARXİYA
ETİBAR PİRVERDİYEV QURUMU ŞƏXSİ OBYEKTİNƏ ÇEVİRİB

"Azərenerji"nin prezidenti Etibar Pirverdiyevlə bağlı maraqlı məlumatlar əldə etmişik. Bu məlumatları "AzeriNews.org"a qurumun sıravi əməkdaşları verib. Onların sözlərinə görə, Etibar Pirverdiyev "Azərenerji"ni şəxsi obyekti kimi idarə edir. "Azərenerji" prezidenti peşəkar kadrları işdən uzaqlaşdıraraq onların yerinə qohum-əqrəbaralarını vəzifəyə təyin edib. Qurumda məsul vəzifələrdə birmənalı şəkildə Etibar Pirverdiyevin yaxınları təmsil olunur. Məlumatlarda deyilir ki, "Azərenerji"də daha çox Etibar Pirverdiyevin qaynı Kərim Xammətovdan ehtiyat edirlər. Bu adam əvvəlcə Etibar Pirverdiyevlə birgə Dövlət Əmlak Komitəsində işləyiblər. O zaman Etibar Pirverdiyev, Kərim Xammətov və onun ekiz qardaşı ölkəyə elektrik kabelləri gətirməklə məşğul olub. Etibar Pirverdiyev "Azərenerji"yə prezident təyin olunandan sonra isə Kərim Xammətovu "Bakelektrikşəbəkə"nin rayon şöbələrindən birinə rəis təyin edib. Bir müddət keçəndən sonra onu "Azərenerji"yə yüksək vəzifəyə gətirib. Kərim Xammətov da qurumda "gestapo" rejimi yaradıb. Heç bir kimsə onun qorxusundan ağzını aça bilmir. Əks-təqdirdə həmin şəxs dərhal işdən qovulur.

"AzeriNews.org"a bundan başqa daxil olan məlumatlarda qeyd edilir ki, Etibar Pirverdiyev iki il əvvəl qardaşı Vüqar Pirverdiyevə qohum olan Namiq Orucov adlı şəxsi Sabirabad Paylayıcı Elektrik Şəbəkəsin rəis təyin edib. Namiq Orucov da qurumu viran qoyub. İş o yerə çatıb ki, Etibar Pirverdiyev Namiq Orucovu həmin vəzifədən çıxararaq Enerji Təchizat İdarəsinə gətirib. Lakin bir müddət keçəndən sonra onu Göyçay Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Namiq Orucov da oxşar hərəkətlərini Göyçayda davam etdirib. Özünü Etibar Pirverdiyevin xalası oğlu kimi təqdim edən bu adamın özbaşınalığı və qanunsuz əməlləri o həddə çatıb ki, Etibar Pirverdiyev yenə də onun vəzifəsini dəyişib. Etibar Pirverdiyev ipə-sapa yatmayan bu gənci gözündən uzaq qoymamaq üçün onu "Azərenerji"də şöbə rəisi təyin etməyə məcbur olub.

Məlumatlarda bildirilir ki, "Azərenerji"də vəzifələrə təyinat Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyevin məsləhəti ilə həyata keçirilir. Vüqar Pirverdiyev kimi istəyirsə, vəzifəyə təyin etdirir, kimi istəyirsə, işdən çıxartdırır. Həmçinin "Azərenerji"nin bütün transformatorları, kabelləri, ümumiyyətlə bu sahəyə aid bütün aksesuarlar Vüqar Pirverdiyevə məxsus şirkətdən alınır. Özü də bu mallar çox baha qiymətə rəsmiləşdirilir...

Etibar Pirverdiyevlə bağlı əldə etdiyimiz digər məlumatları növbəti sayımızda oxucuların diqqətinə çatdıracağıq.

Geri qayıt