Əsas Səhifə > Güney Press, Araşdırma > QƏRİB MƏMMƏDOVDAN PROKURORLUĞA ŞİKAYƏT OLUNDU

QƏRİB MƏMMƏDOVDAN PROKURORLUĞA ŞİKAYƏT OLUNDU


4-12-2012, 10:11
QƏRİB MƏMMƏDOVDAN PROKURORLUĞA ŞİKAYƏT OLUNDU
MƏRHUM ŞAİRİN AİLƏSİ HAQQINI ARAYIR

Dekabrın 3-də mərhum şair Ağa Laçınlının ailəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdan baş prokuror Zakir Qaralova şikayət edib. Şikayətdə bildirilir ki, Q.Məmmədov mərhum şairin ailəsinin zəbt olunmuş torpaq sahəsi ilə bağlı müraciətlərinə cavab vermir.

A.Laçınlının ailəsinə məxsus olan və Badamdarda yerləşən torpaq sahəsi Səbayelin keçmiş icra başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman - 1995-ci ildə anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. 2011-ci ildə sabiq icra başçısı və qardaşı Zülfüqar Məmmədov zəbt etdikləri əraziyə daş hasar çəkdirib.

Torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını peyk vasitəsilə yerində müəyyən edib dəqiq göstərmək üçün Dövlət Komitəsinin mütəxəssisi Badamdara gedib. Yerində təftişi zamanı aydınlaşıb ki, sabiq icra başçısının çəkdirdiyi daş hasarın 8,5 metri A.Laçınlının ailəsinin torpağına keçir. Məlum olub ki, bu il sentyabrın əvvəlində, məsələ mediada işıqlandırılandan sonra hasarın 2 metrə yaxını sökülüb. Hasarın 6 metr yarımdan çox hissəsi isə hələ də qalır. Oktyabrın 5-də komitənin Kadastr və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov və Bakı Regional Kadastr Mərkəzinin rəhbəri Elçin Məhərrəmli aparılan təftişlə əlaqədar A.Laçınlının ailəsinə cavab məktubu göndərib. Lakin onlar məktubda şairin ailəsinə məxsus torpağın döngə nöqtələrinin koordinatlarının yerində göstərilməsi və aşkar olunmuş qanunsuz zəbt faktını gizlədib. Buna görə də oktyabrın 9-da A.Laçınlının ailəsi yenidən Q.Məmmədova müraciət edib. Ancaq bu müraciətə ümumiyyətlə cavab gəlməyib. Baş prokurora dünən ünvanlanan şikayətdə qanunun icrasının təmin edilməsi xahiş olunub.

Geri qayıt